“Döyüş meydanından verilən bütün məlumatlar yalan idi” Movses Akobyan
Ermənistan cəmiyyətində bir çaşqınlıq olduğu çoxdandır ki, duyulmaqdadır. Sanki, ermənilər müharibənin məğlubiyyətini şok olaraq qarşılayırlar. Həm də elə bil ki, gözlənilməz xəbər kimi bununla barışa bilmirlər. Çünki, 27 sentyabr tarixindən müharibə başladığı zamandan bütün Ermənistan ictimaiyyətinə yalan olaraq müharibədə qələbə xəbərləri çatdırılıb və indi bu xəbərlərin ardınca rüsvayçı məğlubiyyət bu ictimaiyyətə şok yaşadıb.
“Silahlı Qüvvələrdə bir məlumat mərkəzi var və həmin mərkəzin vəzifələrindən biri düşməni azdırmaq, yəni yalan məlumat yaymaqdır. Bununla yanaşı yalanın reallığın 30% -dən çoxunu aşmaması kriteriyası var ki, bizim yalanımız 100% -i də aşırdı”. DİASPOR.İNFO Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi Movses Akobyan bu gün, 19 noyabr tarixində "Hayeli" klubunda keçirdiyi mətbuat konfransında deyib.
“Müharibənin 44 günü ərzində yalan ölkəmizə fayda gətirmədi, əksinə onu məhv etdi və ölkəmizi daha dərin bir böhrana saldı. 100% yalan hər kəsə zərərlidir. Biz 100% yalan danışdıq, məhz bu səbəbdən də müharibənin niyə dayandırıldığı, yalançı qalibiyyət xəbərlərinin ardınca, müharibənin dayandırılması, təslim olmaq barədə danışıqlarla əlaqədar bəzilərinin sualları ortaya çıxdı", deyə Movses Akobyan bildirib.
Görünür, Paşinyan hakimiyyəti qəbul olunan 30% yalan əvəzinə 100% yalan danışmaqla nəinki müharibəni, ümumiyyətlə bütövlükdə erməni cəmiyyətinin etibarını da itirib və uduzub.
Müəllif: İnam Hacıyev