Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı ölkədir.
Prezident İlham Əliyev: “Bu səfərlər ikitərəfli əlaqələrimizin çox möhkəm zəmində olmasını göstərir”
Azərbaycan 27 sentyabrdan sonra da bir çox mötəbər qurumlarla əməkdaşlığını genişləndirib, nüfuzunu artırıb. Bu gün torpaqlarını 30 illik əsarətdən qurtaran Azərbaycan Böyük Qələbəyə 8 noyabrda nail oldu, "Qarabağ Azərbaycandır və NİDA" deyimini təsdiq etdi. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiqdir, güclü orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti təqdir olunur. Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə bu sahədə geniş təcrübəyə malik bir dövlətdir.
Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi deyilənlərin göstəricisidir.
“Bu səfərlər ikitərəfli əlaqələrimizin çox möhkəm zəmində olmasını göstərir”
Prezidenti İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyətisiniz və bu da İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf etdiyini və siyasi əlaqələr ən yüksək səviyyədə olduğunu göstərir: “Şadam ki, siz Azərbaycana səfər edirsiniz. Müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyətisiniz. Yəqin ki, bu, təsadüfi deyil, çünki İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Hesab edirəm ki, siyasi əlaqələr ən yüksək səviyyədədir. Mənim bu ilin əvvəlində İtaliyaya etdiyim dövlət səfəri bunun bariz nümunəsidir. Səfər zamanı bir çox önəmli sənədlər imzalanmışdır. Onların arasında Çox ölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi yer tutur. Bu sənəd bizim strateji tərəfdaşlığımızı bir daha təsdiqlədi. Səfər zamanı həm Prezident, həm Baş nazirlə görüşlərim əsnasında bir çox önəmli məsələlər müzakirə olundu. Eyni zamanda, Senatın və Nümayəndələr Palatasının rəhbərləri ilə mənim görüşlərim də çox gözəl keçdi”.
Dövlət başçısı həmçinin İtaliya ölkəsi ilə bütün sahələr üzrə əlaqələrin daha geniş olacağının deyib: “İki il bundan əvvəl İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda rəsmi səfərdə idi. Bu səfərlər ikitərəfli əlaqələrimizin çox möhkəm zəmində olmasını göstərir”. Bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə çox uğurla inkişaf edir”.
“İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə çox uğurla inkişaf edir: “Bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə çox uğurla inkişaf edir. Siz də bilirsiniz ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək və şübhəsiz ki, bu, İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək. Bizim humanitar sahə ilə bağlı da böyük planlarımız var və artıq bir çox reallaşan layihələrimiz var. İtaliyaya dövlət səfərim çərçivəsində, eyni zamanda, təhsil sahəsində əməkdaşlıq müzakirə olundu”.
“İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik”
“İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra mənim tərəfimdən bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək”,-deyən dövlət başçısı bildirib ki, bu məsələ diqqətdədir: “Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək. O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu da əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir və ölkəmizdə geniş vüsət almış tikinti sektorunun əlbəttə ki, müasir görkəmi olmalıdır. Əlbəttə, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər”.
“Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub”
Prezident İlham Əliyev görüş zamanı İtaliya Deputatlar Palatasının nümayəndə heyətinin Gəncədə, Ağdamda səfərdə olduqları üçün və hər şeyin şahidi olduqları üçün təşəkkürünü bildirib və qeyd edib ki, Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır: “Mən, eyni zamanda, sizə təşəkkürümü bildirmək istəyirəm ki, siz həm Gəncəyə, həm Ağdama səfər etmisiniz, Ermənistan dövlətinin törətdiyi hərbi cinayətləri görmüsünüz. Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır. Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub”. “Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutmuşdur. Bu, hərbi cinayətdir və bu cinayətə görə Ermənistan rəhbərliyi cavab verəcək”,- deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu Ermənistan faşizminin eybəcər sifətini göstərən cinayətdir: “Müharibə zamanı 94 mülki şəxs həlak olmuşdur, 400-dən çox yaralanmışdır. Ballistik raketlərlə bu zərbə təsadüfi xarakter daşımırdı, məqsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana gecə vaxtı istiqamətləndirilmişdir ki, daha çox qurbanlar olsun. Ağdam şəhərini də gördünüz. Daha doğrusu, artıq şəhərdən bir şey qalmayıb, orada bütün binalar dağıdılıb. Bu, Ermənistan faşizminin eybəcər sifətini göstərən cinayətdir”.
Prezident İlham Əliyev onu de deyib ki, işğalçı, faşist xislətli erməni elə zənn edirdi ki, qayıtmayacağıq, ancaq biz döyüşə-döyüşə, onları diz çökdürərək torpaqlarımızdan qovduq: “Onlar hesab edirdilər ki, azərbaycanlılar bu torpaqlara heç vaxt qayıtmayacaqlar. Amma biz qayıtmışıq, döyüşə-döyüşə onları torpaqlarımızdan qovduq. Onlar bizim qabağımızda diz çökdülər”.
“İndi ölkəmizin yeni dövrü başlayır, biz bütün o bölgələri yenidən quracığıq”
“İndi ölkəmizin yeni dövrü başlayır, biz bütün o bölgələri yenidən quracağıq. Artıq ilkin addımlar atılır, ilkin infrastruktur layihələrinə start verilib”,-deyən dövlət başçısı bildirib ki, işğal olunan torpaqları viran qoyublar, qanunsuz məskunlaşma siyasəti aparıblar: “Amma demək olar ki, Ağdamda gördüyünüz mənzərə azad edilmiş bütün torpaqlarda müşahidə olunur. Füzuli şəhərində də bir dənə salamat bina qalmayıb, Cəbrayıl şəhərində də. Zəngilan, Qubadlı eyni vəziyyətdədir. Kəlbəcər və Laçın rayonlarında Ermənistan dövləti qanunsuz məskunlaşma siyasəti aparmışdır. Bu da hərbi cinayət sayılır, Cenevrə Konvensiyalarına zidd olan bir addımdır. Ona görə bu rayonlarda bəzi yaşayış məntəqələrində bəzi evlər qalıb. Orada ermənilər yaşayırdılar. Ancaq noyabrın 10-dan dekabrın 1-nə qədər - o vaxt çərçivəsində onlar bu bölgələri tərk etməli idilər - onlar orada da vəhşilik törətdilər, evləri yandırdılar, sökdülər. Halbuki o evləri onlar yox, o vaxta qədər - 30 il bundan əvvəl orada yaşamış azərbaycanlılar tikmişdilər. Meşələri yandırdılar, ağacları kəsdilər, yəni, dünyanın gözü qarşısında vəhşilik törətdilər. Beynəlxalq media qurumları da bu barədə reportajlar hazırlayıb mətbuata vermişlər. Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdır və bu vandallara qarşı təkbaşına müharibə apararaq öz ərazi bütövlüyünü bərpa etmişdir. İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq”.
“Əsl dostluq isə özünü çətin anlarda büruzə verir”
“Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik”,-deyənə Prezident bildirib ki, artıq əsl dostlar görününməkdədir: “Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Əlbəttə, bir daha demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər. Əsl dostluq isə özünü çətin anlarda büruzə verir. Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur. Bir daha xoş gəlmisiniz”.
RƏFİQƏ KAMALQIZI