Qabil Hüseynli: “Ermənistanda vətəndaş müharibəsi qaçılmazdır” MÜSAHİBƏ
Müsahibimiz politoloq Qabil Hüseynlidir
- Qabil müəllim, Ermənistan parlamentinin komitə sədri A.Koçaryan bəyan edib ki, kapitulyasiyanı qəbul edib, Azərbaycanla diplomatik əlaqələr qurub gələcəyi düşünmək lazımdır. Sizcə, Ermənistan cəmiyyəti təslimçiliyi qəbul edib, gələcəyi düşünməyə hazırdırmı?
- Ermənistan cəmiyyətində sağlam düşüncəli insanlar qabağa çıxmağa başlayıb və onlar reallıqları olduğu kimi qəbul edirlər. Paşinyan da öz xarici siyasətinin, Azərbaycanla münasibətləri bərpa edib, normal qonşuluq münasibətlərini yaratmaqdan ibarət olduğunu söyləyib. Düşünürəm ki, Ermənistan parlamentinin komitə sədrinin parlamentdə “kapitulyasiyanı qəbul edib, Azərbaycanla diplomatik əlaqələr qurub, gələcəyi düşünmək lazımdır”, deməsi çox doğru addımdır. Özündən çıxıb, atlanıb düşən və məğlubiyyətdən danışan ermənilər hansı gələcəyi düşünə bilər? Biz öz torpağımızı azad etmişik. Vaxtı ilə siz ermənilər Rusiyanın köməyi ilə torpaqlarımızı işğal edib, qətliamlar, soyqırımı aktları törətdiniz. İndi 30 ilə yaxındır ki, əsarət altında olmuş torpaqlarımızı azad etmişik. Bizim başqasının bir qarşı torpağında belə gözümüz yoxdur. İstəsəydik tarixi Azərbaycan torpaqlarını azad edərdik, buna ordumuzun gücü və qüdrəti də çatırdı, ancaq etmədik. Hazırda Ermənistanda bəzi ağıllı düşüncə sahibləri, o cümlədən parlament səviyyəsində təslimçilik qəbul edilib. Onların gələcəyi düşünmək çağırışları ilə çıxış etmələri sağlam təfəkkürün meydana çıxmasından xəbər verir.
- Sizcə, Ermənistandakı kütləvi aksiyalar nəticə etibarı ilə Paşinyanın hakimiyyətdən devrilməsinə gətirib çıxara bilərmi?
- İnanmıram ki, Ermənistanda Paşinyana qarşı yönələn aksiyalar, onun hakimiyyətdən getməsi ilə nəticələnsin. Çünki Paşinyanın hakimiyyətdən getməsi baş tutmayan bir sevdadır. Demək olar ki, artıq Paşinyanı Rusiya da qəbul edir. Yəni Paşinyana qarşı hər hansı bir hakimiyyətdən devrilmə, zor tətbiq etmə cəhdi olarsa, Rusiya müdaxilə edəcək və bununla da o hakimiyyətdə qalacaq. Ancaq ölkə daxili vəziyyət ağırlaşmaqda davam edərsə, Ermənistanda vətəndaş müharibəsi qaçılmazdır.
- Paşinyan hakimiyyətdən uzaqlaşdırılarsa, onun yerinə gələn hər hansı bir Ermənistan rəhbəri Qarabağla bağlı üçtərəfli bəyanatı dəyişməyə cəsarət edə bilərmi?
- Bu gün Ermənistanda hakimiyyətə iddialı olan insanların demək olar ki, böyük əksəriyyəti həmin üçtərəfli bəyanatı dəyişdirmək istəyənlərdir. Amma bu üçtərəfli bəyanatı dəyişdirib nə edəcəklər ki? Azərbaycan ordusunun zərbələri altında Ermənistan dövlətçiliyinə ciddi zərbələr vurulacaq. Ona görə də, məhz bu səbəbdəndir ki, həmin insanlar hakimiyyətə gəlməyəcəklər.
Müəllif: Gülyana