“Regionda tamamilə yeni bir vəziyyət yaranıb” - Stefan Viskonti
“Həmsədr ölkələr son 28 il ərzində bacardıqları qədər öz mandatını icra etməyə çalışıb. Bu mandat əsasında iki tərəf arasında məsələnin nizamlanmasına şərait yaratmalı idi”. DİASPOR.İNFO xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
“Mən Sizin tərəfdən verilən maraqlı təklifləri yüksək dəyərləndirirəm. Biz bunun üzərində çalışacağıq və tərəflərin iradəsinə uyğun olan variantı tapmağa vasitəçi olaraq çalışacağıq. Mənim hökumətim qırğına son qoyan atəşkəsi alqışlayıb. Biz noyabrın 9-dan 10-na gecən gecə əldə olunmuş razılaşmanın bütün müddəalarına çox müsbət yanaşırıq. Hadisələrin cərəyan etməsinin yeni gündəliyini qavrayırıq. Siz də qeyd etdiniz ki, regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yaranıb. Bütün qalan məsələlər üzərində Minsk qrupunun işləməsinə gəldikdə, bu, tam Sizdən asılı olacaq. Bəli, bunun üçün yaxşı zəmin var. Biz keçid mərhələsindəyik və gələcək planlar tərtib oluna bilər. Mən, əlbəttə ki, sizin indi açıq şəkildə söylədiyiniz fikirləri öz hökumətimə məruzə edəcəyəm”, - deyə S. Viskonti bildirib.