Yenə özünü lağ hədəfinə çevirdi Paşinyan
“Türkiyəyə ciddi sanksiya” açıqlaması ilə Ermənistanın baş naziri yenə də lağ obyekti, gülüş hədəfi olub. Şanlı Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsindən və Ermənistan ordusunun ağır məğlubiyyətindən sonra ölkəsində xain elan edilən baş nazir Nikol Paşinyan Yeni il mesajı yayımlayaraq, xalqa müraciət edib və o, Türkiyə məhsullarının ölkəyə idxalının altı ay qadağan edilməsi ilə bağlı açıqlamalar verib. DİASPOR.İNFO xəbər verir ki, Ermənistana məxsus mətbuat səhifələri ilə yanaşı, bu barədə Türkiyənin “Haber Global” nəşri, eləcə də digər media orqanları məlumat yayıb.
Məlumatda erməni baş nazirinin nitqi də yer alıb və birmənalı şəkildə gülüşlə qarşılanıb.
“Türkiyəyə altı ay müddətində ciddi sanksiyalar tətbiq edirik. Bu qərarımızla Türkiyə bazarı sarsılıb. Əgər Azərbaycana dəstək verməyi dayandırsalar, qərarımızı təkrar gözdən keçirərik”, deyə Paşinyan yenə də sərsəmləyib və özünü gülünc vəziyyətə qoyub.
Paşinyanın bu açıqlamaları sosial mediada da gülüşlə qarşılanıb.
Xatırladaq ki, Azərbaycan qarşısında ağır məğlubiyyətdən sonra Ermənistan hökuməti Türkiyə məhsullarının ölkəyə idxal edilməsini altı ay müddətinə yasaqlayıb. İrəvan bunu təhlükəsizlik və Türkiyənin Qarabağda baş verənlərdə rolu ilə izah edib.
Müəllif: İnam Hacıyev