Hikmət Şikarov: “SƏS”iniz daim zirvələrdən gəlsin, doğma və dəyərli səsçilər!” TƏBRİK
“SƏS” qəzeti müstəqil mətbuatımızın ilk qaranquşlarından biri kimi adını mübarizə və inkişaf, eləcə də dövlətçilik tariximizə yazması ilə yanaşı, həm də əqidə məktəbi olaraq böyük oxucu auditoriyası qarşısında əhəmiyyətli nüfuz qazanan nəşrlərimizdəndir”. Bu fikirləri DİASPOR.İNFO -ya Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qəzetin 30 illik fəaliyyəti ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, məhz Ulu Öndər Heydər Əliyevin xalqın birmənalı tələbi ilə hakimiyyətə gəlməsində müstəsna rol almış “SƏS” qəzeti Azərbaycanın müstəqilliyinin itirilməsinin qarşısının alınmasında, dövlətçiliyin təməllərinin möhkəmləndirilməsində və sonrakı quruculuq proseslərin təbliğatındakı rolu nəhəngdir: “Məhz bu baxımdan, “SƏS” qəzeti dahi Ulu Öndərimiz tərəfindən dəfələrlə yüksək qiymətləndirilmiş, onun üzərinə götürdüyü çətin, məsuiyyətli missiyasını şərh edərkən, ən əziz qəzeti olaraq adlandırmışdı. Ümummilli Liderin Naxçıvandakı fəaliyyətindən başlayaraq həmin diyarın problemləri barədə yazan qəzet, eyni zamanda Azərbaycanda o zamankı hakimiyyətlərin naşı fəaliyyətləri nəticəsində yaranmış problemləri böyük oxucu auditoriyasının qarşısına çıxarır, qəzetdə o dövrün ən nüfuzlu siyasətçiləri, ziyalıları, elm və mədəniyyət adamları məqalələri ilə çıxış edirdilər. Məhz Heydər Əliyevə tarixi müraciət və həmin müraciətə verilmiş tarixi cavab da “SƏS” qəzetində işıq üzü gördü ki, ondan başqa heç bir mətbu orqan bu çətin və təhlükəli missiyanı üzərinə görürməyə cürət etməmişdi. Ona görə də bizlər birmənalı olaraq qeyd edirik ki, “SƏS” qəzeti milli-müstəqil mətbuatımızın mübarizlik, döyüş, əqidə və dönməzlik simvoludur”.
“Dəfələrlə təzyiqlərə, sui-qəsdlərə, təhdidlərə məruz qalmaslna baxmayaraq, yolundan dönməyən “SƏS” qəzeti çağdaş dövrümüzün tələbləri ilə də ən yüksək səviyyədə ayaqlaşır, inkişaf və tərəqqi yolunu davam etdirir”, deyən Hikmət Şikarov hesab edir ki, məhz bunun nəticəsində qəzetin bazasında fəaliyyət göstərən “SƏS” İnformasiya Agentliyi, “SƏS” İnternet Televiziyası ətrafında on minlərlə izləyici toplayıb: “Bu mənada da qeyd edə bilərəm ki, agentlik və internet televiziyası kimi ilklərdən olan “SƏS”in uğurları şəxsən məni də ruhlandırır, sevindirir. Yeni Azərbaycan Partiyasının, eləcə də Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev cənablarının fəaliyyətini daim ictimai rəyin diqqətinə saxlayan “səsçilər” ölkədə və dünyada cərəyan edən bütün olaylara operativ yanaşmalar edir, özünəməxsus trendi ilə seçilir. O da əbəs deyil ki, “SƏS” qəzetinin 20-ci ildönümündə Prezident İlham Əliyev bu nəşrə təbrik məktubu ünvanladı və eyni zamanda əməkdaşlarını mükafatlandırdı. Bütün bunlar isə əlbəttə ki, qəzetə, onun əməkdaşlarına verilən mühüm, böyük diqqətdir.
Mən də “SƏS” qəzetinin 30-cu yaşı və yubileyi münasibəti ilə başda baş redaktor Bəhruz Quliyev olmaqla onun bütün redaksiya heyətini ürəkdən təbrik edir, qarşıdakı fəaliyyət illərində daha böyük nailiyyətlərə imza atmasını arzulayıram. “SƏS”iniz hər zaman zirvələrdən gəlsin, doğma və dəyərli səsçilər!”
Rövşən RƏSULOV