G20 zirvə görüşünə dəvət Prezidentimizə hörmətin bariz nümunəsidir - ŞƏRH ÖZƏL
"2020-ci ildə dünya dövlətlərinin iqtisadiyyatının sadəcə COVID-19 virusu ilə mübarizə aparmasına baxmayaraq Azərbaycan bu ili həm də müharibə ilə başa vurdu ki, ölkəmiz hər iki sınaqdan da mimimum itkilərlə ayrılmağa müvəffəq oldu. Bu isə heç şübhəsiz ki, ölkə başçımız cənab Prezident İlham Əliyev tərəfindən riyazi dəqiqliklə hesablanmış siyasət nəticəsində baş tutdu. Beynəlxalq hüququn bütün norma və prinsiplərinə əməl edərək öz ərazi bütövlüyünü təmin edən və müharibədən qalib ayrılan Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu daha da möhkəmləndi. Azərbaycanın döyüş meydanında, eyni zamanda diplomatik masada qalib olması ona dünyada qürurlu və məğlubedilməz bir xalq imici qazandırdı ki, dünyanın bir çox inkişaf etmiş ölkələri Azərbaycanla ikitərəfli və çoxtərəfli zəmində olan münasibətlərini daha da inkişaf edtirməkdə maraqlıdırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yanvarın 13-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik tərəfindən Qələbə münasibətilə Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etməsi ölkəmizin başçısının bütün dünyada Müzəffər Ali Baş Komandan imicində tanınması ilə yanaşı, onun bir dövlət rəhbəri, mahir diplomat kimi şəxsi liderlik qabiliyyətinə verilən yüksək diqqətin və hörmətin əyani sübutudur". Bunu DİASPOR.İNFO-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Ekspertin sözlərinə görə, qeyd olunduğu kimi koronavirus pandemiyasına qarşı aparılan mübarizədə də Azərbaycan öz vətəndaşlarının sağlamlığının qorunması baxımından dünyada nümunəvi dövlətlər sırasında yer aldı: "COVID-19 infeksiyasının gətirdiyi qlobal iqtisadi və siyasi çətinliklər fonunda bu gün dünya ölkələri üçün 2020-ci il son dərəcə ağır il kimi yadda qalsa da Azərbaycan digər ölkələrə nisbətən bu vəziyyətdən də daha az itkilərlə çıxmağa müvəffəq oldu. Belə ki, Azərbaycan iqtisadiyyatı təqribən 4 faizdən bir qədər çox azalmışdır ki, bu da dünya dövlətləri ilə müqayisədə olduqca yaxşı göstəricidir. Daha öncəki illərdə ölkə başçımız qeyri-neft sektorunun inkişafını ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi ki, qeyri-neft sənayemiz bu il 11 faizdən çox artmışdır. Bu da təbii ki, şaxələndirmə hesabına və sənayeləşmə siyasətinin düzgün aparılması nəticəsində mümkün olmuşdur. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıb".
Ş.Həsənova vurğulayıb ki, Azərbaycanda gedən bütün işlərə, reallaşdırılan layihələrə beynəlxalq qurumlar da yüksək qiymət verir: "Belə ki, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bütün bunlar ölkəmizin mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir. Bu baxımdan da Azərbaycan 37 ölkə ilə yanaşı, oktyabrın 30-31 tarixində Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib. Bu amil isə heç şübhəsiz ki, Azərbaycanın həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə, Prezident İlham Əliyevin şəxsinə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsidir. Bu iştirak, eyni zamanda, Azərbaycanın artan iqtisadi gücünü də geniş şəkildə əks etdirir. Nəzərə alsaq ki, bu tədbirə eyni zamanda BMT, Avropa İttifaqı, əsas beynəlxalq maliyyə təsisatları da dəvət alıblar o zaman əminliklə deyə bilərik ki, məhz bu amil də ölkəmizə olan yüksək etimaddan xəbər verir. Əldə olunan uğurlar, qabaqcıl rəqəmlər bir daha sübut edir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəritəsi ən düzgün yoldur. Bu gün müstəqil Azərbaycan dövləti bütün sferalarda özünün ən parlaq mərhələsini yaşayır. Aparılan islahatlara, uğurlu daxili və xarici siyasətə dəstək və yüksək qiymət yalnız ölkə daxilində xalq tərəfindən verilmir. Bu çoxşaxəli fəaliyyət beynəlxalq arenada da böyük rezonans doğurur. Bu baxımdan da Azərbaycanın “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət olunması olduqca müsbət haldır".
Müəllif: Aysel Məmmədova