Rusiyada Qarabağa status verilməsi ilə bağlı açıqlamalar narahatlıq doğurur - ŞƏRH
"Rusiya rəsmilərinin ara-sıra Qarabağa status verilməsi ilə bağlı açıqlamalarla çıxış etməsi narahatlıq doğurur: "ABŞ-ın sabiq prezidenti Ruzvelt deyirdi ki, "siyasətdə nə baş verirsə, deməli, təsadüfən baş vermir". Bu baxımdan məsələyə yanaşsaq, Rusiya rəsmilərinin məlum açıqlaması təsadüfi deyil. Bəlli olur ki, Rusiyanın münaqişənin həllinə yanaşması Azərbaycan və Türkiyənin mövqeyindən fərqlənir". DİASPOR.İNFO xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib. Politoloq bildirib ki, düzdür, Putin açıqlamalarında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu deyir: "Ancaq Rusiya status məsələsini birdəfəlik gündəmdən çıxarmır. Ən yaxşı halda, bunu sonraya saxlayır. Bir müddət əvvəl Dmitri Medvedyev də bənzər açıqlama verdi. Bu isə onu göstərir ki, Rusiya perspektivdə Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların aparılmasına ciddi ehtiyac duyur. Məsələnin hərbi fazası Azərbaycanın qələbəsi ilə başa çatsa da, bütün hallarda, istənilən müharibənin siyasi yekunu olmalıdır. Bu da siyasi danışıqlardır. Ermənistan qoşunlarını geri çəksə də, perspektivdə Azərbaycan torpaqları ilə bağlı iddia ilə çıxış etməyəcəyini bəyan etmir. Baxmayaraq ki, Ermənistanın elə bir hərbi gücü yoxdur. Görünən odur ki, Kreml haçansa Dağlıq Qarabağa status verilməsində maraqlıdır. Narahatlıq doğuran məqam həm də odur ki, digər həmsədrlər də status məsələsinə bənzər mövqedən yanaşırlar". E.Manafov onu da qeyd edib ki, bütün bunlara baxmayaraq, ən yaxşı halda, mədəni muxtariyyətdən söhbət gedə bilər.