Doğrudanmı Ermənistan hakimiyyət dəyişikliyinə hazırlaşır?
“Est takoy partiya!”
“Ermənistan hakimiyyət dəyişikliyinə hazırlaşır”. Artıq böyük siyasətə qayıtdığını bəyan edən Robert Köçəryanın erməni KİV-lərinə verdiyi açıqlamalar Ermənistanın hazırkı hakimiyyətində da böyük narahatlıqla müşahidə olunmaqdadır. DİASPOR.İNFO bu barədə erməni mediasına istinadən bildirir.
Maraqlıdır ki, ermənilərin vaxtilə ölkədəki inqilaba böyük ümidlər bəslədiyini xatırladan, erməni siyasi ekspert Ruben Marqaryan bu gün Ermənistanda hər şeyin tərs getdiyini bildirir. Onun fikrincə, ermənilərin indi tamamilə fərqli insan tiplərinə, tamamilə fərqli komandalara, peşəkar menecer qruplarına, rəqiblərinin gözlərinə baxıb həqiqəti söyləməyi bacaran qabiliyyətli insanlara ehtiyacı var. Qəribə də olsa, qeyd edilməlidir ki, bəzi ermənilər artıq belə bir insanın Ermənistandakı mövcudluğuna yavaş-yavaş inanmağa başlayırlar. Təbii ki, bəzi ermənilər.
“Müasir Ermənistan xalqı və dövlətçiliyini qorumaq üçün ölkədə təcili dəyişikliklərə ehtiyac duyulur. Bundan başqa, Rusiya ilə indikindən daha dərin əməkdaşlıq haqqında çox ciddi düşünməyə dəyər”. Bəli, bu fikirlər Robert Köçəryana aiddir. (Köçəryanın bu fikirləri Leninin 1917-ci ilin 4 iyununda Ümumrusiya Sovetlər Konqresində Müvəqqəti Hökumət Nazirinin tezisinə cavab olaraq səsləndirdiyi iddialı “Belə bir partiya var!” (“Est takoy partiya!”) cazibə cümləsini xatırlatdı).
Bir daha qeyd edilməlidir ki, artıq erməni cəmiyyəti Robertin ölkə başçısı vəzifəsinə qayıtma ehtimalını fəal şəkildə müzakirə etməyə başlayıb. Bundan əlavə ən maraqlısı, Köçəryanın özünün də artıq erkən seçkilərə gedib, “qələbə” qazanacağına əminlik nümayiş etdirməsidir. Belə görünür ki, “kişinin oğlu” yəqin artıq nəyəsə arxayındır. Bundan əlavə, bu gün artıq Ermənistandakı emənilər yelkənsiz gəmiyə bənzəyirlər. Necə deyirlər, başlarına ip keçirib hara cəksən, ora da gedəcəklər. Yəni Robert də bundan, təbii ki, ətəyindən yapışdığı rusların köməyi ilə yararlanmaq istəyir.
Biz əvvəllər də Köçəryanın Ermənistanda elə bir nüfuz sahibi olmadığını bildirmişdik. Təsadüfi deyil ki, bu gün də əksər ermənilər Roberti vaxtilə ölkəni talayan prezidetlərdən biri kimi görürlər. Amma məsələ bundadır ki, indi ermənilərin çoxu dövlətçiliyinin bərpa olunmasını “dəstəkləyirlər”.
Ermənistandakı daha bir maraqlı nüans isə baş nazir Nikol Paşinyanla bağlıdır. Məsələ bundadır ki, bu gün Ermənistanda erkən seçki keçirmək Paşinyana heç cür sərf etmir. Çünki bu günlərdə ölkədə gizli şəkildə keçirilən rəy sorgusunun nəticələrinə görə, Nikol səslərin heç 13 faizini də yığa bilməyib. Buna baxmayaraq, Paşinyanın öz xoşu ilə hakimiyyətdən getmək istəyi də. hələ ki, inandırıcı görünmür.
Ağasəf Babayev