“871 vətəndaşımız hələ də erməni əsirliyində qalmaqdadır” MÜSAHİBƏ
Müsahibimiz millət vəkili Azər Badamovdur
- Azər müəllim, ermənilərin ötən əsrin 90-cı illərində qətlə yetirdikləri və ya girov götürdükləri azərbaycanlıların ölkəmizə təhvil verilməsi tələb olunur. Ermənistan bu tələbi nə dərəcədə yerinə yetirəcək?
- Ötən əsrin 90-cı illərin əvvəllərində başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xalqımız üçün böyük faciələr yaratmışdır. Münaqişə nəticəsində torpaqlarımızın 20%-i işğal olundu, 1 milyona qədər soydaşımız öz doğma yurdlarından qaçqın-köçkün, 4 mindən çox azərbaycanlı itkin düşmüşdür. İtkin düşənlərin arasında 67 uşaq, 265 qadın, 326 qoca olmuşdur. Üstündən uzun müddət keçməsinə baxmayaraq 871 vətəndaşımız hələ də erməni əsirliyində qalmaqdadır. 27 sentyabr 2020-ci ildə başlanmış Vətən müharibəsində müzəffər ordumuz torpaqlarımızda erməni işğalına son qoydurmuş, amma 90-cı illərin əvvəllərində bu günə qədər erməni əsirliyində qalmış 871 vətəndaşımızın taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəmiz ermənilərə bizə qarşı törətdikləri vəhşiliklərə və cinayətlərə cavab verdirməsi üçün imkan yaratmışdır. Ermənilər o vaxt əsir götürmüş azərbaycanlılarla vəhşicəsinə rəftar etmiş, özləri üçün qul kimi istifadə etmişdir. Bu gün də həmin azərbaycanlıların harada saxlandıqlarını, onlardan nə qədəri sağ qaldığını və sağlamlıq durumları barəsində məlumatımız yoxdur. Həmin insanların adları və statistikası ölkəmizin müvafiq strukturlarında qeydiyyatdadır və araşdırmalar aparılır. Bütün bu faktlar erməni cinayətlərinə hüquqi qiymətin verilməsi üçün beynəlxalq məhkəmə instansiyalarına müraciət etməyimiz üçün əsas yaradır. Biz, Ermənistanı beynəlxalq məhkəmələrin gücü ilə 90-cı illərin əvvəllərindəki əsir və girovlarına dair hesabat verilməsinə və sağ qalanların ölkəmizə təhvil verilməsinə məcbur etməliyik.
- Ermənistan 90-cı illərin əvvəllərində itkin düşən azərbaycanlılar haqqında məlumat verilməsi qarşılığında nə isə istəyə bilərmi?
- Bu gün Azərbaycan qalib tərəfdir və bu illər ərzində pozulmuş bütün hüquqlarını Ermənistandan tələb etmək hüququna sahibdir. Düşünmürəm ki, Ermənistan verəcəyi bu məlumatların qarşılığında Azərbaycandan nə isə istəsin. Çünki, nə lazım idisə 44 günlük müharibədə vermişik və 10 noyabrda imzalanan üçtərəfli bəyannamədə bütün sualların cavabları əks olunmuşdur. Əldə etdiyimiz tarixi qələbə Azərbaycan-Ermənistan münasibətlərində yeni reallıq yaradıb. İndi ermənilər azərbaycanlılardan heç nə tələb edə bilməz. Nə tələb edilirsə, bunu biz edirik və ədalət tam bərpa olunana qədər də tələb edəcəyik.
- Azərbaycan hakimiyyətinin 90-cı illərin əvvəllərindəki, vətəndaşlarının taleyi ilə bağlı israrlı tələbi öz vətəndaşlarına göstərdiyi xüsusi diqqətin və onların həyatı üçün narahatçılığının əsas nümunəsi sayıla bilər?
- Azərbaycan, 90-cı illərin əvvəllərində itkin və əsir düşmüş vətəndaşların taleyi ilə həmişə narahat olmuşdur. Bu məsələ ilə ayrıca məşğul olmaq üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmışdır. Komissiya bu illər ərzində itkin düşmüş hər bir vətəndaşımız haqqında aşdırmalar aparmış, BQXK komitəsi qarşısında, qarşı tərəfə mütəmadi müraciətlər etmişdir. 1480 nəfəri əsirlikdən və girovluqdan azad etmişdir. Bu gün əsirlikdə və girovluqda qalan vətəndaşlarımızın taleyinin araşdırılması və bir nəticəyə nail olunması üçün işlər davam etdirilir. Dövlətimiz üçün hər bir vətəndaşımızın taleyi maraqlıdır, çox dəyərlidir. O cümlədən, 90-cı illərin əvvəllərində əsir və girov düşmüş vətəndaşlarımızın taleyi dövlətimizi hər zaman narahat etmiş və bu gün də axtarışların davam etdirilməsi bu narahatçılığın real ifadəsi olduğunu hesab edirəm.
Müəllif: Gülyana