Ermənistan hakimiyyəti kütləni susdurmağa çalışır cəza sərtləşdirilir
Təhqir və böhtana görə cəzanın sərtləşdirilməsi barədə qanun layihəsi artıq vahid hüquqi məlumat portalında yayımlanıb. DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, sənəd e-draft.am vahid hüquqi məlumat portalında dərc edilib.
Məlumatda qeyd olunur ki, Ermənistan Ədliyyə Nazirliyi Cinayət Məcəlləsinə bir dəyişiklik layihəsi hazırlayib, ona görə hökumət məmurlarını, xüsusən də polis məmurlarını təhqir etmə məsuliyyətinin sərtləşdirilməsi təklif edilib.
Dəyişikliklərə görə, dövlət qulluqçusunu rəsmi vəzifələrini yerinə yetirdiyi vaxt təhqir etmək və ya böhtan atmaq, minimum əmək haqqının 100 ilə 500 misli arasında cərimə ilə cəzalandırılacaqdır.
Kütləvi informasiya vasitəsi ilə və bir dövlət məmuruna qarşı edilən eyni hərəkət minimum əmək haqqının 500 ilə 3 min misli arasında cərimə və ya iki ilə qədər həbs cəzası ilə cəzalandırılır.
Ermənistanın Cinayət Məcəlləsinə görə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında xidmət edən, rəsmi qaydada tabeçiliyində olmayan şəxslərə münasibətdə müəyyən edilmiş qaydada inzibati səlahiyyətlər verilmiş şəxs hakimiyyət nümayəndəsi sayılır.
Xatırladaq ki, Ermənistanda ötən ilin noyabr ayının 9-dan, yəni, işğalçı ölkənin baş naziri Nikol Paşinyan kapitulyasiyaya imza atdıqdan sonra etiraz nümayişləri keçirilir və bu nümayişlər, hətta ən xırda aksiyalar zamanı dövlət məmurları, başda elə baş nazirin özü olmaqla təhqir edilir. Dünya ictimaiyyəti erməni səlahiyyətlilərinin təhqir, hətta təhdid belə olunduğunun dəfələrlə şahidi olub.
Qeyd edək ki, təkcə etiraz nümayişlərində iştirak edənlər deyil, bu işğalçı ölkənin kütləvi informasiya vasitələri də Ermənistan hakimiyyətinə, baş nazir Paşinyanın özünə də təhqirlərlə dolu ifadələr ünvanlayıblar. Yaxud, Ermənistana məxsus mətbuat səhifələrində erməni politoloqlarının da baş nazir Paşinyan barədə təhqiramiz ifadələri dərc edilib və hələ də dərc edilməkdədir.
Görünür, Ermənistan hakimiyyəti, başda elə baş nazirin özü olmaqla səlahiyyətlilər bu işğalçı ölkənin böhranına görə cavabdehlik daşımaq əvəzinə bu təhqirlərdən yaxa qurtarmağa çalşırlar. Heç şübhəsiz ki, demokratiyadan dəm vuran, demokratik yolla hakimiyyətə gəldiyini iddia edən, əslində isə hakimiyyət çevrilişinə imza atan Ermənistan hakimiyyəti bu dəfə də kütləni susdurmağa çalışır. Elə bu məqsədlə də əməllərinə hüquqi əsaslar qazandırmaq üçün qanunda dəyişikliklər etmək niyyətindədir.
Müəllif: İnam Hacıyev