YAP Suraxanı rayon təşkilatı hesabat yığıncaq keçirib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının idarə heyətinin videokonfrans formatında 2020-ci ilin hesabatına həsr olunmuş görüşü keçirilib. Tədbir Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Daha sonra tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov iclasın gündəliyinidə duran məsələləri diqqətə çatdırıb. Rayon təşkilatı tərəfindən 2020-ci il ərzində görülmüş işlər haqqında geniş hesabat məruzəsi ilə çıxış edən V.Seyiov qeyd edib ki, tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası Ulu Öndərin xalqı qarşısında ən böyük xidmətlərindən hesab olunur. Cəmiyyətimizin sosial müdafiəçisi olan YAP bundan sonra da ölkəmizin inkişafı, cəmiyyətimizdə demokratik-sosial institutların fəaliyyəti və milli-mənəvi dəyələrin qorunması istiqamətində öz müqəddəs işinə davam edəcəkdir. Necə ki, doğma partiyamız 90-cı illərin əvvələrində dövlətçiliyimizin yenidən qurulmasında müstəsna rol oynayıb, bu gün də dövlət və dövlətçiliyimizin qorunması və inkişafı naminə töhfələrini verməkdədir.
2020-ci ildə görülən işlər haqqında ətraflı məlumat verən təşkilat sədri bildirib ki, YAP Suraxanı rayon təşkilatı 2020-ci ildə öz fəaliyyətini partiyanın proqram və nizamnaməsi çərçivəsində, eləcə də təşkilatın tədbirlər və iş planlarına müvafiq şəkildə, səmərəli və günün tələblərinə uyğun qurmuşdur: "Çox təəssüf hissi ilə deməliyəm ki, ötən ilin birinci rübündən sonra bütün dünyanı öz cənginə alan pandemiya təşkilatımızdan da yan keçməmişdir. Tədbirlər planında yazılmış bir çox tədbiri təəssüf ki, canlı ünsiyyət şəklində həyata keçirə bilməmişik. Zamanın diqtəsinə uyğun yeni iş perspektivi tərəfimizdən seçilmiş və müasir texnologiyanın bütün imkanları işimizdə tətbiq olunmuşdur. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin geniş kütlələr arasında yayılması və insanların maarifləndirilməsi istiqamətində 2020-ci ildə də uğurlu fəaliyyətimizi davam etdirmişik".
Rayon təşkilatının sədri onu da vurğulayıb ki, 2020-ci ildə təşkilatın fəalları tərəfindən dövlətimizin və dövlət başçımızın siyasətinin haqlı müdafiəsi üçün sosial şəbəkələrdə siyasi işin təşkili sahəsində ciddi işlər görülmüşdür: "Bir il ərzində istər pandemiya, istər Vətən müharibəsi, istərsə də digər mövzularda fəallarımız tərəfindən dövrü mətbuat vasitəsilə 100-dən artıq mövqe yazısı ilə çıxış edilmiş, televiziya kanallarına müsahibələr verilmiş, Facebook, tvitter, instaqram kimi sosial şəbəkə seqmentlərində yüzlərlə paylaşımlar edilmiş, sosial istiqamətli, maarifləndirici kampaniyalar təşkil olunmuşdur. Ümumilikdə YAP Suraxanı rayon təşkilatı tərəfindən 2020-ci il ərzində 105 tədbir keçirilmişdir ki, onlardan da 20-si tədbir qadınlar şurası ilə, 51 tədbir isə gənclər birliyi ilə birgə həyata keçirilmişdir".
Hesabat məruzə il ərzində keçirilmiş tədbirlərin fotolarından ibarət videoslayd formatında nümayiş etdirilmişdir.
YAP Suraxanı rayon təşkilatının şura üzvü İlahə Abdullazadə çıxış edərək ilk öncə 2020-ci ildə çağırılmamış qonaq olan koronavirus pandemiyasının Azərbaycanda da geniş vüsət alaraq yayılması və Cənab Prezident tərəfindən 2020-ci ilin məhz "Könüllülər ili" elan olunmasının əhəmiyyətinin pandemiya dövründə özünü daha bariz göstərməsindən bəhs edərək deyib ki, pandemiya dövründə yaşı 65-dən artıq olan təbəqənin günlük ehtiyaclarının qarşılaması, sosial yardımların, tibbi dezinfeksiya vasitələrinin vaxtında və istiqaməti üzrə daşınması, çatdırılmasını təmin etmək üçün YAP Suraxanı rayon təşkilatının gənc könüllülərdən ibarət operativ qrupu formalaşdırılmışdır və pandemiyanın ən qızğın olduğu bir dönəmində, "Sağlamlığımız milli həmrəyliyimizdədir", "Biz birlikdə güclüyük" adlı davamlılığa əsaslanan layihələr çərçivəsində 2000-ə yaxın ailəyə müxtəlif formatlı sosial xidmətlər göstərilmişdir. Qeyd edib ki, rayon təşkilatının gənclər birliyinin üzvləri, gənc fəalları azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, gənclər sahəsi, aqrar, neft, qeyri-neft sektoru, əhalinin müxtəlif təbəqələrilə işin qurulması, köçürülən əhalinin adaptasiya dövrünü uğurla başa vurması üçün lazım olan sosial-psixoloji tədbirlərin görülməsi, dövlət tərəfindən gələcəkdə istifadəsi nəzərdə tutulan potensial gənc kadr bankının yaradılması istiqamətində təkliflər paketi hazırlamışdır. Tədbirdə 23 saylı şəhər poliklinikası ərazi ilk partiya təşkilatının sədri Sənan Əliyev bildirib ki, "Covid-19" koronavirus pandemiyası dövründə vaksinasiya prosesinin rayon ərazisində kütləviliyin təmin olunması məqsədi ilə vətəndaşlar arasında maarifləndirmə işi təşkili yüksək səviyyədə həyata keçirilir.
Daha sonra Milli Məclisin deputatı Sevinc Fətəliyeva ötən bir il ərzində rayon təşkilatı ilə müxtəlif səpkili tədbirlərdə iştirak etdiyini vurğulayıb, istər pandemiya dönəmində, istərsə də Vətən müharibəsi zamanında YAP Suraxanı rayon təşkilatının fəaliyyətini qənaətbəxş qeyd etmişdir. Sonda rayon təşkilatının sədri bildirib ki, Cənab Prezidentin müvafiq Sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili" elan olunmuşdur. Bununla əlaqədar YAP Suraxanı rayon təşkilatının ərazi ilk partiya təşkilatlarına, o cümlədən qadınlar şurasına və gənclər birliyinə keçiriləcək tədbirlərin istər canlı ünsiyyət, istərsə də onlayn formatında təşkil olunması ilə bağlı təkliflərin təqdim olunması tapşırılıb.
Zümrüd BAYRAMOVA