“Hərbi təlimlər erməniləri ciddi şəkildə qorxuya salıb” ÖZƏL-MÜNASİBƏT
“Rusiya prezidentinin vasitəçiliyi ilə imzalanmış 10 noyabr 2029-ci il tarixli bəyanatın- “Təslim aktı”nın 4-cü maddəsinin tələbinə görə “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə” yerləşdirilməli idi”. Bunu ANAP-ın sədri Abutalıb Səmədov “Səs” qəzetinə açıqlamasında bildirib.
A.Səmədov təəssüf hissi ilə bildirdi ki, bəyanatın bu tələbi icra olunmayıb və bu barədə Rusiya sülhməramlılarının rəhbərliyi heç bir məlumat vermir: “Baxmayaraq ki, digər məsələlər, hətta onların təyinatına uyğun olmayan işlər barədə hər gün məlumatlar verilir. Xalqımızı çox narahat edən məsələnin- erməni silahlılarının ərazimizdən çıxarılmasının üzərindən isə sükutla keçilir. Digər tərəfdən Azərbaycan ərazisinə ayrı-ayrı terrorçu dəstələrinin buraxılması barədə məlumatlar yayılır. Bu məlumatlar o qədər də inandırıcı olmasa da fakt faktlığında qalır. Erməni silahlılarının torpaqlarımızdan çıxarılması istiqamətində tələb olunan iş icra olunmur. Təəssüf ki, bəyanatın icrasına nəzarət etməli olan Monitorinq Mərkəzinin də bu sahədə gördüyü işlər barədə heç bir məlumat verilmir”.
ANAP sədri onu da qeyd etdi ki, Qarabağ ermənilərinin üzdəniraq liderləri Arutyunyan və Balasanyan itirilən torpaqların geri qaytarılacağı barədə revanşist bəyanatlar verirlər: “Bütün bunlar göstərir ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağın ermənilər yaşayan hissəsində antiterror əməliyyatlarının keçirilməsi zəruri hala gələ bilər. Təbii ki, böyük quruculuq işləri planlaşdıran və regionu əməkdaşlıq meydanına çevirmək istəyən Azərbaycan hakimiyyəti yenidən hərbi əməliyyatların başlanmasında maraqlı deyil və dövlət başçımız bunu hər fürsətdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışır. Ancaq təəssüf ki, yenicə aldığı “dərslərdən” nəticə çıxarmayan ermənilər sülh çağırışlarını anlamaqda “çətinlik çəkirlər”. Bu da bizi müəyyən addımlar atmaq məcburiyyəti qarşısında qoyur.
Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin 15-18 mart tarixlərində keçiriləcək operativ-taktiki hərbi təlimləri məhz bu məqsədə xidmət edir. Qeyd edək ki, təlimlərə 10 min nəfər şəxsi heyət, 100 ədəd zirehli texnika, eləcə də 30 təyyarə qatılıb. Məlumata görə, bu gün səhər saatlarında əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir”.
A.Səmədov bildirdi ki, təlimlərin ssenarisinə əsasən qoşun, bölmələri arasında döyüş şəraitində qarşılıqlı koordinasiyanın təşkili, terrorçu birləşmələrə və qanunsuz silahlı dəstələrə qarşı əməliyyatların həyata keçirlməsi məşq ediləcək: “Bu təlimlər hələ antiterror əməliyyatlarının başlanması olmasa da erməniləri ciddi şəkildə qorxuya salıb və onlar təşvişlə havadarlarına üz tutublar. Düşünürəm ki, ordumuzun aldığı yeni, ən müasir silahların da sınaqdan keçiriləcəyi bu təlimlər öz nəticəsini göstərəcək və erməni silahlılarının ərazimizdən çıxarılması istiqamətində rus sülhməramlıları tərəfindən qəti addımlar atılacaq. Əgər atılmasa ordumuzun növbəti addımı təlimlər barədə deyil, antiterror əməliyyatlarına başlamaq barədə olacaq”.
Müəllif: Gülyana