Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres, dünya liderlərini qlobal istiləşmə ilə mübarizədə addım atmağa çağırıb və dünyanın uçurumun astanasında olduğunu söyləyib. Diaspor info RİA Novostiyə istinadən xəbər verir ki, təşkilatının baş katibi bu sözləri ABŞ-ın ev sahibliyi etdiyi bir iqlim sammitində çıxış edərkən deyib.
Qeyd edək ki, ABŞ rəhbərliyinin təşəbbüsü ilə başlanan İqlim Sammiti 22-23 aprel tarixlərində virtual formatda baş tutur. Ağ Evdən bildirildiyi kimi, prezident Co Bayden müxtəlif ölkələrdən 40-dan çox liderləri iştirak etməyə dəvət edib.
"Son on il rekord göstəricilərdən ən istisi olub. Təhlükəli istixana qazlarının konsentrasiyası 3 milyon il müddətdə olmayan səviyyələrdədir. Qlobal temperatur 1,2 dərəcə Selsi yüksəlib, bu da fəlakət həddinə yaxınlaşmaq deməkdir", deyə Quterres bildirib.
O, daim yüksələn dəniz səviyyəsini, tropik siklonları və meşə yanğınlarını xatırladıb.
"Biz uçurumun astanasındayıq. Növbəti addımı düzgün istiqamətdə atmalıyıq. Hər yerdə liderlər hərəkət etməlidir", deyə Quterres əlavə edib.