Bu gün xalqımızın, milyonlarla insanın qürur hissi ilə ziyarət etdiyi məkanlar sırasında Hərbi Qənimətlər Parkı da var. Yaşından asılı olmayaraq, hər kəs 44 günlük Vətən müharibəsində Ordumuzun gücünün, işğalçı Ermənistanın məğlubiyyətinin göstəricisi olan Hərbi Qənimətlər Parkına üz tutaraq Azərbaycan ordusunun qalibiyyətini bir daha görmüş olurlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi kimi qiymətləndirildi. Qısa bir məsafədə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi. Hərbi Qənimətlər Parkının açılışı Vətən müharibəsində parlaq qələbəmizin bir rəmzidir. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusu düşmənə dərs verdi, elə bir dərs ki, bütün tarixi boyu yaddan çıxmayacaq. Bu gün paytaxtımızda yerləşən Hərbi Qənimətlər Parkına səyahət edən hər bir kəs, istər azərbaycanlı olsun, istərsə də qeyri-xalqın nümayəndəsi, ermənilərin döyüş meydanından qoyub qaçdığı atıcı silahları, ağır texnikaları, raket komplekslərini, hərbi nəqliyyat və digər sursatlar görür və ermənilərin məğlub xalq olduqlarının bir daha şahidinə çevrilirlər. Bildiyimiz kimi, dekabrın 10-da keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilmişdi. Açıq səma altında salınan Hərbi Qənimətlər Parkında Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri olan Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisində yer alıb.
ERMƏNİ HƏRBİ CİNAYƏTİNİN ƏYANİ SÜBUTU – "İSKƏNDƏR M" RAKETİ
44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmənin insanlıq əleyhinə və müharibə cinayətləri törətməsi bu gün hər kəsə bəllidir. İstər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından kənarda. Döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələrinin endirilməsi, dinc sakinləri qətlə yetirmələrini dünya görmüş oldu. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə Parkın giriş hissəsindədir. Burada Şuşaya atılmış "İskəndər M" raketinin qalıqları da var. Azərbaycan Prezidenti Cənab İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında çıxışı zamanı "Şuşanı bax, bu "İsgəndər-M" raketləri ilə ermənilər atəşə tutmuşdular, deyərək bu raketlərin Ermənistan ordusunda haradan olduğunu sual etmişdi: "Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan "İsgəndər-M" raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur". Şuşa ərazisinə "İsgəndər-M" raketinin atılması dünya mətbuatında kifayət qədər rezonans doğurdu və birmənalı qarşılanmadı.
AZƏRBAYCAN ORDUSUNUN DÖYÜŞ ƏZMİNİN, QƏHRƏMANLIĞININ TƏCƏSSÜMÜ
Bu gün Hərbi Qənimətlər Parkına gələnlər nümayiş etdirilən qənimətlər sırasında KUB zenit-raket kompleksi, düşmənin 150-dək ağır texnikası, "T-72" tankları, piyadaların döyüş maşınları, 2S1 "Qvozdika" özüyeriyən artilleriya qurğusu, "Osa" zenit-raket kompleksi və digər eksponatları ilə tanış olurlar. Əlbəttə ki, burada yer alan hər bir eksponat diqqəti cəlb edir. Axı 44 günlük müharibədən əldə olunmuş qənimətlər bizi qələbəyə doğru aparırdı. Xalqımız Zəfər də qazandı. Burada nümayiş olunan hər bir eksponata böyük diqqət kəsilir. Tarix boyu bu eksponatlara maraq olacaq. Belə ki, parkın diqqəti çəkən hissələrindən olan 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, piyada əleyhinə mina sahəsi, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri, həmçinin səngər üzərində lent tipli məftil maneələr nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi. Otuz il ərzində möhkəmləndirilən mövqelərin daxilində isə yaxşı təchiz edilmiş döyüş postu, əsgər kazarması yerləşir. Kazarmanın yanında isə şəxsi heyətin artilleriya və hava hücumundan qorunması üçün zavod üsulu ilə hazırlanmış sığınacaqlar, döyüş mövqeyində atıcı, pulemyotçu və s. yerləşir. Bunların hər biri insanda dolğun fikirlər yaradır. Belə ki, Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Beləliklə, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun döyüş əzminin, qəhrəmanlığının təcəssümüdür.
"QOY ERMƏNİLƏR DƏ GÖRSÜNLƏR Kİ, ONLARIN BƏD ƏMƏLLƏRİ CAVABSIZ QALMADI"
Dövlət başçısı bildirib ki, Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər: "Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb. Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var".
Artıq Ermənistan, bütün dünya gördü ki, Azərbaycanın müasir silahlarla təchiz olunmuş ordusu var və 44 günlük döyüş meydanında öz sözünü deməyə qadir olan ordusu var. Dövlət başçısı bildirib ki, hələ müharibənin getdiyi dövrdə Mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik. Cənab Prezident "Buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər", deyərək bildirib ki, qoy ermənilər də görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı: "Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!"
"BU GÜN HƏR KƏS BİZİMLƏ HESABLAŞMALIDIR VƏ HESABLAŞACAQDIR"
Öz unikallığı ilə diqqəti çəkən Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələsini özündə əks etdirir. Burada nümayiş etdirilən bütün qənimətlər göstərir ki, Qəhrəman Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək düşmən üzərində qələbə çaldı. 44 gün ərzində ordumuz böyük bir döyüş yolu keçdi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bildirdiyi kimi, İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir: "Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq".
Azərbaycanın Vətən müharibəsindəki qələbəsi onun şanlı səhifəsinə yazılıb. Müzəffər Ali Baş Komandanın dediyi kimi, "Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Bəli, başqa yolları, çarələri yoxdur. Əks təqdirdə, "dəmir yumruq" yenə qılınc kimi başlarının üzərindədir və hər an yenidən işə düşə, sarsıdıcı zərbəsini endirə bilər".
Bu parkın açılışı 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi Ordumuzun gücünü, işğalçı Ermənistanın isə sarsıdıcı məğlubiyyətini sübuta yetirən məqamları özündə əks etdirir. Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə erməni ordusunu darmadağın etdi və Hərbi Qənimətlər Parkına üz tutan hər kəs real mənzərənin şahidinə çevriləcək. Hərbi Qənimətlər Parkı Azərbaycanın əldə etdiyi tarixi Zəfərdə düşmənin məğlubluğunun nümayişi baxımından böyük əhəmiyyət malikdir və gələcək nəsillər üçün ziyarət yerinə çevriləcək bu məkan Ordumuzun gücünü, ermənilərin məğlub "xalq" olduğunu bir daha nümayiş etdirəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI