Dünyanın ən nüfuzlu futbol yarışlarından olan “AVRO-2020 "yə Bakı ilk dəfə ev sahibliyi edir. 2020-ci ildə keçiriləcək olan turnir covid-19 pandemiyasına görə, 2021-ci ilə təxirə salınıb. 2021-ci ildə " AVRO-2020 "yə Azərbaycan üçün artıq geri sayım başlayıb. SİA ölkəmizdə keçiriləcək "AVRO-2020" turniri ilə bağlı paytaxt sakinlərinin münasibətini öyrənməyə çalışıb.
Paytaxt sakini Lamiyə Məmmədova: “Bir müddət əvvəl “Formula-1” yarışı da keçirildi. Beynəlxalq yarışların - istər “Formula-1” yarışlarının, istərsə də “AVRO-2020”nin keçirilməsi Azərbaycanın beynəlxalq arenalarda, dünya dövlətlərində tanınması üçün çox böyük bir vasitədir. Biz sakinlər də bu yarışların keçirilməsinə çox sevinirik amma istisna cəhətlər də var ki, yarışlar zamanı biz ictimai nəqliyyatda problem yaşamasını istəyirik. Bununla bağlı tədbirlərin görülməsinə ümid edirəm və oyunlarda iştirak edən komandalara, könüllülərə uğurlar arzu edirəm”.
Paytaxt sakini Əziz Əlizadə: “Şəxsən mənim üçün “AVRO-2020” nin keçirilməsi çox mühüm bir rola malikdir. Çünki işimlə əlaqədar olaraq və bir şəhər sakini olaraq həm yolların açılması, metroların fəaliyyətinin bərpa edilməsi, həm də yenidən xarici vətəndaşların ölkəmizə gəlməsi mühüm əhəmiyyətə malikdir. Özəlliklə qardaş Türkiyədən gələn insanların və digər xarici vətəndaşların Azərbaycanı tanıması, görməsi, tariximizlə yaxından tanış olması ölkəmiz üçün mühüm bir rol oynayır. Bildiyiniz kimi, son bir ildən artıqdır ki, pandemiya səbəbindən bir çox yerlər bağlandı, indi isə insanların yenidən bura gəlməsi və öz vətəndaşlarımızın bu mühitə yenidən adaptasiya olacağına inanıram”.
Paytaxt sakini Lütfiyyə Yəhyazadə: “Mən bir az yaşlı şagird olaraq ölkəmizdə bu cür yarışların keçirilməsini sevirəm. Bir müddət əvvəl “Formula 1” yarışı da keçirilib. İndi isə futbol yarışı keçiriləcək. Azərbaycanda bu yarışların keçirilməsi ölkəmizi dünyaya tanıdır. Mənim qardaşım da futbol həvəskarı olaraq bu yarışın ölkəmizdə keçirilməsinə sevinir və oyunların stadiondan izləməsini səbrsizliklə gözləyir. Bu yarışların keçirilməsi ilə ölkəmizə çoxlu sayda turist qonaq gələcək. Bura gələn turistlər ölkəmizi tanıyıb, yeni yerlər görüb, milli mətbəximizlə tanış olacaqlar. Ən önəmlisi ölkəmizə gələn turistlər Qarabağ döyüşlərində qazandığımız qələbə ilə də tanış olacaqlar. Yarışda iştirak edən idmançılara uğurlar arzu edirəm”.
Paytaxt sakini Telman Nizamov: “Beynəlxalq yarışların keçirilməsi ölkəmiz üçün çox mühüm bir rol oynayır. Bir müddət əvvəl “Formula 1” yarışı keçirildi. Bildiyiniz kimi dünyanın ən məşhur pilotları ölkəmizə gəlmişdi. Daha sonra bunu da deyə bilərəm ki, sosial şəbəkələrdə ən çox da “twitter”ə baxdıqda ölkəmiz top trenddə idi. Ümid edirik ki, pandemiya bitdikdən sonra yenidən şəhərimizə turist axını olacaq və ölkəmizin turizm sektoru yenidən dirçələcək. “AVRO-2020”yə gəldikdə dünyada nüfuzlu futbol turnirlərindəndir. Ölkəmizdə ilk dəfə keçiriləcək olan çempionatda Azərbaycan 3 qrup oyunun və bir 4/1 final oyununa ev sahibliyi edəcəkdir. Qardaş Türkiyə millisi də 2 oyununu burada oynayacaq. Biz elə Türkiyə millisinə öz dəstəyimizi verməklə onların səfərdə olduğunu hiss etdirməməliyik. Mən başda qardaş Türkiyə millisi olmaqla bütün komandalara uğurlar arzu edirəm və güclü olan qazansın deyirəm”.
Paytaxt sakini Məlahət Məmmədli: “Beynəlxalq idman turnirlərinin və digər sahədə keçirilən layihələrin Azərbaycanımızda keçirilməsi dünyada istər siyasi cəhətdən, istərsə də mədəni cəhətdən tanınmasına Azərbaycanın inkişaf etmiş dövlət olmasını göstərir. Biz sakinlər də bu yarışların keçirilməsinə çox sevinirik. Amma biz sakinlərin yarışlar zamanı yolların bağlı olmasını arzu etmirik və bununla bağlı addımların atılacağını gözləyirik”.
Paytaxt Sakini Rafət Abdullayev: “İlk öncə onu deyə bilərəm ki, “AVRO-2020”ni bütün dünya izləyəcək və bunun da üstünlüyü ondadır ki, Azərbaycanın tanınmasında inkişaf etməsində mühüm rol oynayır. Azərbaycan bu turnirdə ilk dəfə olaraq ev sahibliyi edir. Bizim üçün də bu turnirin keçirilməsi, futbol həvəskarı olaraq top millilərin vətənimizə gəlməsi çox gözəl bir hadisədir. Sonda onu deyə bilərəm ki, bütün komandalara uğurlar arzu edirəm”.
Paytaxt sakini Sərvan Eyvazov: “Ölkəmizin tanınması baxımından çox böyük əhəmiyyət kəsb edən yarışlardan biri də “AVRO-2020”di. Bu yarışın keçirilməsi Avropa ölkələri və digər ölkələrin bizim ölkəmizi tanımasına, araşdırmasına zəmin yaradır. “AVRO-2020” çempionatı zamanı ölkəmizə turist axını olacaq və bununla yenə otellərimiz və digər məkanlarımız fəaliyyətini bərpa edəcək və ölkəmizə turistlərin gəlişi ilə investisiyalar artacaq”.
Paytaxt sakini Fərhad Mahmudov: “Azərbaycanda keçirilən beynəlxalq yarışların həm “Formula-1”in, həm də “Avro-2020”nin keçirlməsi bizim üçün çox böyük bir şansdır. Son 3 ili nəzərə alsaq bu yarışların keçirilməsi ilə turizm sektorunda Azərbaycanın gəliri çox idi. Daha sonra pandemiya səbəbindən hər yerin bağlanması, yarışların təxirə salınması ilə həm Azərbaycan, həm də bütün dünya ölkələri turizm sektorunda gerilədi. Lakin bu il yenidən keçirilən “Formula-1”də və ölkəmizdə ilk dəfə olaraq dünyanın nüfuzlu turniri olan ”AVRO-2020”nin keçirilməsi yenidən turizm sektorunu dirçəldəcək. Bütün komandalara uğurlar arzu edirəm”.
Paytaxt sakini Yusif Məmmədov: “Bir paytaxt sakini olaraq onu deyə bilərəm ki, gənclik illərimdən “Formula-1” yarışlarını izləyirəm. Azərbaycanda da keçirildikdə böyük həyəcanla yarışlara gedərək yerində izləyirəm. “AVRO-2020”in də ölkəmizdə keçirilməsindən çox böyük qürur hissi keçiririk. Bir çox tanınmış oyunçular ölkəmizdə olacaq biz onları həm televiziya, həm də stadiondan canlı görmək şansı qazanacayıq. Bütün komandalara uğurlar arzu edirəm”.
Sonda xatırladaq ki “AVRO-2020”yə Azərbaycan 3 qrup oyunu və birdə 4/1 final oyununa ev sahibliyi edəcək. İlk oyun Türkiyə ilə İsveçrə arasında oynanılacaq.
Ziya Hikmətoğlu