Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmişlər. Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir”, - kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əlaqələri sarsılmaz qardaşlıq münasibətləridir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycanın isə iqtisadiyyatın sürət tempinə, iri infrastruktur layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir. Ötən il Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə də bir daha məlum oldu ki, Azərbaycan-Türkiyə münasibətləri türkdilli dövlətlərin əməkdaşlığının daha da genişləndirilməsinə öz müsbət təsirini göstərməkdədir.
Ulu öndərimiz deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.
Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.
Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır. Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir, belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək qarşısı alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir. Həmin mərkəzdə Türkiyənin olması bizim üçün çox önəmli bir haldır.
Dövlətimizin başçısı Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsinin həm ölkələrimiz, xalqlarımız, həm də dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti olduğunu bildirir: “Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq. Bu gün əziz qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.”
Xəyalə Eminova
F.Gözəlov adına 124 №-li məktəbin direktor müavini
Müəllif: Ceyhun Rasimoğlu