Aleksandr Duqin: “Azərbaycan çoxqütblü dünyanın qalası ola bilər və olmalıdır”
Çin bütün dünyada “Bir kəmər, bir yol” layihəsi çərçivəsində özünün iqtisadi əməkdaşlığını partnyorları ilə fəal şəkildə aparmaqdadır. Bununla yanaşı, Çin ABŞ-ın və Qərbin artan təzyiqləri ilə qarşılaşır. Çinə yönəlik istər əvvəllər, istərsə də indi barışmaz mövqedə dayananlardan biri də ABŞ-ın sabiq prezidenti Donald Trampdır. O, bugünlərdə bəyan edib ki, Çin koronavirus pandemiyasının vurduğu zərərə görə təkcə ABŞ-a 10 trilyon dollar təzminat ödəməlidir.
Çinə qarşı neqativ münasibət “Böyük yeddilik”lərin (G7) görüşündə də müşahidə olunub. NATO-nun sammitində isə Çin “kollektiv təhlükəsizlik qarşısında dayanan “çağırış” adlandırılıb.
Çin Xalq Respublikası Bakı ilə partnyorluq edir
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşündən sonrakı mətbuat konfransında bəyan edib ki, Rusiya Çinə qarşı tətbiq edilən təzyiqli vəziyyətə görə çox çətin situasiyadadır.
Lakin bütün bunlarla yanaşı, Çin Xalq Respublikası Bakı ilə partnyorluq edir. Pekin Azərbaycana investisiya qoyuluşlarını artırmaqla infrastruktur layihələri istiqamətində də əməkdaşlığını inkişaf etdirməyə hazır olduğunu nümayiş edir.
Bu barədə yaxınlarda telefon danışıqları aparan Azərbaycan Prezidenti İlham Əliyevlə ÇXR-in Baş katibi Si Tsinpin də fikir mübadilələri aparıblar.
Bəs Qərb tərəfindən Çinə qarşı tətbiq edilən güclü hücumlar nə ilə bağlıdır və bu hücumlar daha nələrə gətirib-çıxara bilər?
“Rusiya və Çin özlərini iki qütb kimi təqdim edirlər və Amerikanın dünyəvi hegemon olaraq idarəçiliyinə məhdudiyyətlər qoyurlar”
SİA xəbər verir ki, caliber informasiya analitik mərkəzi tərəfindən verilən sualları siyasi elmlər doktoru, Rusiya filosofu və publisisti, Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqin cavablandırıb.
“Əvvəlcə diqqəti ona çəkmək istərdim ki, bir çoxları ABŞ-da Donald Trampın tənqidçisi olan Co Baydenin Çinlə münasibətlərini yaxşılaşdıracağı, Rusiya ilə pisləşdirəcəyi barədə düşünürdülər. Ancaq eks-prezidentlə Ağ evin fəaliyyətdə olan dövlət başçısının siyasətləri çox az fərqlənir. Hər ikisi Rusiyaya qarşı çıxış edirdilər və indi də bu mövqedədirlər, o cümlədən, Çinə qarşı da bənzər çıxışlar olsa da, onlar müxtəlif intensivliklə müşahidə olunur”, deyən Duqin bildirib ki, burada söhbət yeni dünya düzəninin obyektivliyindən gedir: “Rusiya və Çin özlərini iki qütb kimi təqdim edirlər və Amerikanın dünyəvi hegemon olaraq idarəçiliyinə məhdudiyyətlər qoyurlar. Elə Tramp da buna reaksiya göstərirdi və Çini əsas iqtisadi rəqib kimi görürdü. Çin iqtisadi sferada ABŞ-a tabe olmur, Rusiya isə hərbi-strateji nəzər nöqtəsindən tabe olmayacağını nümayiş etdirir. Bax, beləcə iki qütb yaranır və onlar ABŞ-ın təkidarəçiliyini məhdudlaşdırır, qlobal layihələrinə mane olurlar.
Tramp ABŞ-ın milli maraqları təhlükəsinə diqqət yetirirdi. Bayden üçün hər şey daha ciddidir, belə ki, Rusiya və Çin dünya düzəninin alternativ qütbləri olaraq çıxış edirlər. Bu isə qloballaşmaya təhlükədir və qlobalistlərin düşüncələrinə görə suverenlik milli maraqların üstündə dayanan Qərbin və ABŞ-ın xeyrinə təhvil verilməlidir. Maraqlıdır ki, Amerikanın özündə millətçilər (Trampın tərəfdarları) və qlobalistlər (Baydenin tərəfdarları) Rusiya və Çinin dünyada oynamağa başladıqları bu rollarını eyni ölçüdə qəbul etmirlər”.
“Rusiya və Çin bərabərlik alyansındadırlar, ancaq ABŞ-la alyansa getməyəcəklər”
Duqin Çinin “Bir kəmər, bir yol” layihəsi müqabilində Avrasiyanın bütün sahilyanı bölgələrində geosiyasi və iqtidsadi modelinin ekspansiyasının gedəcəyini deyib: “Əslində, qərbin liberal qloballaşdırma binası “yanır”. Ortaya çoxqütblü dünyanın mənzərəsi çıxır və orada Vladimir Putinlə Si Tsinpin yaşayır. Ona görə Trampın ardınca Bayden ortaya çıxaraq Çinlə sərt qarşıdurmaya gedir. Rusiya və Çin bərabərlik alyansındadırlar, ancaq ABŞ-la alyansa getməyəcəklər. Amerikanın Trampın dövründə, həmçinin Baydenin dövründə bərabərlik qütblərini tanımaları ehtimal olunmur. Amerika ilə müttəfiqlik hər zaman onun həlledici rolunu, ideologiyasını, onun marağını tanımağı əks etdirir”, rusiyalı siyasət elmləri doktoru bildirib.
“Azərbaycana aidiyyatı olanlara gəlincə isə: əgər ölkə çoxqütblük əsasında özünün suveren, müstəqil siyasətini qurursa, onda bu, Çinlə iqtisadi partnyorluq, Rusiya ilə hərbi-siyasi əməkdaşlıq da ola bilər”
Filosof, həmçinin, Azərbaycanın Çinlə iqtisadi partnyor olması, “Bir kəmər, bir yol” layihəsi çərçivəsindəki əməkdaşlığı barədə də danışıb. Onun sözlərinə görə, Çinlə əməkdaşlıq yalnız o ölkələr üçün “toksik” ola bilər ki, onlar ABŞ-ın nəzarəti zonasında yer alırlar. Amerika bunu itaətsizlik aktı kimi qəbul edəcək. Dünya çətin keçid mərhələsindədir, çoxqütblü dünya eyni anda mövcuddur. Amerika rəhbərliyinin düşüncəsində vahid idarəçilik mərkəzi tərəfindən yönəldilən hər hansı “vahid dünya” təsəvvürü var: “Azərbaycana aidiyyatı olanlara gəlincə isə: əgər ölkə çoxqütblük əsasında özünün suveren, müstəqil siyasətini qurursa, onda bu, Çinlə iqtisadi partnyorluq, Rusiya ilə hərbi-siyasi əməkdaşlıq da ola bilər. Əgər Çin yaxındırsa, onda Rusiya lap yanındadır. Və yeri gəlmişkən, nəyə görə də Qarabağ azad olunandan sonra KTMT-yə və Avrasiya İqtisadi İttifaqına daxil olmaq məsələsi qoyulmasın? Buna maneə yoxdur. Ardıcıl fəaliyyət göstərmək lazımdır. Mənim görüşümə görə, Türkiyəni də Avrasiya İqtisadi İttifaqına dəvət etmək lazımdır. Bizim hamımız məhz Avrasiya dövlətləri olaraq fəaliyyət göstərməliyik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev suveren Azərbaycanın tərəfdarıdır, O, qəhrəmanlıqla ölkəsinin ərazi bütövlüyünü bərpa etdi. Və yeri gəlmişkən, bu prosesdə Vaşinqton deyil, Rusiya və Türkiyə özlərinin rollarını oynadılar”.
“İlham Əliyev müdrik və uğurlu siyasətçidir, O, atası Heydər Əliyevin yolu ilə gedir, Onun vəsiyyətini həyata keçirir, özü də parlaq nəticələrlə”
Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqin sonda bildirib ki, o, Azərbaycanın sadiq dostudur, Azərbaycan Rusiya, Türkiyə və İran arasında avrasiyaçılıq baxımından böyük və həlledici əhəmiyyətə malik olan ölkə və xalqdır – Moskva üçün mühüm strateji partnyordur.
“Azərbaycan çoxqütblü dünyanın qalası ola bilər və olmalıdır. İlham Əliyev müdrik və uğurlu siyasətçidir, O, atası Heydər Əliyevin yolu ilə gedir, Onun vəsiyyətini həyata keçirir, özü də parlaq nəticələrlə. Və hər zaman yeni çağırışlara hazır olmaq lazımdır, İlham Əliyev bunu bacarır. Mən Ona inanıram, O öz xalqı və dövləti üçün ardıcıllıqla doğru yolu seçir”, deyə qeyd edən Duqin Azərbaycanın da çoxqütblü dünyaya inteqrasiya edə biləcəyinə ümid etdiyini bildirib.
Tərcümə etdi:
Rövşən RƏSULOV