Kreml koronavirusla bağlı deyilən rəqəmlərdən narahat deyil…
Bildirək ki, bu gün Rusiyada koronavirus tüğyan edir. Amma maraqlıdır ki, “Kreml hələ ki, Rusiyadakı koronavirusla bağlı verilən məlumatların etibarlılığından narahat deyil”. Qeyd edək ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi açıq statistikanın düzgünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
Xatırladaq ki, əvvəllər bəzi rus KİV-ləri Rusiya hakimiyyət orqanlarının koronavirusla bağlı verilən rəqəmləri beş dəfə aşağı saldıqlarını iddia edirdilər. Maraqlıdır ki, son zamanlar Rusiya Səhiyyə Nazirliyi də bu hesablamaların gerçəkliyə uyğun olmadığını etiraf etmək zorunda qalmışdı.
Beləliklə, ötən gün “RİA Novosti”-yə açıqlama verən Peskov bu dəfə Rusiya hökumətinin ölkədə pandemiya ilə mübarizə tədbirləri görmək üçün koronavirus virusuna yoluxma halları barədə tam məlumata malik olduqlarını deyib.
Mətbuat katibindən pandemiya məsələlərində daha çox açıqlıq mövzusunda Rusiya Prezidentinin təlimatını gözləməyin lazım olub-olmadığını soruşduqda, o təlimatın artıq hazır olduğunu bildirib.
Peskovun sözlərinə görə, məlumatların açıqlığı ilə bağlı heç bir sual yoxdur: “Hökumət qərargahı dərc olunandan daha çox məlumat alır. Bunlar regional və texniki məlumatlardır. Məhz elə bunların əsasında, baş verənlərin tam mənzərəsi formalaşdırılır”-deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.
Ağasəf Babayev