Maraqlıdır, ABŞ bu dəfə Cənubi Asiyada” İŞİD” -lə mübarizə aparacaqmı?
Beləliklə, “Taliban”ın Kabili “ələ keçirməsindən” təxminən iki həftə keçir, amma buna baxmayaraq, bu gün Əfqanıstandakı son yaşananlarla bağlı bəzi qəribə nüanslar da ortaya çıxmaqdadır. Maraqlıdır, bu necə olur ki, ABŞ tərəfindən hər cür silah-sursatla təmin olunan, say hesabına görə də “Taliban” ordusundan qat-qat üstün olan Əfqanıstan ordusu adi avtomat və minamyotlarla silahlanmış taliblərə niyə bu qədər tez və asan “məğlub oldu”?
Qeyd edək ki, bu günlərdə “The New York Times” nəşrinə açıqlama verən Əfqanıstan ordusunun komandanı, general Sami Sadat bununla bağlı bəzi qaranlıq məqamlara aydınlıq gətirməyə çalışıb.
İlk olaraq, Əfqanıstan Silahlı Qüvvələrinin müharibədə məğlub olduğunu “etiraf edən” əfqan hərbçisi bunu bir növ ABŞ -ın onlara qarşı sərgilədiyi “sədaqətsizlik” ilə əlaqələndirir. Bundan əlavə, o, Əfqanıstan ordusunda qohumbazlıq, bürokratiya kimi mənfi halların olduğunu da etiraf edir. Amma bütün bunlara baxmayaraq, əfqanıstanlı general bu müharibədə Vaşinqtonun Əfqanıstan ordusunu necə “boğduğunu”, onların iş görmək imkanlarını necə məhdudlaşdırdığını da gizlətmir: “Vaşinqton Əfqanıstan üçün yüksək texnologiyalı xüsusi kəşfiyyat vahidləri, helikopterlər və hava hücumlarına əsaslanan ABŞ hərbi modeli qurmuşdu. Amma sonradan hava dəstəyimiz bitdikdə və döyüş sursatımız tükənəndə “Taliban” üzərində üstünlüyümüzü itirdik”.
General Sami Sadata görə, müharibəni uduzmalarında prezident Əşrəf Qaninin də günahı böyükdür. Çünki o, əfqan ordusunu taleyin ümidinə buraxmışdı. Məhz buna görə də orduda korrupsiya, ərzaq və yanacaq çatışmazlığı, oğurluq baş alıb gedirdi.
Qeyd edək ki, general Sadat, ABŞ prezidenti Cozef Baydenin Əfqanıstan ordusunun savaşı döyüşsüz təslim etdiyi barədə dedikləri ilə də razılaşmır və 20 illik müharibədə şəhid olan 66 mindən artıq əfqan əsgərini ona xatırladır: “Bizə siyasətçilər və prezidentlər xəyanət etdilər. Bu, hərbi məğlubiyyət idi, amma buna siyasi səhvlər səbəb oldu”. Bunu da əfqan generalı deyir.
Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl rusiyalı hərbi mütəxəssis Aleksey Leonkov da Əfqanıstan Silahlı Qüvvələrinin məğlubiyyətini hərbi komandanlığın zəif xarakteri və hökumətin xəyanəti ilə əlaqələndirmişdi.
Bu arada ABŞ prezidenti Cozef Bayden, Əfqanıstanın Kabil hava limanı yaxınlığındakı hücumda günahkarların tapılaraq cəzalandırılacağını söyləyib. Bununla yanaşı, Amerika lideri “İŞİD” yaraqlılarını vurmaq üçün planlar hazırlamağı da əmr edib.
ABŞ-ın son 11 gündə artıq 100 mindən çox insanı təxliyə etdiyini deyən amerikalı prezident, ABŞ -ın Əfqanıstanda demokratiya qurmaq üçün əsgərlərini qurban vermək niyyətində olmadığını da gizlətməyib.
Qeyd edək ki, Amerika lideri Əfqanıstanda baş verən son hadisələrdən tam məsuliyyət daşıdığını bildirib.
Bir daha xatırladaq: Ötən gün əvvəl Kabil hava limanı binasının yaxınlığında iki intihar hücumu baş verib. Son məlumatlara görə, terror aktı nəticəsində 13 Amerika hərbçisi və 28-i “Taliban” olmaqla 103 nəfər həyatını itirib. 1,3 mindən çox insan isə yaralanıb.
Ağasəf Babayev