“Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etdilər. Hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev çıxışında bir çox vacib məqamlara toxundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşdə xüsusi vurğuladığı məsələlərdən biri İkinci Qarabağ müharibəsi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün daha fəal olmaqla bağlı idi: “Hazırda görünən odur ki, döyüşlər bitsə də, amansız mübarizə davam edir. Ermənilər hazırda informasiya müharibəsində qələbələrini təmin etmək üçün səylə çalışırlar. Bu müharibədə uduzmamaq üçün hər birimiz səylə çalışmalıyıq. Prezidentin xüsusi qeyd etdiyi digər bir məsələ gənclərimizin tərbiyə ilə bağlı idi. O qeyd etdi ki, İkinci Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir. Bu baxımdan hazırkı mərhələdə orta məktəblərimizin və ali təhsil müəssisələrimizin üzərinə ciddi vəzifələr düşür. Gənclərimizin bu ruhda tərbiyəsi üçün bütün gücümüzü səfərbər etməliyik. Prezident İlham Əliyevin vurğuladığı digər vacib məqam işğaldan azad olunmuş ərazilərlə bağlı idi. Prezident qeyd etdi ki, “Bəzi xarici mətbu orqanlarında deyilir ki, Azərbaycan yeddi rayonu azad edib. Bu həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində. Əgər 1923-cü il 7 iyul tarixi xalqımızın faciəsi idisə, 2021-ci ildə biz artıq bu qara səhifəni də qapatdıq. Artıq 7 iyul gözəl bir tarix kimi tarixdə qalacaq. Çünki 2021-ci il iyulun 7-də mənim tərəfimdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasına dair Fərman imzalandı, tarixi ədalət bərpa edildi”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd etdi ki, bu, bir reallıqdır ki, Azərbaycan qısa müddətdə işğalda olan ərazilərini böyük peşəkarlıqla düşməndən azad etdi, bölgədə yeni reallıq yaratdı: “Tarixdə ilk dəfə Azərbaycan itirilmiş torpaqlarını bərpa etdi. Bu gün Azərbaycan bütövlükdə bölgədə bütün strateji nöqtələrə nəzarət edir. Bu təkcə Qarabağda yox, həm də Ermənistanla olan bütün sərhədlərimizdə belədir. Bu, böyük bir uğur və tarixi nailiyyətdir. İşğalda olan digər ərazilərimizə gəldikdə tezliklə onlar da işğaldan azad olunacaq. O gün uzaqda deyil. Buna heç kimin şübhəsi olmasın. Bunun üçün hər birimiz daha çox çalışmalı, bütün gücümüzü səfərbər etməli, birlik və həmrəyliyimizi qorumalıyıq.Müharibə bitsə də mübarizəmiz davam edir. Bu mübarizənin qalibi sona kimi biz olmalıyıq, düşmənin yenidən dirçəlməsinə imkan verməməliyik. Bu, hər birimizdən asılı olan məsələdir”.
Müəllif: Arzu Qurbanzadə