İsrail ilə Fələstin arasındakı əlaqələrdən məsul olan Fələstin Vətəndaş İşləri İdarəsinin rəhbəri Hüseyn əl-Şeyx sosial media hesabından verdiyi yazılı açıqlamada, Fələstin Prezidenti Abbasın İsrailin müdafiə naziri Gantzı qəbul etdiyini deyib. Diaspor info xarici mətbuata istinadən xəbər verir ki, Şeyx ikitərəfli görüşün işğal edilmiş İordan çayının qərb sahilindəki Ramallah şəhərində keçirildiyini bildirib. Görüşdə Fələstin-İsrail münasibətlərinin müzakirə edildiyini ifadə edən Şeyx əlaqələrin "hər cəhətdən" müzakirə edildiyini vurğulayıb. İsrailin Baş naziri Naftali Bennettin ABŞ səfəri zamanı hökuməti dövründə Fələstin dövlətinin qurulmasına icazə verməyəcəyi barədə açıqlamalar verdikdən sonra Gantzın Abbasla görüşməsi diqqət çəkib. Digər tərəfdən, mühasirəyə alınmış Qəzza zolağının İsrail sərhədində İsrail əleyhinə nümayişlərin keçirildiyi və hadisələrin böyüdüyü bir prosesdə İsrail-Fələstin tərəfləri arasında yüksək səviyyəli görüş baş tutub.
Müəllif: Turqay Musayev