Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərinə növbəti səfəri başqa səfərlərə bənzəməz. Çünki bu səfər ayrı bir səfərdir. Qalib ordunun müzəffər sərkərdəsi özünün təməlini qoyduğu "Zəfər yolu" ilə təkcə coğrafi mənada deyil, həm də mənəviyyatımızın, qürurumuzun ucalığı olan Şuşaya bu səfərdə bir qalibiyyət özgüvənliyi yaratmaq, qurmaq, gözəlləşdirmək, Şuşanın dirçəlməsi üçün atılan əməli addımların nəticəsidir. Prezident İlham Əliyev avqustun 29-da Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir: «Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır».
Bəli, heç kəsə sirr deyil ki, bu gün Şuşa əməliyyatı haqqında aparıcı beynəlxalq hərbi məktəblər maraqlanır, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. 44 günlük Vətən müharibəsi çərçivəsində Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki mənfur düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir. Lakin bütün bu çətinliklərə baxmayaraq «alınmaz qala» hesab edilən Şuşa alındı. Öz dırnaqarası əməliyyatlarına «dağlarda toy» adı qoyaraq heç bir hərbi əməliyyat keçirmədən Şuşanı işğal edən ermənilərə dağlarda toy tutan, ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri olan gənclərimizdir. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Vətən sevgisi ilə Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır.
Cənab Prezidentin də qeyd etdiyi kimi, heç kim bu torpaqları bizə elə-belə verməyib, biz əzəli torpalarımızı əhəmiyyətsiz danışıqlarla yox, döyüşə-döyüşə aldıq. Bizim şəhərlərimizi məhv edən quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldən Sarkisyan-Koçaryan cütlüyünü Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq, yüngül silahlarla, bıçaqlarla toplara, tanklara qarşı vuruşaraq məhv etdi. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Nəhayət, düşmən Müzəffər Ali Baş Komandan və onun Şanlı Ordusu qarşısında diz çökdü və kapitulyasiya aktına imza atdı.
Artıq bu gün Şuşanın dirçəlişinin növbəti mərhələsi başlayır. Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında bir daha vurğulayıb ki, dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi: «Qeyd etdiyim kimi, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını qeyd etdik»,-deyən Azərbaycan Prezidenti Şuşada aparılan bərpa-quruculuq işləri barədə qeyd edib ki, dünən “Qarabağ” oteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdığını deyərək beşulduzlu otelin yeri ilə bağlı bildirib ki, «bu yer də mənim tərəfimdən seçildi. Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi”.
Bəli, o mənfur düşmənlərin yuvaları, o cümlədən qondarma “Dağlıq Qarabağ respublikası» adlı şeytan yuvası güclü ordumuzun gücü ilə dağıdıldı. Ali Baş Komandanımız hər zaman bəyan edib ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.
Bəli, bu gün bu deyilənlər reallığa çevrilib. Vaxtilə Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda çıxış edərkən cənab Prezident İlham Əliyev demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Sözü imzası qədər dəyərli olan cənab Prezident bu vədinə də əməl edərək öz xalqının ümidlərin doğrultdu, qürurlu və məğrur Azərbaycan xalqının sevgisini əbədi olaraq qazandı. İndi bütün dünya bizi qürurlu, məğrur, məğlubedilməz xalq kimi tanıyır. Çünki istər beynəlxalq müstəvidə aparılan fəaliyyət, istər iqtisadiyyatımızın hər keçən il daha da gücləndirilməsi, ümumilikdə cənab Prezident İlham Əliyevin 18 illik fəaliyyəti məhz Qarabağ zəfərinə istiqamətlənmişdi. Müharibə dövründə isə Azərbaycan bir gün belə geri addım atmadı. Şanlı ordumuz hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirdi. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Düşməni məcbur etdik və cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxardılar.
“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Dahi Heydər Əliyevin bu arzusunu cənab Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” dedi, sona qədər getdi və Şuşanı əsl sahibinə-Azərbaycan xalqına geri qaytardı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü, onun rəhbərliyi ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də Azərbaycan ziyalılarının iştirakı ilə açılışı olmuşdur. İndi isə Azərbaycanın müstəqilliyinin təxminən otuz yaşı var.
Ata vəsiyyətini yerinə yetirən Prezidenti İlham Əliyev avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib ki, Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var: «Əziz dostlar, təxminən, 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi".
"Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri ki, hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq", - dövlətimizin başçısı bildirib.
Beləliklə, müharibədən sonra dövlət başçsının mədəniyyət paytaxtımız olan Şuşaya növbəti səfəri, orada səsləndirdiyi mühüm fikirlər və aidiyyəti üzrə verilən tapşırıq və göstərişlərdən də tam əminlik yaranır ki, Şuşa yaxın gələcəkdə nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhəri olacaq. Bir sözlə, Prezidentin növbəti Şuşa səfəri zamanı verdiyi mesajlar təkcə Ermənistana deyil, həm də bu ölkənin havadarlarına ünvanlanmış və Ermənistandan hansısa təxribat olacağı təqdirdə, Azərbaycan "Dəmir yumruğu"nu yenidən işə salaraq, düşmənin dərsini verəcəyini lazımı ünvanların diqqətinə çatdırmış oldu.
SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri