"Əziz həmvətənlər, ey mənim ermənilərim, siz Nikolun “Türkiyə ilə müsbət siqnal mübadiləsi”nə inanmayın. Nikol anlamasa da, gərək siz anlayasınız ki, türklərin bu “oyunu” biz erməniləri yeni qarmağa “şirnikləşdirməkdən” başqa bir şey deyil".
Deyim ki, bu fikirləri erməni “şərəfli”lərindən biri, “Mənim şərəfim var” fraksiyasından “pərvazlanıb”, indi, artıq özünün “Dayanma nöqtəsi” adlı analitik mərkəzini yaradan Tiqran Abramyam özünün şəxsi “Facebook” səhifəsində yazmaqla xalqını “ayıq olmağa” çağırıb.
Tiqrana görə, türklər ermənilərə müsbət siqnalları elə-belə göndərmirlər. Guya bu siqnallarla türklər ermənilərə öz şərtlərini qəbul etdirmək istəyirlər. Məsələn, Tiqrana görə, Azərbaycanın ərazi bütövlüyünün zorla da olsa tanınması məsələsi də bu müsbət siqnallı şərtlərdən biridir.
Bundan başqa, türklərin tələblərindən biri də “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması prosesinin irəliləməsindən imtina etməkdir. Yəni türklər bizdən bundan sonra “erməni soyqırımı”nı təbliğ etməməyi tələb edirlər.
Yenə də ey mənim ermənilərim, bu gün siz də mənim kimi, Türkiyənin Azərbaycanla birləşib əvvəlcədən razılaşdırılmış və aralarında bölüşdürüldüyü rolları oynadığını anlamalısınız. Amma onların bu “oyununa” Nikolun da qatılması mənim üçün hələ də müəmma olaraq qalır. Əslində, mənə görə, bu, onun siyasət adamı olmamasından da xəbər verə bilər.
Bu gün Azərbaycan Ermənistan sərhədində “təxribatlar törədir”, “sərhədçilərimizi incidir”...siz başa düşün ki, bütün bunlar təkcə Türkiyə ilə razılaşdırılmır, həm də Bakı bunları həyata keçirmək üçün Ankaradan “dəstək alır”.
...Ona görə də, mən sizi inandırıram, Nikolun müsbət siqnallarla bağlı dediklərinə inanıb, eləməyin. Çünki mənim yuxarıda da dediklərimə rəğmən, Ermənistan-Türkiyə münasibətlərinin mümkün normallaşmasından və ya alınan müsbət siqnallardan danışmaq tamamilə məntiqsizdir.
Ağasəf Babayev