Azərbaycan regionda sülh və sabitliyin, dayanıqlı inkişafın təmin edilməsində maraqlı olan, özünü bu prosesin bir parçası kimi görərək imkanlardan faydalanmaq istəyən hər kəsin önündə geniş fürsətlər dünyasının qapılarını açıb. Regionun gələcək mənzərəsini tərəqqipərvər bəşəriyyətin gözləri önündə şəkilləndirib. Eyni zamanda, belə bir gələcəyin qurulması, bölgənin təhlükəsizliyini, inkişaf axarını təhdid edən amillərin aradan qaldırılması üçün əsas gözləntiləri öz ünvanlarına yetirir. Bu gözləntilərin mühüm bir qismi 10 noyabrda imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq sülhyaratma missiyasını öz üzərinə götürmüş Rusiyaya aiddir.
Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasının müxbirinə müsahibəsində Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilmədiyini deyərək vurğulayıb ki, bu, üçtərəfli Bəyanata ziddir: “Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik”. Dövlət başçısının müsahibəsində diqqətə çatdırdığı faktlar, rəqəmlər vəziyyətin Azərbaycanın tam nəzarəti altında olduğunu və heç bir məntiqi əsasa söykənməyən, sülh proseslərinə xələl gətirən belə halların aradan qaldırılmasının zəruriliyini göstərdi: “Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik” – dedi və bildirdi ki, “Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik”.
İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”
Bir sözlə, dövlət başçısı bir daha vurğulayıb ki, məsuliyyətsiz bəyanatlar səsləndirən Ermənistan rəsmiləri də bundan nəticə çıxarmalı, revanşist xülyalara düşməkdənsə, fikirlərini sülh, əməkdaşlıq, hər kəs üçün birgə inkişaf imkanlarına yönəltməlidirlər. Prezident İlham Əliyevin verdiyi mesajlardan qorxuya düşən düşmənin Ağdərəyə od vurması bizə 44 günlük müharibədən sonrakı dövrü – Ağdam, Kəlbəcər və Laçının Azərbaycana təhvil verilməsi üçün ayrılan müddətdə ərazilərimizi tərk edən ermənilərin evlərə od vurub, yandırması hadisəsini xatırlatdı. Buradan belə bir nəticə çıxır ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan Prezidentinin verdiyi mesajı nəinki anlayıb, II Qarabağ müharibəsindən sonra son zamanlar yenidən düşdükləri ekstaz hissindən uzaqlaşmağa məcbur edib.
Prezident İlham Əliyevin “CNN türk” telekanalına müsahibəsindən sonra Ermənistan tərəfinin belə bir addım atması onların regiondakı reallığı zingildəyə-zingildəyə məcbur qəbul etdiklərini göstərir. Həmin əraziləri çox qısa zamanda tərk etməkdən başqa çıxış yollarının qalmadığını yaxşı anlayan Ermənistan tərəfi, ərazilərə od vurmaqla yenə də öz murdar, məkirli niyyətlərini ortaya qoyaraq maksimum şəkildə Azərbaycanın flora, faunasına ziyan vurmaq niyyətindədirlər.
Azərbaycan Prezidenti “Laçın dəhlizi bizim gözümüzün önündədir. Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik” açıqlaması rəsmi Moskvaya “Sizin bölgəyə sülhü, təhlükəsizliyi, sabitliyi təmin etmək üçün gəlmənizə razılıq verdik, belə özbaşınalıqlar etməyə yox. Düşünməyin ki, etdiyiniz qanunsuzluqlardan xəbədar deyilik. Biz nəinki başlı-başına buraxdığınız ermənilərə, eyni zamanda sizə də nəzarət edirik” mesajını vermiş oldu. Dövlət başçısı bununla Rusiya sülhməramlı kontingentinin hər addımını rəsmi Bakının diqqətlə izlədiyini Moskvaya çatdırdı.
Dövlət başçısı müsahibə zamanı Rusiyadan gözləntilərimizi açıq şəkildə bəyan etdi. O, Kreml rəhbərliyindən üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilməsində məsuliyyətli olmağa çağırdı. “Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır” deməklə Rusiyadan Azərbaycana dost, müttəfiq olmaz mesajı ilə Moskvanın Azərbaycanın etimadını qırdığına işarə edib. Rusiyanı bölgədə uzunmüddətli sülhü təmin etmək üçün addımlar atmağa çağıran dövlət başçısı rəsmi Bakının gözləntiləri barədə deyib: “Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır”.
30 illik işğal zamanı və 44 günlük müharibənın də gedişində Rusiyadan Ermənistana yük təyyarələri və quru yollarla daşınan silah-sursatlar, ağır hərbi texnikaların aqibəti heç kimə sirr deyil. Bu gün Bakının mərkəzində Hərbi Qənimətlər Parkında məhv edilən Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın məhz 90%-nin Rusiyaya aid olduğundan hər kəs xəbərdardır. Azərbaycan Prezidentinin Rusiyanın Ermənistanı silahlandırmasının məntiqsiz adlandırması, əslində, Moskva ilə yanaşı Ermənistan üçün də ciddi bir xəbərdarlıq olmalıdır. Çünki son 30 il ərzində Rusiyanın Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız verdiyi silahların böyük bir qismi Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir. Əgər Rusiya üçtərəfli bəyanatın vasitəçi tərəfi kimi öz missiyasını yerinə yetirməzsə, Azərbaycan beynəlxalq sənədlərə söykənən ərazi bütövlüyünü bərpa etmək hüququnu yenidən öz üzərinə götürəcək. Azərbaycan Prezidentinin “Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar” sözləri də Ermənistan rəhbərliyinə və onu silah-sursatla təmin edən havadarlarına məhz bundan ibarətdir.
Çünki Azərbaycan bölgədə yeni müharibə istəmir, lakin Ermənistan qanunsuz silahlanmağa davam edərsə və bəyanatın müddəları yerinə yetirilmək əvəzinə təxribatlar artarsa, Azərbaycan Ordusu yenidən ön plana çıxaraq missiyanı özü tamamlayacaq. Bir sözlə, Prezident İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsində həm Ermənistana, həm də havadarlarına ciddi mesajlar verməklə, düşməni bir daha xəbərdar etdi ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. Və İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır. Təbii ki, düşmənlərimiz bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalı, yenidən müharibə əhval-ruhiyyəsinə düşməməlidirlər. Unutmamalıdırlar ki, 30 il ərzində xarici havadarlarının köməyi ilə işğal altında saxladıqları Azərbaycan ərazilərindən 44 gün ərzində qovuldular. Bu müddət ərzində Ermənistan ordusu darmadağın edildi. Dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Ermənistan qonşu dövlətlərin torpaqları hesabına hələ də “böyük Ermənistan” dövləti yaratmaq iddiasından əl çəkməyib və öz ərazisini bu yolla daha da genişləndirmək istəyir. Ancaq bu günə kimi məğlubiyyətlərindən ciddi nəticə çıxarmalı, son variant kimi sülh danışıqlarına razılıq verməlidir.
“Əgər buna razılıq verməsələr, sonrası onların özləri üçün pis olacaq”
Azərbaycan Prezidenti müsahibəsində məğlub Ermənistana düz yol göstərərək bildirib ki, əgər buna razılıq verməsələr, sonrası onların özləri üçün pis olacaq.
“Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.İkinci Qarabağ müharibəsinin Qalib Sərkərdəsi İlham Əliyev “CNN Türk” kanalına müsahibəsində səsləndirdiyi bu fikirləri ilə, əslində, tək məğlub Ermənistana deyil, Azərbaycana qarşı düşmən mövqelərdə duran, ölkəmiz üçün yeni təhdidlərə cəhd etmək xülyasında olan bütün qüvvələrə aşkar xəbərdarlıq mesajı verdi. Bir məqamı xatırlatmaq istərdik ki, Azərbaycan Prezidenti müharibədən öncə də bir neçə dəfə belə xəbərdarlıqlar etmişdi. Amma Ermənistan və havadarları bu xəbərdarlıqlara əhəmiyyət verməyincə “dəmir yumruq” işə düşdü və düşmənin başını əzib ədaləti bərpa etdi. Bu gün diktəni Prezident İlham Əliyev edir və Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur. Lakin görünən odur ki, Azərbaycan qarşısında diz çökən bu ölkə son dövrlərdə yenə havadarlarına arxalanaraq əl atdığı təxribatlarla nəsə etməyə çalışır. Buna görə də Azərbaycan Prezidenti Ermənistana və havadarlarına mesaj göndərməklə xatırlatma etdi. Prezident dedi ki, üçtərəfli 10 noyabr Bəyanatının bütün müddəlarına qeyd-şərtsiz əməl olunmalıdır. Əgər Ermənistan buna əməl edərsə, Cənubi Qafqazda bundan sonra davamlı sülh, sabitlik və inkişaf bərqərar ola bilər. Eyni zamanda iqtisadi-ticari əlaqələrdə yeni mərhələ başlaya bilər və bu həm də Ermənistanın xeyrinə işləyər. Dövlətimizin başçısı bir daha xatırlatma etdi ki, “dəmir yumruq” istənilən an işə düşə bilər. Odur ki, məğlub Ermənistanın İlham Əliyevin şərtləri ilə hesablaşması ən doğru yoldur. Əks təqdirdə yenə də uduzan Ermənistan olacaq.
RƏFİQƏ HÜSEYNOVA