Prezident İlham Əliyev: “Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır”
44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesinə start verilib. Dövlət başçısı çıxışlarında da dəfələrlə vurğulayıb ki, Azərbaycan artıq yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik üçün faydalı olacaq layihələri həyata keçirməyə başlayıb. Çünki Azərbaycan öz öhdəliklərinə sadiqdir və müharibədən sonra da çox konstruktiv yanaşma nümayiş etdirir. Bu reallıqlar isə uzunmüddətli olacaq. Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək.
“Biz Şuşanı yenidən dirçəldəcəyik”
Bəli, 29 avqust 2021-ci il Şuşanın dirçəlişinin növbəti mərhələsi. Bu tarixi bir gün olmaqla, tarixi səfər idi. Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tarixi gündə - Şuşanın dirçəlişinin növbəti mərhələsinin başlanğıcı günündə Şuşaya səfəri, Azərbaycan tarixinin qara səhifəsinin artıq arxada qaldığı, azad olunmuş torpaqlarımızın yenidən nəfəs almağa başladığı mərhələdir.
“Dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi. Qeyd etdiyim kimi, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını qeyd etdik”. Bunu Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında deyib. Şuşada aparılan bərpa-quruculuq işləri barədə söhbəti davam etdirən dövlətimizin başçısı qeyd edib ki, dünən “Qarabağ” oteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. Bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır: “Yeni otel beşulduzlu olacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Beşulduzlu otelin yeri də mənim tərəfimdən seçildi. Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi”.
Bəli, artıq dövlət başçımızın dediyi kimi: “Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq. Dövlətimizin başçısı deyib: “Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.
Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycan: Şuşa azaddır, Qarabağımız dirçəlir!
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi və ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər fəaliyyəti dövründə daim bu amal uğrunda çalışır, torpaqlarımızın işğaldan azad olunması üçün bütün gücünü səfərbər edirdi. “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”, - deyən Ulu Öndər bir gün yurdumuzun düşmən əsarətindən azad olunacağına əmin idi. O, həm də inanırdı ki, memarı olduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da güclənəcək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirəcək və qüdrətli ordusu ilə tarixi ədaləti bərpa edəcək.
1988-ci ildən yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli, Qarabağ bölgəsi hər zaman ulu öndər üçün xüsusi əhəmiyyətə malik olub. O, hələ Sovet dönəmində rəhbər vəzifələrdə çalışarkən Qarabağa həssaslıqla yanaşıb, buranın ictimai-siyasi həyatının, xüsusən də mədəniyyət sektorunun dirçəlməsində əvəzsiz rol oynayıb. Ulu Öndərin Şuşaya dair sözləri Qarabağa necə sevgi ilə yanaşmasını sübut edirdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən Dahi Heydər Əliyevin bu arzusunu bu gün cənab Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək bu gün artıq quruculuq işləri uğurla aparılır.
Qarabağda həyat yenidən qaynayacaq
Bəli, bu gün işğaldan azad olunmuş torpaqlar quruculuq meydanına çevrilib. Prezidentin işğaldan azad olunmuş rayonlara səfəri zamanı -“Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etd, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Prezident İlham Əliyevin bu dəfə işğaldan azad olunmuş Qarabağımızın tacı olan Şuşaya səfəri, səfər zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Qarabağın hava qapısı olan Füzuli rayonunda hava limanının iqşası, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işlərinin aparılması, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin, eyni zamanda, Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışının, Şuşada Vaqif Poeziya Günləri keçirilməsi, Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işlərini aparılması, həmçinin, “Otel və Konfrans Mərkəzi”nin və yeni yaşayış massivinin təməlqoyma mərasimi, “Qarabağ” hotelinin açılışı, bir sıra bərpalar barədə göstərişlər verməsi dövlətimizin başçısının “Qarabağda cənnət yaradacağıq” vədinin növbəti reallığıdır.
Bir sözlə, bu gün artıq Azərbaycan Respublikasının Prezidenti azad nəfəsalan torpaqlarımızı gəzir, Qarabağın cənnətə çevrilməsi üçün tapşırıqlarını verir, işlərə nəzarət edir, yeni layihələrin həyata keçirilməsi yollarını arayıb-axtarır və bu sahədə əməli tədbirlər görür. Azərbaycan xalqı da öz Prezidentinə inanır, güvənir və əmindir ki, qısa zaman çərçivəsində işğaldan azad olunmuş ərazilər bərpa ediləcək, böyük qayıdış başlayacaq və Azərbaycan dünyanın ən abad, gözəl, inkişaf etmiş dövlətləri sırasında olacaqdır. Bunun üçün hər bir imkan, hər bir şərait var. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti öz xalqına, öz gücünə inanır və torpaqların tez bir zamanda cənnətə dönəcəyi barədə verilən bəyanat bir həqiqətə çevriləcəkdir.
Bir sözlə, bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Dövlət başçımızın dediyi kimi: “Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik”.
RƏFİQƏ KAMALQIZI