Laçında Azərbaycan - Türkiyə hərbi təlimlərinin indiyə qədər hər il keçirilərək artıq ənənə şəkli almış digər təlimlərdən fərqləndirilməsi üçün çox ciddi əsaslar mövcuddur. Bu təlimlərin Ermənistanla sərhədlərimizə, üstəlik separatçılar üçün də müstəsna əhəmiyyəti olan dəhlizə yaxın ərazidə keçirilməsi onun həssaslığını daha da artırır. Laçın təlimlərinin müasir Azərbaycan tarixində daha böyük gələcəyə hesablanmış proseslərin tərkib hissəsi olduğuna şübhə yoxdur. Prezident Əliyevin "onsuz da bölgəmizdə hərbi güc nisbəti dəyişməyəcək" fikrini də əlavə etsək Laçın təlimlərinin əhəmiyyətinə daha geniş dəhlizdən baxmaq zərurəti bir daha önə çıxır.
İlk növbədə Laçın təkimlərini Konyada keçirilən Azərbaycan-Türkiyə təlimləri və müəyyən müddət sonra üçtərəfli Azərbaycan-Türkiyə-Pakistan xüsusi təyinatlılarının təlimləri ilə eyni kontekstdə nəzərdən keçirmək lazımdır. Burada vacib nüans odur ki, hərbi təlimlərin üç subyektindən ikisi - Türkiyə və Pakistan geosiyasi rəqabətdə əsasən Azərbaycanın mənafelərinə və siyasətinə uyğun kurs aparırlar. Əlbəttə, bunu iki ölkənin birmənalı şəkildə Rusiyaya zidd və ya düşmən siyasət aparması kimi başa düşmək düz olmazdı. Çünki xüsusilə Türkiyənin, qismən də Pakistanın Rusiya ilə anlaşıqlı mövqedə olduğuna dair məqamlar var. Yəni tam qarşıdurma münasibətlərində deyillər. Lakin bu iki ölkənin bütün beynəlxalq məsələlərdə Ermənistanla əks siyasət apardığı faktdır. Bu amil Ermənistanın bölgədə revanşist siyasət aparmaq imkanlarını xeyli məhdudlaşdırır. Bu təhlükəni təbii ki, tam aradan qaldırmır, qaldıra da bilməz. Çünki ermənilər 70 il bundan imtina etmədilər, təcavüz ideologiyasını alt qatlarda yaşatdılar, fürsət olan kimi baş qaldırdllar. Bunu unutmamalıyıq. Ancaq ermənilərin ötən əsrin 80-ci illərinin sonları ilə müqayisədə revanş götürmək imkanları qat-qat azalıb. O zaman indiki kimi burunları əzilməmişdi, təhqiramiz aforizmə çevrilmiş "nooldu, Paşinyan?" ittihamına hədəf olmamışdılar, bir çox hələ ifşa olunmamış rus, fransız, amerika oyunlarının aləti olaraq "modda " idilər. İndiki revanş iddiaları sonadək sönməyəcək də, daha heç vaxt güclü hakimiyyət qüvvəsinə çevrilməyəcək də... Yəni tünd olduqca öz qablarını çatladacaqlar.
Laçın təlimlərinin daha bir həssas xüsusiyyəti onun məşhur Türkiyə-Azərbaycan Şuşa bəyannaməsindən sonra, onun ruhuna uyğun olaraq Laçın dəhlizinin "beş" addımlığında keçirilməsidir. Bunun dünyaya və ilk növbədə Ermənistana yönəlik mesajı odur ki, Azərbaycan sərhədlərinin təhlükəsizliyinə təminat gündən günə möhkəmlənir və bu işin mühüm bir hissəsini qardaş Türkiyə öz çiyninə götürüb. Türk hərbçilərinin indiyə qədər Naxçıvanda olması kimi məqbul vəziyyətin məzmunu bir az da genişlənir və Laçın təlimləri artıq türk əsgərinin Eemənistanın cənub-şərq sərhədlərinə yaxın ərazilərdə də peyda olduğunu tirajlayır.
Konya və Laçın təlimlərinin ardınca Pakistan daxil üç ölkənin xüsusi ordularının keçirəcəyi tarixdə görünməmiş birgə təlimləri kontekstində Prezident İlham Əliyevin CNN türk televiziyasına müsahibəsindən bir fikrin üzərində yenidən dayanmağa ehtiyac var. Laçın təlimlərinin daha nə demək olduğuna əmin olmaq üçün bu vacibdir.
Azərbaycan Prezidenti Ermənistanı silahlandırmaqda davam edən qüvvələrə aydın mesaj verdi ki, bununla regionumuzda hərbi güc balansı onsuz da dəyişməyəcək. Deyildiyi zaman bu sözlərin üzərində aparılan təhlillər əsasən belə qənaətə gətirirdi ki, Prezident yeni və ən müasir silah və texnikaların alışının davam etdiriləcəyini nəzərdə tutur. Təbii ki, belədir, lakin tam əhatəli qənaət deyil. Prezidentin sözlərini "dövlətimizin pulu olduğu üçün biz də silah alışını davam etdirəcəyik və bundan sonra Ermənistan daha bizə çata bilməz" kimi sadə məntiqlə izah etmək tam olmazdı. Daha doğrusu, tək bu cür izah etmək yetərli deyil. Məsələ burasındadır ki, Prezident regionda bundan sonra da Ermənistanla bizim aramızda dəyişməyəcək güc nisbətindən danışanda daha geniş və həm də strateji bucaqdan baxaraq düşünüb. Belə ki, güc nisbətini Azərbaycanın xeyrinə möhkəmləndirmək təkcə silah-sursat alışı ilə məhdudlaşmır. Bugünkü hərbi təlimlər Türkiyənin, ardınca isə Pakistanın ölkəmizdə hərbi iştirak çəkisini artırmaqla xeyrimizə olan regional hərbi güc nisbətini daha da möhkəmləndirir. Bu prosesin detallarını isə İlham Əliyevin müstəsna rol oynadığı Şuşa və Bakı bəyannamələri müəyyən edir. Bunu Azərbaycan prezidentinin aktivində dövlətimizin xeyrinə olan "hərbi güc nisbətinin diplomatik-siyasi yolla" artırılması taktikası da adlandırmaq olar.
Göründüyü kimi, Laçın təlimlərinin ana xəttini və strateji yönümünü Prezidentin məlum fikri kontekstində təhlil etmək daha ehtivalı yanaşmadır. Tək bunu deyək ki, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycana təcavüz edəndə burada nə Türkiyə, nə Pakistan var idi. Demək, əslində indiki təlimlər dirçəlmək üçün çabalar göstərən Ermənistan revanşizminin qarşısında ən etibarlı və zərərsizləşdirici gücün ortaya çıxmaqda olduğunu göstərir.
Aydın Quliyev