“Prezident İlham Əliyev 12 noyabrda İstanbulda keçirilən Türk Dövlətlərinin Təşkilatında Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Bu orden cənab Prezidentə Qarabağın azad edilməsində göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyi töhfələrinə görə verilib”. Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Azərbaycanın Türk Şurasına sədrilik etdiyi dövrdə bu təşkilatın fəaliyyəti daha da aktivləşib, türk birliyinin möhkəmlənməsinə xidmət edib: “Həm də Qarabağ müharibəsində əldə etdiyimiz Zəfərlə Zəngəzur dəhlizinin açılmasının aktuallaşması coğrafi baxımından ayrı düşmüş türk dünyasını yenidən birləşdirir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəmiz ümumən türk dünyasının qələbəsi hesab etmək olar. Bu qələbənin əldə olunmasında Türkiyənin rolu xüsusi qeyd olunub. Çünki Türkiyə Prezidenti cənab Ərdoğanın müharibənin ilk günündə hər cürə yardımla Azərbaycanın yanında olduğunu bəyan etməsi, ölkəmizə türk dünyasının dəstəyi kimi başa düşmək olar. Çünki türk dünyasının mərkəzində məhz Türkiyə dayanır”.
A.Badamov vurğulayıb ki, Türkiyə bu gün dünyanın ən güclü ordusu olan ölkələrdəndir və dünya gücləri də Türkiyə ilə hesablaşmağa məcburdurlar: “Türkiyəni güclü ölkəyə çevirən Türk Dünyasının Lideri Cumhurbaşkanı Prezident Ərdoğandır. Prezidentimizə verilən Türk Dünyasının Ali Ordeni həm də zəfərin qazanılmasında xalqımıza verilən bir mükafatdır. Müharibəni sonlandırmağımız regionda sülhün və təhlükəsizliyin uzun müddətli və davamlı olması üçün şərait yaradıb. Cənab Prezident bəyan etdiyi fikirləri ilə regionda sülhün təminatının lokomotivi kimi çıxış edir. Təbii ki, təhlükəsizlik təmin olunmuş region türk dünyasını daha da möhkəmləndirəcəkdir. Düşünürəm ki, dünyada ədalət varsa, Prezident İlham Əliyev dünyada sülhün və təhlükəsizliyin təminatına verdiyi töhfələrinə görə Nobel mükafatı ilə də təltif olunmalıdır”.
Müəllif: Aysel Məmmədova