"1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına toplaşaraq 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Heç vaxt əsarətlə işğalı qəbul etməyən qəhrəman xalqımızın münayəndələri həmin dövrdə yenicə baş qaldıran erməni separatizminə də qarşı mübarizə aparırdı". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
Onun sözlərinə görə, həmin dövrdə Azərbaycanın Qarabağ vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı: "Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad bir xalqdır. Ermənistanda və Qarabağda azərbaycanlılara qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi".
"Təpədən-dırnağadək silahlanmış erməni quldurları əliyalın, dinc əhalini böyük bir amansızlıqla qətlə yetirirdilər. Təəssüf ki, o zamankı kommunist rəhbərliyi xalqın və vətənin həqiqi mənafeyinin keşiyində dura bilmədi. Bütün bu ədalətsizliklərlə və ərazi bütövlüyünə edilən qəsdlərlə razılaşmayan Azərbaycan xalqı 17 noyabrda ayağa qalxdı. Həmin günlərdə "Meydan hərəkatı" adını almış bu hərəkatla Sovet müstəmləkə rejimi şəraitində repressiyalara məruz qalmış milli şüur yenidən oyandı, özünüdərkə doğru bir dönüş başlandı".
Deputat sözlərinə belə davam edib: "Təkcə Bakıda deyil, respublikamızın bütün şəhər və rayonlarını bürümüş qüdrətli xalq hərəkatı kommunist rejimini Azərbaycandan süpürüb atmaq təhlükəsi yaratmışdı. Xalq geri çəkilmirdi, Ermənistanda və Dağlıq Qarabağda erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış "Meydan hərəkatı" tezliklə Azərbaycanın müstəqilliyinə çağıran şüarlara keçdi. Meydanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayraqları dalğalandı. Qüvvələr hələ qeyri-bərabər olsa da, bir müddət sonra tarix öz sözünü dedi. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı".
"Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günüdür. Mən bu 44 günlük müharibəni məhz 17 noyabr tarixi hadisələrinin davamı kimi qiymətləndirirəm, məhz xalqımızın bir yumruq kimi birləşməsi, 30 ildir doğma torpaqlarımızın 20 faizini işğal altında saxlayan, 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistanın silahlı qüvvələrinə qarşı Böyük Vətən savaşında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri ilə nəticələndi. Mən, bütün xalqımızı 17 noyabr dirçəliş günü münasibətilə təbrik edir, rəşadətli Azərbaycan Ordusuyla qürur duyduğumu bildirirəm".
Ayşən Vəli