"Azərbaycan Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin "Türk Dünyasının Ali Ordeni” mükafatı ilə təltif olunması xalqımızı sevindirir". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Elman Məmmədov qeyd edib.
Onun sözlərinə görə, bu mükafata layiq olmaq bizim üçün böyük bir qürurdur: "Cənab Prezidentimizin özünün də dediyi kimi bu Azərbaycan xalqına, Azəzrbaycan dövlətinə, Azərbaycan ordusuna verilən bir qiymətdir. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana öz təşəkkürlərimizi bildiririk, həmçinin bu tədbirdə iştirak edən dövlətlərə, dövlət başçılarına təşəkkür edirik ki, Azərbaycan dövlətinin başçısını, Müzəffər Ali Baş Komandanımızı belə bir yüksək mükafatla təltif ediblər. Bu mükafat hamımızı sevindirir, ancaq bu mükafat eyni zamanda bizi istəməyən qarşı tərəfə çox ciddi mesajlar da göndərir. Yəni Türk Dövlətləri Birliyi təşkilatı Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycanın müasir dövrdəki mövqeyini, inkişafını, qalibiyyətini, nüfuzunu çox yüksək qiymətləndirir. Təbii ki, bu mükafat hərtərəfli araşdırıldıqdan sonra verilir. Bu mükafatın verilməsinin bir neçə səbəbləri var. Bu mükafat həmçinin 30 illik işğaldan sonra torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi çox qətiyyətli, cəsarətli, müdrik prezidentlik və Ali Baş Komandanlıq qabiliyyətinə verilən qiymətdir. Bu mükafat türk dünyasının birləşməsi üçün, türkdilli dövlətlər birliyinin yaranması üçün, əlaqələrimizin genişlənməsi üçün Azərbaycanın verdiyi savaşın nəticəsidir. Sülhsevərlik istiqamətində, tolerantlıq istiqamətində, humanitar sahə istiqamətində göstərdiyi qiymətlərdir. Yəni ümumilikdə bütün fəaliyyət araşdırılır və sonra bu mükafat təqdim edilir. Əlbəttə ki, bu bütün türk dövlətlərini, xalqımızı sevindirən mükafatdır və bundan sonra da Prezidentimiz daha böyük uğurlara imza atacaq. Dövlətimiz cənab İlham Əliyev sayəsində daha yüksək səviyyələrə yüksələcək”.
Müəllif: Abutel İlhamqızı