Prezident İlham Əliyev: "Çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır"
İyirmi birinci yüzilliyin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasında əsas şərtləndirici amil oldu. Təbii ki, ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və ordumuzun güclənməsi nəticəsində Azərbaycan Vətən müharibəsində döyüş meydanında qalib ölkə olduğunu göstərə bildi. Bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizlədi və üçrəngli bayrağımız yolumuzu gözləyən torpaqlarımızda dalğalandı. Azərbaycan Prezidenti İlham Əliyev "İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq", - deyə çıxışlarının birində bildirib: "Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi".
"BİZ BÜTÜN GÜCÜMÜZÜ SƏFƏRBƏR EDİB BU MÜHARİBƏDƏ QƏLƏBƏ QAZANARAQ DÜŞMƏNİ TORPAQLARIMIZDAN QOVDUQ"
Azərbaycanın Zəfəri keçmiş köçkünləri doğma yurdlarına qaytaracaq. Bu Zəfər Azərbaycanın siyasi-diplomatik qələbəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan tərəfindən yüksək dəqiqliklə və vaxtında edilən siyasi-diplomatik gedişlər tariximizə yeni səhifə əlavə etdi. "Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq", - deyən Azərbaycan Prezidenti bildirib ki, düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub: "Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır".
Bəli, beləliklə, 27 ildən sonra günəş şüaları ilə nurlanmış ağ ev Ağdam Azərbaycana qaytarıldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də, Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. 27 il Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan ərazimiz, əzəli torpaqlarımız sahiblərinə qaytarıldı. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altında idi.
Artıq bu gün bir il bundan əvvəl işğaldan azad olunan Ağdamımızda abadlıq-quruculuq işləri həyata keçirilir. Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus din-mədəniyyət abidələrin dağıtmış olsalar da, tarixi həqiqət qələbə çalıb. Azərbaycan öz haqqına qovuşub. Azərbaycan Prezident İlham Əliyev çıxışlarını birində vurğuladığı kimi, "Bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, Mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır".
"BİZ ELƏ BİR ŞƏHƏR QURACAĞIQ, ELƏ BİR AĞDAM QURACAĞIQ Kİ, BÜTÜN DÜNYA ÜÇÜN ÖRNƏK OLACAQDIR"
Əlbəttə ki, işğaldan azad olunan ərazilərdə görülən işlər planlı şəkildə aparılır. Azərbaycan Prezidenti İlham Əliyev Ağdama səfəri zamanı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirdiyi kimi, əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. Həmin görüşdə Cənab Prezident Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşləri əsnasında bildirdiyi fikirləri də xatırladaraq "Deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq", - deyib. Təqdim edilən Ağdam şəhərinin Baş Planının sözünün təsdiqi olduğunu diqqətə çatdırıb: "Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır".
27 ildən sonra Ağdam işğaldan azad olundu. Bu gün qalib dövlətin vətəndaşları kimi öz torpaqlarımıza səfər edirik və tezliklə öz ata-baba yurdlarından didəgin düşmüş insanlar öz yerlərinə qayıdacaq, yeni bir həyat başlanacaqdır. 1993-cü ilin iyul ayının 23-də erməni işğalçıları tərəfindən işğala məruz qalan Ağdamda artıq abadlıq-quruculuq işlərinə başlanılıb. Ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb və bunun əsasında layihələr reallaşır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 ilə yaxın bir zamanda xarabazara çevrilmiş torpaqlarımızda canlanma müşahidə olunur. Bütün Qarabağ zonası "yaşıl enerji" zonasına çevriləcək.
Qədim mədəniyyət paytaxtımız Şuşada "Xarıbülbül" musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi, 8 ay ərizində Füzuli Beynəlxalq Hava Limanın istifadəyə verilməsi, işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərinin sürətlənməsi, yol, nəqliyyat, enerji infrastrukturlarının geniş miqyasda həyata keçirilməsi görülən işlərdən xəbər verir. Bu uğurlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşır.
Nəzakət ƏLƏDDİNQIZI