"Türkiyə Qarabağda həm infrastrukturun qurulması, həm də sülhün bərqərar olunması baxımından fəal iştirak edən ölkədir". Bu sözləri Diaspor info-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Qarabağda gedən quruculuq və infrastrukturun bərpa olunmasında Türkiyə şirkətlərinin fəal iştirak etməsi təsadüfi deyil: "Türkiyə Qarabağda daimi sabitliyin saxlanılmasında maraqlı olan tərəfdir. Ötən həftə Azərbaycan-Ermənistan sərhədində baş verən insident şübhəsiz ki, qardaş dövlət olan Türkiyəni də narahat edib. Ümumiyyətlə Türkiyə bölgədə iqtisadi kommunikasiyaların bərpası, "3+3" formatında əməkdaşlığın qurulması, Zəngəzur koridorunun açılması ilə bağlı ən çox səy göstərən tərəfdir. Bu baxımdan Qarabağla bağlı son gəlişmələrdən irəli gələrək Türkiyənin narahatçılığı anlaşılandır.
Ermənistan ilə sərhədlərin müəyyən olunmasının və eyni zamanda sülh müqaviləsinin ləngiməsi Azərbaycan qədər Türkiyəni də narahat edən ciddi məsələrdəndir. Çünki regionun gələcək taleyi və sülhün tam bərqərar olması məhz bu məsələlərdən asılıdır. Əgər Qarabağda erməni separatçı hərbi birləşmələri sabitliyi pozmağa davam edərlərsə və Rusiya sülhməramlıları bu məsələdə müşahidəçi mövqedə qalacaqlarsa, Türkiyənin Qarabağda və bölgədə hərbi təmsilçiliyini artırması istisna edilmir. Bütün bunlar gündəlikdə duran əsas məsələlər hesab olunur. Belə görsənir ki, Ermənistan yenidən regiondakı prosesləri və danışıqları başqa məcraya yönəltmək istəyir. Bu isə bölgə dövlətləri, o cümlədən qardaş ölkə olan Türkiyə tərəfindən müsbət qarşılanmır".
Diaspor.info
Miraslan Miriyev