“Zəfər paradı hər şeydən öncə Azərbaycanın qələbəsi ilə bağlı tarixə yazılmış ən mühüm günlərdən biri kimi yadda qalacaq”. Bu sözləri Diaspor info-ya açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bu qələbə paradı idi, Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan ordusunun və şəhadəti şərəf sayan Azərbaycan xalqının vəhdətinin rəmzi idi: “Zəfər paradı eyni zamanda Azərbaycan ordusunun nəyə qadir olduğunu bizə daha aydın göstərdi. Burada Azərbaycan ordusunun necə vuruşduğu, eyni zamanda hansı kadr potensialına malik olduğunu görmüş olduq. İstər su, istər hava, istərsə də quruda necə şərəfli yol keçdiyinin şahidi olduq”.
Millət vəkili fikirlərinə davam edərək bildirib ki, Azərbaycan həmin paradda həqiqətən də birinci əllilikdə olan bir ordunun simvolunu göstərdi: “Həqiqətən də bu ad bizə yaraşır və bəlkə də biz bundan üstünük. Qənimətlər parkında nümayiş etdirilən həmin o sınıq-salxaq texnika ermənilərin özü haqqında yaratdığı mifin necə darmadağın olduğunu göstərdi. Biz bugün dünyaya göstərdik ki, biz yalnız öz ərazi bütövlüyümüzü bərpa etmişik və işğalçılardan təmizləmişik. Ulu Öndər Heydər Əliyevin vaxtilə verdiyi tövsiyyələr, göstərdiyi yol birmənalı şəkildə Azərbaycan xalqı tərəfindən davam etdirilir. Biz qazilərimiz, şəhidlərimiz, ordumuzla fəxr edirik. Eyni zamanda istər Türkiyənin, istər Pakistanın, istərsə də digər dövlətlərin məhz bizə necə yaxın olduğunu nümayiş etdirdik. Biz heç vaxt Azərbaycanın suverenliyini əldən verməyəcəyik. Ərazi bütövlüyümüzü bərpa etməklə, biz yeni qələbələrə də gedəcəyik. Parad bir daha göstərdi ki, Ali Baş Komandanın qətiyyəti yerindədir. Bu Zəfər paradı Azərbaycan xalqının ruh yüksəkliyini nümayiş etdirdi”.
Səbinə Hüseynli