"Bildiyimiz kimi ölkə başçısı cənab İlham Əliyev ad günlərini Azərbaycan xalqı ilə birlikdə keçirir. Hər il şahidi oluruq ki, ad günlərində Prezident cənab İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. 50 illiyində məcburi köçkünlərlə bərabər Ağcabədidə olan ölkə başçısı, 60 illiyini də Qarabağda yəni Şuşada keçirdi". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin öz doğum günündə Hadrut qəsəbəsində hərbi hissənin açılışında iştirak etməsi əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda ondan xəbər verir ki, Müzəffər Ali Baş Komandan hər zaman Azərbaycan Ordusunun yanındadır və ordu quruculuğu ölkə başçısı üçün prioritetdir: "Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımi standartlara cavab verir. Hərbi sahəyə böyük diqqət göstərən cənab Prezident İlham Əliyev hər zaman qeyd edir ki, hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Bir sözlə, ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır. Müharibədən sonra da ordu quruculuğu prosesi uğurla davam etdirilir. Orduya ayrılan xərclər daha da artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq ölkəyə Ordumuzun təchizatı üçün ən müasir silah-texnika gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident, Müzəffər Ali Baş Komandanın açılışında iştirak etdiyi yeni tipli hərbi hissənin Hadrut qəsəbəsində yerləşməsi xüsusi əhəmiyyət kəsb edir: "Çünki bu qəsəbənin yerləşdiyi coğrafi mövqe bölgə üçün özünəməxsusluğu ilə seçilir. İkinci Qarabağ müharibəsi zamanı da Hadrut əməliyyatı xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. Yeni hərbi hissənin açılışı zamanı hərbiçilər qarşısında çıxış edərəkən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Hadrut əməliyyatının əhəmiyyəti haqqında danışarkən qeyd edib ki, strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı. Hərbi əməliyyatlar dövründə Ermənistan hər vəchlə çalışırdı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Ermənistan öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq Hadrut haqqında yalanlar yayırdı. Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət almış və Ermənistan tərəfinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Hadrut əməliyyatından sonra Azərbaycan ordusu şərəfli missiyasını davam etdirərək ardıcıl olaraq Füzuli, Zəngilan, Qubadlı rayonları və Laçının cənub hissəsini işğalçılardan azad etdi. Ordumuz faktiki olaraq Laçın dəhlizinə çıxdı və Laçın dəhlizini nəzarətdə saxladı.Çıxışı zamanı Şuşa əməliyyatlarından bəhs edən Müzəffər Ali Baş Komandan vurğuladı ki, Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edildiyini qeyd edən Prezident cənab İlham Əliyev əgər Ermənistan yenidən təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Bunu etmək üçün siyasi iradəmiz və gücümüz vardır, deyə bu ölkəyə bir daha xəbərdarlıq etdi. Vətən müharibəsi günlərində bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Azərbaycan xalqı hədəfinə nail olaraq işğal altındakı torpaqları azad etdi. Xalq öz Prezidentinə və Qələbəyə hər zaman inanırdı. Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda, o cümlədən Şuşada dalğalanır. 60 illik yubileyində Şuşada səfərdə olan cənab Prezident İlham Əliyev Cıdır düzündə çıxış edərək bildirib ki, Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir. Şuşada təşkil olunan tədbirlər bu torpaqların Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını təsdiqləyir. Şuşada Cıdır düzündə yenə də Azərbaycan musiqisinin səsi gəlir. “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcək".
Arzu Qurbanzadə