Dahi şair Nizami Gəncəvinin həyatı və yaradıcılığı, onun dövründən başlayaraq bir çox təzkirəçilərin, şairlərin və araşdırmaçıların tədqiqat mənbəyinə çevrilmişdir. Təzkirəçilər daha çox onun həyatı və əsərləri üzərində diqqəti cəmləşdirib, şairlər isə onun əsərlərindəki bəzi obrazları ya təqlid etməyə, ya da Nizami irsini olduğu kimi ötürməyə çalışıblar. Ümumiyyətlə, Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığına müraciət etməyən şair və təzkirəçi tapmaq çox çətindir.
Bu fikirləri Diaspor info-nun bölgə müxbirinə açıqlamasında Nizami Gəncəvi yaradıcılığının və irsinin öyrənilməsi haqqında danışarkən tarixçi Bəxtiyar Məhərrəmov bildirib.
Bəxtiyar Məhərrəmov Şeyx Nizaminin yaradıcılığının araşdırılmasının hələ XIII əsrdən bəri müxtəlif araşdırmaçıların diqqət mərkəzində olduğunu deyib: “Kiçik Asiyada yaşayan ibn Bibi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri haqqında məlumat vermiş və əsərin Ərzincan hakiminə ithaf edildiyini bildirmişdir. Nizaminin müasiri olan Aufi də öz təzkirəsində onun əsərlərindən bəzi iqtibaslar gətirmişdir. Lakin Nizaminin bioqrafiyası haqqında əlimizdə olan ən geniş əsər Dövlətşah Səmərqəndiyə məxsusdur. Əsərdə Nizaminin həyatı və yaradıcılığı haqqında məlumatlar, o cümlədən onun əxi təşkilatının üzvü olması, 20 minlik divanının olması haqqında da yazılmışdır”.
Qərb araşdırmaçılarından ilk dəfə Nizami haqqında yazan portuqaliyalı Pedro Terxeyra olub. Pedro yalnız Nizaminin “İsgəndərnamə” və “Xosrov və Şirin” əsəri haqqında məlumat verib. Sonradan Nizami haqqında qərb alimlərindən D`Erblo, Uilyam Cons, Silvestr de Sasi və başqaları da Nizami Gəncəvinin bəzi əsərlərinə toxunublar.
Bəxtiyar Məhərrəmov vurğulayıb ki, XIX əsrin əvvəllərində Nizami haqqında ən geniş məlumatı avstriyalı alim Fon Xammer verib. O, məlumatlarında Dövlətşah Səmərqəndidən faydalanaraq Nizaminin əsərlərindən bəzi hissələri sadə şəkildə tərcümə də edib. “Rusiyada Nizami irsinin araşdırılmasına XIX əsrin 20-ci illərində Kazan Universitetinin professoru Erdman tərəfindən başlanılıb və Erdman “İsgəndərnamə” əsərini tədqiq edib. Avropada Nizami irsinin araşdırılmasında xüsusi rolu XX əsrin əvvəllərində əslən yəhudi olan, macar alimi Vilhelm Baxer oynayıb. Baxer “Nizaminin həyatı və yaradıcılığı” adlı dissertasiyasında geniş mənbəşünaslıq bazasına arxalanaraq Nizaminin irsini dərindən tədqiq etmiş və əsərlərinə filoloji qiymət vermişdir. Ondan sonra gələn alimlər - Vilson, Pitsi, Ryö və başqaları Nizami Gəncəvi yaradıcılığı haqqında məlumatlar versələr də, yenə də Baxer səviyyəsində dərin tədqiqat apara bilməyiblər,” - deyə tarixçi söyləyib.
Keçmiş Rusiya imperiyası və SSRİ-də də Nizami irsinin öyrənilməsi sahəsində xeyli iş görülüb. Alimlərdən Krımski, Bertels, Qruzinski və başqaları Nizami irsinin öyrənilməsi üçün mühüm işlərə imza atıblar. Nizaminin öyrənilməsində xüsusi rolu Bertels oynayıb. Belə ki, Bertels Nizamişünaslıq sahəsində özündən sonra böyük məktəb qoyub getmişdir.
Azərbaycanda Nizami irsinin öyrənilməsində ilk olaraq Məhəmməd Əli Tərbiyət, Firudin bəy Köçərli və Məmməd Əmin Rəsulzadənin adlarını çəkmək lazımdır. Bundan başqa Mikayıl Rəfili, Həmid Araslı, Xəlil Yusifli, Kövhər Baxşəliyeva, Nərgiz Əliyevanın əsərlərində də Nizami irsi dərindən və müxtəlif aspektlərdən araşdırılmışdır.