Cənub Qaz Dəhlizi”nin açılışını tarixi hadisədir. 2011-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması bir xülya olaraq görünürdü.Lakin bu gün biz Cənub Qaz Dəhlizinin reallığa çevrildiyini görürük. Azərbaycan Avropa qaz bazarına çıxışı ilə qitənin enerji bazarına inteqrasiya olunacaq.Azərbaycan neft-qazla yanaşı, alternativ enerji mənbələrinə böyük investisiya qoyur. Bu yaxşı göstəricidir. Azərbaycan günəş, külək və hidroenerji mənbələri üçün əlverişli ölkədir. Ancaq bütün hallarda ölkəmiz tərəfindən enerji səmərəliyini Kioto protokolu və Paris sazişinin qaydalarına uyğun yerinə yetirilməsi çox vacibdir. Azərbaycan və Avropa İttifaqı artıq 2030-cu il üçün yeni enerji proqramını hazırlamalıdırlar.
1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı müqavilə imzalandı. Həmin yataq Cənub Qaz Dəhlizin əsas resurs mənbəyidir. Bu, nəhəng bir qaz yatağıdır və onun təbii ehtiyatları artıq hasil və ixrac olunur.Enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonunda Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. İxracımızı mümkün qədər artırdıq və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Çünki o vaxta qədər biz təbii qazı idxal edirdik. Yəni biz əsas enerji layihəsi olan Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq həyata keçirildi. Avropanın səylərinə dəstək verən Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə nail olub. Uzunluğu 3500 kilometr olan bu layihə Xəzər regionundan qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Bu layihə Avropaya qazın nəqlinə alternativ kimi deyil, Avropaya qaz təchizatının şaxələndirilməsi məqsədilə həyata keçirilib. Ümumi kapital qoyuluşu 40 milyard ABŞ dolları olan bu layihə 4 hissədən ibarətdir. Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP boru kəməri layihəsi üzrə Albaniya və Yunanıstandakı kompressor stansiyalarının, həmçinin Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi tamamlanıb. İtaliyadakı təbii qazın qəbulu terminalının isə tikinti işlərinin 65 faizi başa çatıb.
Nəzərə almaq vacibdir ki, Avropada qaza olan təlabat artmaqdadır, ölkələr mavi yanacağa üstünlük verməyə başlayıblar. Üstəlik Azərbaycan qazı İtaliya üçün həm qiymət baxımından çox sərfəlidir, həm də qaz kəmərinin marşrut xətti daha təhlükəsiz və etibarlıdır. Bunlarla yanaşı, ötən illər ərzində enerji sahəsində əməkdaşlıq sahəsində Azərbaycan etibarlı tərəfdaş kimi böyük etimad qazanıb. Avropa İttifaqı da bu layihəni dəstəkləyir. Azərbaycan həm də Gürcüstan, Türkiyə və İtaliya ilə enerji sahəsində sırf iqtisadi maraqlardan doğan qarşlıqlı faydalı əməkdaşlıq təcrübəsinə malikdir ki, bu da Cənub Qaz Dəhlizinin uğur qazanmasına zəmin yaradan mühüm amildir. Bu layihənin həm Azərbaycan, həm də digər iştirakçı ölkələr üçün mühüm əhəmiyyəti var. Azərbaycan yaxın gələcəkdə qaz ixracından böyük gəlirlər əldə etməyə başlayacaq, qaz hasilatını və ixracını artırmaq imkanları qazanacaq, iştirakçı ölkələr - Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliya isə uzunmüddətli və dayanıqlı, sərfəli qiymətlərlə mavi yanacaq əldə edəcəklər. Neft hasilatı və ixracının azalması, neftin qiymətlərinin ucuzlaşdığı bir şəraitdə qaz hasilatı və ixracının tədricən artırılması ilə yeni gəlir imkanlarının əldə olunması Azərbaycan üçün çox əhəmiyyətlidir. İşğaldan azad edilmiş torpaqlarımızın qaz ehtiyacınının ödənilməsində bu lahiyənin böyük yeri olacaq.
Gülzar Qocayeva
Xəzər rayonu, 241 saylı məktəbin müəllimi