"Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib". Bu sözləri Diaspor info-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, görüşün keçirilməsində əsas vasitəçi Makron olub: "Öncə 14 dekabrda tərəflər arasında Brüsseldə baş tutmuş görüşün əhəmiyyətindən danışılıb. Ardınca Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Müzakirələr əsnasında ölkə arasında münasibətlər, humanitar məsələlər, tərəflər arasında etimad yaradılması, mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə toxunulub. Cənab Prezident İlham Əliyev 8 erməni əsirin qaytarılması qarşılığında I Qarabağ müharibəsində kütləvi məzarlıqların koordinatlarının Azərbaycana verilməsini təklif edib. Qarşı tərəf təklifi qəbul etsə də, sonradan erməni xislətinə sadiq qalaraq vədlərinə xilaf çıxıb. 8 erməninin əvəzinə I Qarabağ müharibəsində kütləvi məzarlıqların koordinatlarının Azərbaycana verilməsilə bağlı Ermənistan XİN sözçüsünün dedikləri və Azərbaycan XİN-in cavabı məsələnin həllinin asan olmayacağını göstərir. Onsuz da müzakirələrdə Fransanın canfəşanlığı moderatorluğun ermənilərin xeyrinə istiqamətlənəcəyini deməyə əsas verirdi. Makron ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri olsa da, münaqişənin əsas səbəbkarının yanında yer alıb. İndi də Fransanın vasitəçiliyi ilə keçirilən görüşdən ciddi irəliləyiş gözləmək absurd olardı. Lakin bu müzakirələrdə Azərbaycanın əlini gücləndirən məqamlar var. Ermənistan bu təkliflə I Qarabağ müharibəsində kütləvi qətllər törətdiklərini etiraf edir. Qərb platformasında bunu açıq ifadə etməsi Ermənistanın təkzib imkanlarını azaldır. Məzarlıqlar azərbaycanlılara qarşı kütləvi surətdə soyqırımıların icra olunduğunu təsdiqləyir. Düşünürəm ki, saxlanılan ermənilərdən maksimum şəkildə xalq və dövlət adına yararlanmaq, həqiqətlərimizi dünyaya çatdırmaq baxımından istifadə etmək uğurlu addım olardı".
Müəllif: Abutel İlhamqızı
108