ORXAN CUMAYEV VƏTƏN SEVGİSİNİ HAMIDAN ÜSTÜN TUTDU.
ŞƏHİD ORXAN FƏTƏLİ OĞLU CUMAYEV UŞAQLIQDAN SEÇİLMƏYİ BACARIRDI, ODUR Kİ, ÖLÜMÜ İLƏ DƏ, SEÇİLDİ. O, ÖLMƏDİ VƏTƏN MÜHARİBƏSİNDƏ İGİDLİK GÖSTƏRƏRƏK, ŞƏHİD OLDU.
ƏLMANİZ ƏLƏKBƏRLİ
İkinci Qarabağ savaşı “Vətən” müharibəsi başlanan gündən Azərbaycanın hər yerində olduğu kimi Zaqatala oğulları da, səfərbər oldu. 44 gün çəkən və Zəfərlə başa çatan bu müharibə zamanı Zaqatala rayonu da, üç rəngli bayrağa bükülmüş şəhidlərini qürurla qarşıladı.
Cumayev Orxan Fətəli oğlu da, Zaqatala şəhərinə gətirilən şəhidlərimizdən idi. Orxan Cumayev hələ uşaqlıqdan hərbiçi olmaq istəyib. Anası Rahilə xanım isə tək oğul övladı olduğu üçün, buna həmişə qarşı çıxıb. Orxan anasının sözündən çıxmayaraq, ali hərbi məktəbə sənədlərini verməyib. Ancaq necə deyərlər gözü həmişə hərbi formada qalıb, xüsusən də, xüsusi təyinatlı olmaq arzusunda olub.
Orxan Zaqatala şəhərindəki adlı-sanlı təhsil ocağı olan “3” saylı şəhər məktəbində təhsil alıb. El arasında Şixəli məktəbi kimi tanınan sözügedən orta məktəbin müəllimləri, Orxanı tərbiyəsinə görə çox sevirdilər. Onun təhsil almaqdan daha çox hərbçi olmağa meyl etməsini müəllimləri də, hiss edirdilər.
Orxanın vətənpərvər şagird olması, yoldaşlarına, müəllimlərinə, dost-tanışa qarşı diqqətli olması, böyük-kiçiyin yerini bilməsi isə, ailədə aldığı tərbiyədən irəli gəlirdi. Bunu hamı alqışlayır və bu uşağa xüsusi hörmət bəsləyirdilər. Qısası Orxan daha çox tərbiyəsi ilə özünə nüfuz qazanmışdı. Anası Rahilə xanımın oğluyla bağlı böyük arzuları var idi. Orxan əsasən ana qayğısı ilə böyüdüyü üçün və bir bacı, bir qardaş olduqlarına görə ailəcanlı idi.
Rahilə ana deyir ki, Orxan mənim oğlumdan əlavə həm qardaşım, atam və arxa-dayağım idi. ”Mən heç bilmirəm onsuz necə yaşayacağam, axı mənim ondan başqa kişi dayağım yoxdur. O, artıq böyümüşdü, mənim qardaşım da, sirdaşım da, Orxan idi. O, əsil kişi idi, mən onunla həm məsləhətləşir, həm dərdləşirdim. Orxan əsgərlikdə olan zaman da, orta məktəbdəki kimi hamı onun tərbiyəsindən, cəsarətindən, vətənpərvərliyindən danışırdı. Hər dəfə mənimlə danışanda elə sevinclə danışırdı ki, bu gün bu idmanı etdik, vəyaxud formanı geyinib belə bir addım atdıq, sanki əsgər olmasıyla qürurlanırdı. Hərbiyə olan sevgisinə diqqət etdim və gördüm ki, oğlumun haqqına girirəm, odur ki, ona bu yolda mane olmadım. Beləliklə də, Orxan həqiqi hərbi xidmətdən təxris olunan kimi müddətdən artıq hərbçi kimi xidmətdə qalacağını dedi.
Mən ona yalnız bir şərt qoydum, dedim ki, tək oğulsan, heç olmasa xüsusi təyinatlıya getmə. O, da, sevindi ki, mən onun hərbiçi olmasına mane olmuram, odur ki, mənimlə razılaşdı. Sən demə kəşviyyatçı kimi, xüsusi təyinatlı kimi kurslara qatılırmış, əsil Azərbaycan komandosu kimi hazırlanıb. Hərdən zəng edəndə mənimlə xeyli dərdləşərdik və deyirdi ki, daha bu yolda arzum qalmadı. Nəhayət ki, mən də, üzümü qara rənglədim. Həmin vaxtı bu sözünü çox ciddiyə almamışdım, sonralar başa düşdüm ki, komando təlimlərində əsgərlər belə masqalanırlar.
Bilirsinizmi, mən də, bir ana kimi istəyərdim oğlum evə gəlib mənə desin ki, filankəsin qızını sevirəm, bəs sən nə deyirsən? O, isə vətəninə xidməti, ona olan sevgini seçdi. Bir ildən biraz artıq xidmət etmişdi ki, müharibə başladı. Bir də eşitdim ki, Orxan da, xüsusi təyinatlıların həmlə qrupunda olub. 27 sentyabrda müharibədən mənə zəng etdi və məni sakitləşdirməyə çalışırdı ki, guya arxadadır. Sonralar bildim ki, Suqovuşanda olub və mühasirəyə düşüblər. Ermənilərin atdığı artilleriya mərmisi nəticəsində bir neçə nəfər yerindəcə Şəhid olub, Orxan isə ağır yaralanıb. Başından yaralandığına görə gözləri tutulub və onu dərhal Şəmkir xəstəxanasına gətiriblər. Daha sonra isə Mingəçevir şəhər xəstəxanasına aparıblar. Orxan gözlərinin tutulduğunu məndən gizlədib, ancaq Allah da, onun arxasında olduğuna görə gözlərinə yenidən, həm də, bir neçə gündən sonra işıq gəlib.
Orxan cəmi iki həftə müalicə alan kimi yenidən cəbhəyə qayıdıb. Komandiri onu görən kimi əsəbləşib ki, axı sən niyə gəlmisən, hələ yaran tam sağalmayıb. Orxan deyib ki, mən özümü çox yaxşı hiss edirəm və döyüşə getməyə də, hazıram. Komandirinin təkidinə baxmayaraq, arxa cəbhədə qalmayıb, əksinə, kəşviyyata getməyə də, razı olduğunu bildirib. Təcrübəli olduğu üçün Orxan kimi cəsarətli oğullara həmin vaxtı böyük ehtiyac var idi. Odur ki, o, kəşviyyata getməli olub.
Kəşviyyata getməzdən bir saat əvvəl mənə zəng etdi. Dedim ki, oğlum haradasınız, dedi ki, ana hərbi sirrdir, danışmaq olmaz. Onda dedim ki, heç olmasa mənə bir işarə ver, başa düşüm. Dedi ki, evimizdən başını yuxarı qaldıran zaman nə görürsən? Dedim ki, dağları görürəm, dedi ki, onda sağol. Və mənə dedi ki, Ana bax bu yolda gediş var, dönüş olmaya da, bilər. Bacıma və özünə yaxşı bax, məndən də, nigaran qalma, çünki bir neçə gün zəngləşə bilməyəcəyik. O saat başa düşdüm ki, oğlum kəşviyyata gedir.
Sonralar komandiriylə görüşən zaman o, mənə dedi ki, 30 oktyabrda Murov dağında Şəhid olanlarımızı götürmək üçün, bir neçə qrup getmişdi. Orxan olduğu dəstədə altı nəfər olublar, onlar geri qayıdan zaman tələyə düşüblər. Və qorxaq ermənilər uzaqdan artilleriya zərbəsi ilə onları vurublar. Altı nəfər kəşviyyatçının hər biri yerindəcə Şəhid olublar.
Bilirsinizmi, mən Orxanın əsgər yoldaşları, komandirləri ilə söhbət edən zaman çox təəcüblənirdim. Onlar sanki Şəhid olmalarıyla fəxr edirdilər. Komandirləri deyir ki, Rahilə ana əsas odur ki, bizim əsgərlərdən heç birinin nəşi erməni dığalarının əlinə düşməyib. Ən əsası isə heç bir hərbiçimiz əziyyətlə, vəyaxud əzab-əziyyət altında dünyasını dəyişməyiblər. Demək olar ki, böyük bir hissəsi yalnız artilleriya zərbəsi nəticəsində Şəhid olublar.
Mən oğlumun qoxusunu almaq üçün onun əvvəlcə döyüşdüyü və ermənilərdən geri qaytardığı torpaqlara getmək istədim. Düzdür çox çətinliklə oldu, ancaq oldu. Onun oturduğu, yatdığı çadırda oldum, komandiri, hərbiçi yoldaşlarını bağrıma basdım, oğlumun qoxusunu onlardan aldım. Hərbiçi yoldaşları Orxan kimi oğul böyütdüyümə görə mənə çox minnətdarlıq etdilər.
Bilirsinizmi, düzdür mənim oğlum qəhrəmandır, Vətəni bütün doğmalarından, əzizlərindən çox sevirdi. Və cəsarətli, qəhrəman Azərbaycan əsgəri idi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin məlum sərəncamlarıyla ona “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına” görə medallarıyla təltif edilib. Ancaq Ana dərdi, Ana fəryadı, Orxansız bu dünya mənim üçün çox ağırdır.”
Orxan Cumayevin anasına tapşırdığı bacısı Fatma Cumayeva qardaşı haqqında danışa bilmədi, ona görə yox ki, onun sözü yox idi.
Əksinə onun sözü hamıdan çox idi. Orxan Fatma üçün təkcə qardaş deyildi axı, o, həm də, ata rolunda idi. Sadəcə qəhərdən, göz yaşlarına boğulduğuna görə bizimlə danışa bilmədi.
Orxan Cumayevin adına oxuduğu Zaqatala şəhər “3” saylı tam orta məktəbində sinif var ki, orada gənc nəsilə onun qəhrəmanlığı haqqında geniş məlumatlar yer alıb.
Bir ziyalı kimi Rahilə ananın vaxtsız qocalan siması və çöhrəsi qarşısında baş əyərək, bildirmək istəyirəm ki, əziz Şəhid anası, ölüm hər birimiz üçün haqdır. Şəhid olmaq isə seçilmişlər üçündür, sizin Orxan bütün Azərbaycan xalqının namusu, qeyrəti, isməti və ən nəhayət Ana dediyimiz VƏTƏN üçün Şəhid olub. Və Siz qürur duymalısınız ki, Orxan Cumayev kimi qəhrəmanın anasısınız.
Allah Rəhmət Eləsin.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
737