ŞƏHİD ELVİN MƏMMƏDOV VƏTƏNƏ OLAN SEVGİSİNİ BÜTÜN SEVGİLƏRİNDƏN ÜSTÜN TUTARAQ, VƏTƏNİNİ MÜDAFİƏ ETMƏYƏ GETMİŞDİ.
Məlum olduğu kimi uzun illərdir ki, Azərbaycanın dilbər guşələrindən biri olan “Dağlıq Qarabağ” və onun ətrafındakı bir neçə rayon erməni cəlladlarının əlində idi. Ancaq təməlini Ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün də, daha müasir formada Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində ermənilərin növbəti həmləsinə cavab verildi. Və Müzəffər Azərbaycan ordusu 44 gün ərzində erməni faşistlərini ölkəmizin torpaqlarından qovub çıxara bildilər. Bu ölüm-dirim savaşı Azərbaycan xalqına da, ucuz başa gəlmədi. Belə ki, xalqımız üç mindən çox şəhid verməli oldu. Zaqatalanın qəhrəman oğullarından biri olan Elvin Məmmədov da, “Vətən” müharibəsində Şəhid olub.
Elvin İkinci Qarabağ savaşında göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin məlum sərəncamları ilə “Vətən Uğrunda”, “Cəsur Döyüşçü” və “Suqovuşan Uğrunda“ medalları ilə təltif edilib.
Şəhid Elvin Mahmud oğlu Məmmədovun taleyinə ölkənin müdafiəsində dayanmaq yazılıb, desək, yanılmarıq. Belə ki, Elvin hələ həqiqi hərbi xidmət keçən zaman “Aprel döyüşlərinin “ iştirakçısı olub. Azərbaycan əsgərinin qüdrətini göstərən məşhur Aprel döyüşlərində Elvin də, böyük qəhrəmanlıq göstərmişdir.
Odur ki, “Vətən müharibəsi” başlayan kimi, hələ əsas döyüşlər getməzdən əvvəl, onu da, orduya çağırdılar. Elvin Sentyabırın 21-də artıq hərbi hissəyə yola düşdü. Döyüş təcrübəsi olduğu üçün bir neçə günlük təlim keçərək, döyüşə atıldı.
Elvingil ailədə üç qardaş olublar, ataları Mahmud Məmmədov da, dünyasını dəyişib. Tahirə ana isə bir gecədə saçları ağaran Şəhid anası kimi tanınır.
Tahirə Ramazan qızı Məmmədova ilə söhbət edərkən, Elvin haqqında ağızdolusu danışdı:” Elvin mənim ən kiçik oğlum idi, o, çox riskli uşaq idi. Heç nədən qorxmazdı, onun bu cəsurluğu hamının diqqətini çəkirdi, elə döyüşdə də, o, bütün gücünü ortaya qoyaraq, Şəhid olub. Oğlum ali təhsilli idi, əsgərliyini Ağcakənddə edib. Onun həqiqi hərbi xidmət dövrü də, çox çətin olub. Belə ki, ən çətin relyefli yerlərdən biri olan məşhur “Sibir postu” deyilən yerdə hərbi xidmətini çəkib.
Azərbaycanda və bütün dünyaya səs salan “Yaşma” deyilən yerdə, “N” saylı hərbi hissədə əsgərlik etdiyinə görə kəşviyyat kursunu da, müvəffəqiyyətlə bitirmişdi. Əslində hərbidə qalıb işləmək arzusunda idi. Ancaq sevdiyi qız olduğu üçün geri gəlib ailə qurdu. O, işləməkdən qorxan deyildi. Odur ki, Rusiya, Türkiyəyə qazanc dalınca gedib-gəlirdi. Döyüşə getməzdən əvvəl isə dərman firmasında işləyirdi. Oğlum bilirdi ki, sonbeşiyimlə nəfəs alıram, odur ki, hər dəfəsində mənə yalan danışırdı.
Oktyabrın 15-də zəng etmişdi, mənə dedi ki, bizi hamama aparırlar. Saat 15-30 olardı, 18-19-00 arası isə Şəhid olub. Sən demə döyüşə gedir, mənə isə hamama getdiyini deyirdi. Yəqin oğlumun Zaqatala şəhər 3 saylı tam orta məktəbdə təhsil aldığını bilirsiniz?
Bu gün həmin məktəbdə 3-a sinifi onun adını daşıyır. Bilmirəm bu fikir onda haradan yaranmışdı, elə uşaqlıqdan deyirdi ki, ana mən Şəhid olacağam. Əgər Universitetə qəbul olmasam hökmən Şəhid olacağam.
Mən də, həmişə danlayırdım ki, oğlum elə danışma, müharibə yox, sakitçilik olan dövrdə sən niyə Şəhid olmalısan? İş elə gətirdi ki, Türkiyədə avtoqəzaya da, düşdü, dərhal mənə zəng edərək, dedi ki, ana görürsənmi, mən ölmədim, dəqiq bilirəm ki, mən Şəhid olacağam. Baxıb gördüm ki, bu barədə çox danışır, üstünə getdim, dedim ki, belə şeylər bir daha danışma. Dedi ki, ana mən yuxumda görmüşəm, atam gəlib dedi ki, tezliklə gəlib səni yanıma aparacağam.
Qızına çox bağlı idi, deyirdi ki, qızım səni elə böyüdəcəyəm ki, hamı deyəcək bax bu qız Elvinin qızıdır. O, ümumiyyətlə ailəcanlı bir uşaq idi, qardaşlarıyla da, çox mehriban idi.
Deyirdi ki, bir saatlığa icazə versəydilər gəlib qızımı görərdim. Ondan ötəri burnunun ucu göynəyir.
Oğul düşmən çəpəridir deyiblər, yağı düşmən gələndə qəhrəman oğullar onların qarşısına çıxar, bu yolda ölüm də, var, yaşamaq da, mənim oğlum isə Vətən üçün Şəhid oldu”.
Elvin Məmmədovun həyat yoldaşı Xəyalə və qızı Ahunur da, onun üçün çox darıxıblar. Eşitdik ki, həyat yoldaşı Xəyalə xanım şəhər “3” saylı tam orta məktəbin qarşısında Şəhidin adını daşıyan “Bulaq kompleksi” tikdirib. Qızı balaca olduğu üçün hələ dünyanın gediş-gəlişini başa düşmür, odur ki, hər dəfə qəbirüstü abidəsini görən kimi atasına deyir ki, dur gedək evimizə.
Xəyalə xanım isə sevdiyi oğlandan, yəni Elvindən ötəri çox əziyyət çəkib. Xəyalə xanımdan xahiş etdik ki, rayonda səsə-küyə düşən bu sevginin başlanğıcından və Şəhidlik zirvəsinə qalxana kimi Elvinlə olan münasibətlərindən danışsın, o da, bizi qırmadı:” Elvin mənə bu həyatda dik durmağı və yaşadıqlarıma baxmayaraq, möhkəm olmağı öyrətdi. Öz ayaqlarım üstündə durmağa məcburam, həm övladımızı böyütmək üçün, həm də, elə bir qəhrəmanın həyat yoldaşı olduğuma görə, mən buna məcburam.
Əslində o, hec vaxt məni bu vəziyyətimdə görmək istəməzdi. Onun mənə dediyi bir söz heç vaxt ağlımdan çıxmır. Deyirdi ki, əgər mənim xoşbəxtliyimi istəyirsənsə həmişə gül, gülən üzünü görmək məni çox xoşbəxt edir. Bunu etmək, bu gün mənə çox çətindir, axı mən onsuz necə gülüm? Sonra düşünürəm ki, onun tapşırığı bu idi, ən azından övladımız üçün və böyük sevgimiz naminə çətin də, olsa bunu bacarmalıyam.
Ahunurun atasızlığını hiss etdirməmək üçün əlimdən gələni edəcəyəm, biraz böyüyən kimi ona hər şeyi izah edəcəyəm. O, bilməlidir ki, atası həmişə bizimlədir və atasıyla qürur duymağı, fəxr etməyi bacarmalıdır. Ahunur qəhrəman bir oğulun, Vətən yolunda Şəhid olmuş bir kişinin qızıdır.
Bizi çox adam qısqanırdı və deyirdilər ki, böyük sevgilər heç vaxt qovuşmur. Biz on il biri-birimizi sevib, sonra isə ailə qurmuşuq. Cəmi bir il, altı ay ailəli olduq. Mənə elə bir cənnəti yaşatdı ki, qırx-əlli il ailə yaşamış qadınlar belə, mənim qədər xoşbəxt ola bilməz desəm, yanılmaram.
Elvin mənim hər şeyimdir, sözün hər mənasında hərşeyimdir. Həyatıma gəldiyi gündən, dillərə düşən “Böyük Sevgini” bəxş etməklə mənə cənnəti yaşatdı, məni dünyanın ən xoşbəxt qadını etmişdi.
Mənə ən dəyərli bir varlıq olan sevgim getdiyi gün isə, cəhənnəmi dadızdıraraq, dünyanın ən böyük dərdini yaşatdı.
Elvin haqqında saatlarla, günlərlə danışmaq olar. O, hamı üçün yaxşı idi, mehriban idi. Məni isə bir başqa istəyirdi. Telefonumda saxladığım bir sms var. Mənə yazmışdı ki, Allahdan sənə gələn nə dərd-bəla vardırsa hamısı mənə gəlsin. Dedim ki, əstafurullah de, sən nə danışırsan, heç mən sənə qıyaram? Bir insan bu qədər diqqət göstərə bilməz, mən buna inanmıram. İnanmıram ki, nə vaxtsa Elvin kimi insan bir də, dünyaya gəlsin.
Sadəcə mənim yaşamaq səbəbib Ahunur və Elvinin böyük sevgisini yaşatmaqdır. O, mükəmməl idi, ideal insan idi, o, mənim sonsuz sevgim və bitməyən həsrətimdir.
Əvvəllər başa düşmək istəməsəm də, bu gün yaxşı anlayıram ki, böyük sevgilər həmişə dramatik sonluqla bitir. Onların əksəriyyəti ümumiyyətlə qovuşmayıblar. Yenə biz az da, olsa qovuşduq, bir yerdə olduq.
Özündən sonra canından bir parçasını qoyub gedib, Ahunurumu, mən onunla nəfəs alıram, həm Elvin üçün, həm də, öz yerimə, biz onu çox gözəl böyüdəcəyik. Məhz Elvin arzuladığı kimi də, onun qızı böyüyəcəkdir.
Mən bir həyat yoldaşı kimi onunla həmişə fəxr etmişəm, bu gün də, fəxr edir, qürur duyuram. Onu mənə bəxş edən uca varlığa, Allahımıza minnətdaram. Hər şeyin, yerin-göyün sahibi odur, onu mənə qovuşduraraq, cənnəti yaşadan da, onu məndən alaraq, cəhənnəmi yaşadan da, odur ki, Allaha min şükürlər olsun ki, mənə bir övlad da, bağışladı.
Mən dəqiq bilirəm ki, biz onu görməsək də, o bizi görür, odur ki, bundan sonra da, mən onun adına-sanına layiq bir həyat yoldaşı olacağam. Daxili və xarici gözəlliyi ilə heç kimə bənzəməyən, mələk simalı bir Şəhid yarımdır mənim. Allah hər kəsə şəhidlik nəsib etməz, onun sevdiyi bəndələr Şəhid olmaqla cənnəti müjdə edərlər. Şəhidlər mələk üzlüdür, onlar bizi görürlər, ona çox sevinirəm, bundan sonrakı bütün həyatımızı yaxından izləyəcəyini bildiyimə görə Allahıma minnətdaram. “
Əslində Şəhid ailəsinə, onun ata-anasına, qardaş-bacısına nə qədər təsəlli etsək də, bu heç nəyi dəyişmir. Onların dərdi çox böyükdür. Düşünəndə ki, Şəhidlər ölmürlər və onlar bütün Azərbaycan xalqının balalarıdır. İstər-istəməz təskinlik tapırsan, Allah Azərbaycanın Qəhrəman oğullarına, bütün Şəhidlərimizə rəhmət eləsin.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.