SƏDİ MUSAYEV AZƏRBAYCAN XALQININ QƏHRƏMAN ŞƏHİDİDİR.
ŞƏHİDLƏR UNUDULARSA ÖLƏRLƏR, POLKOVNİK SƏDİ MUSAYEV İSƏ HEÇ VAXT UNUDULMAYACAQDIR!
Həyat yoldaşı ailənin onurğa sütunudur, desəm, yanılmaram. Bu barədə Şəhid Sədi Musayevin bəxti gətirib. Onun ölümünü qəbul etməyən və onun adını yaşadığı həyatda hər gün uca edən Gülüsü var. Hamı onu Gülü çağırır, mən də, həmkəndlimə Gülü deyə müraciət edirəm. İdman müəllimim olan Nazim müəllimin qızıdır. Gülü ilə söhbət edərkən adamın könlündən şəhidlik keçir. Bəlkə də, həyatımda ilk dəfə belə ailəsinə sədaqətli, bağlı birini görürəm. Kimdir Sədi Musayev? Bizim Şəhid Polkovnikimizi daha yaxından tanımaq üçün onun ailəsində qonaq olduq.
Gülü ailədə Sədinin missiyasını öz üzərinə götürüb, o, evin həm kişisi, həm də, qadınıdır. Sədi Musayev Naxçıvan MR-sı Kəngərli rayon Qıvraq kəndində dünyaya göz açıb. Uşaqlıqdan hərbiçi olmaq istəyib və bu istək onu General olmağın iki addımlığında, şəhidliklə bitib.
Məşhur Aprel döyüşlərinin qəhrəmanlarından biridir. General Mais Bərxudarovun silahdaşlarından olub. Onun ən böyük problemi həddindən artıq təvazökarlığı olub. Hərb sahəsindən anlayan bilir ki, xəritələrin tərtibi, onunla işləmək çox çətindir, Sədi isə bu sahədə As olub. Sədinin evi paytaxtdakı bir çox hərbi muzeylərdən geri qalmır. Baxmayaraq ki, evi iki övlad üçün çox balacadır. Polkovnik olmasına baxmayaraq, evi ipotekayla alıb. Həm də, el arasında “Xruşovka” kimi tanınan və cəmi iki otaqdan ibarətdir.
Ona görə ki, Sədi həyatını hərbiyə həsr edib, Vətənə xidmətə. O, əsgər deyil, zabitdir, həm də, necə zabit?, şərəfli, və rütbəlidir. Uşaqlıqdan bu sahəni sevib, öz bilik və bacarığı ilə ali hərbi təhsil alıb. O, inanırdı ki, bu dünyada ədalət var, bir gün gələcək və o da, General olacaqdır. Özündən sonra bizlərə, iki ağıllı, tərbiyəli və savadlı övladı əmanət edib. Sədinin qızı Arzu doqquzuncu sinifdə oxuyur. Oğlu isə yeddinci sinifdədir. Arzu deyir ki, atam mənim həkim olmağımı arzulayırdı, mən də, onun arzusunu yerinə yetirmək üçün bütün gücümlə çalışıram. Ailədə diqqətimi çəkən daha bir məqam isə, uşaqdan böyüyə ailənin bütün üzvlərinin eyni fikirdə olmasıydı, Sədi bizimlə yaşayır, vəssalam!
Sədinin portretinə baxdıqca sanki mənimlə danışırdı ki, bəli mən sağam, yaşayıram, sadəcə cismim orada yoxdur. Hesab edirəm ki, onu yaşadan sədaqətli ailəsidir.
Sədi Musayevin oğlu Süleyman deyir ki, atamla dost idik, o mənim qardaşım, atam və dostum idi. Mən yatandan sonra evə gec gəldiyi üçün, məni qucaqlayıb doyunca oxşayarmış. Süleyman deyir ki, Aprel döyüşləri başlayan zaman biz də, cəbhə bölgəsindəydik. Atışma səsləri evdə açıq-aydın hiss olunurdu. Anam bizim yatağımızın yerini dəyişərək, yerdən, döşəmədən saldı. Anam deyirdi ki, şüşələr sınarsa üstünüzə tökülməsin.
Həmin vaxtı atam nə qədər təkid edirdisə, anam Bakıya getmirdi. Sonunda bizlər balaca olduğumuza görə, məcbur qalıb Bakı şəhərinə gəldik. Aprel döyüşləri bitdikdən sonra atam evə gəlmişdi, baxıb gördüm ki, əli yaralanıb. Sual etdim ki, bu nədir, sənin niyə əlin yaralanıb? Atam da, dedi ki, hərbi sirri danışmaq olmaz. Onda dedim ki, heç olmasa əlinə nə olub, bu barədə qıssaca danış. O, da, dedi ki, silahımda güllələr bitmişdi və erməni ilə əlbəyaxa olduq, mən o qorxaq ermənini bıçağımla məhv edərkən, o da, əlimi dişlədi. Həmin döyüş zamanı Sədinin əlinə infeksiya düşdüyü üçün bir müddət müalicə də, alıb.
Arzu deyir ki, atam mənim qəhrəmanımdır, o. Çox xeyirxah və əliaçıq bir insan idi. O, bizim qürur yerimizdir.
Arzudan xahiş etdim ki, atasının təltifləri ilə bizi də, tanış etsin. O da, bunu sevə-sevə etdi. Sədi Musayevin təltiflərini yazsaq, statistik bir məqalə alınar, çünki evləri saydıqca bitməyən fəxri fərmanlar, diplom, orden və medallarla doludur. Prezident İlham Əliyevin sərəncamıyla “Azərbaycan Bayrağı” ordeni, “Vətən Uğrunda” və demək olar ki, hər bir rayonun azad olunmasına görə medallarla təltif olunan Şəhid polkovnikimiz sözün hər mənasında əsil qəhrəmandır.
Gülü xanım deyir ki, yaxınlıqdakı məktəbdə onun adını daşıyan sinif otaqları var, bu yaxınlarda yaşadığı həyəti abadlaşdıraraq, kiçik parkı da səliqəyə salıb və onun adını stend qoymaqla əbədiləşdiriblər. Həyat yoldaşı deyir ki, Sədi haqqında Prezident yanında Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin dəstəyi ilə sənədli film də, çəkiləcəkdir.
Mən Gülü xanımla söhbət edərkən fikirim bir sözün yanında idi, bəli sən arvad deyil, Sədinin həyatının yoldaşısan. Bax bu kəlmə sənin kimi qadınlara görə bizim xalqımızda dillər əzbəri olub.
Şəhid Sədi Musayev Xalq qəhrəmanıdır, desəm yanılmaram. Onun evində olduğum zaman Dövlət, Vətən qarşısında xidmətləri və bu xidmətlərə görə təltiflərinə nəzər salarkən düşündüm ki, bir şey çatmır. O, da, “Vətən Müharibəsi Qəhrəmanı” adının rəsmiləşməsi. Görünür düzgün təqdimat olunmayıb və hesab edirəm ki, Sədi kimi qəhrəman zabitlərimizin döyüş yolu yenidən araşdırılmalıdır. Və iki balaca otaqda yaşamağa layiq olmadığı kimi, xidmətlərinə də, yenidən baxılmalıdır.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
857