ŞƏHİD POLKOVNİK-LEYTENANT ABAKAR HACIYEV ŞANLI TARİX YAZANLARDANDIR.
Şəhid Abakar Hacıyevin doğulub, boya-başa çatdığı Zaqatala rayonu Dardoqqaz kəndində olduq. Polkovnik-leytenant Hacıyev Abakar Məhəmməd oğlunun anası Pirdas Cəmaləddin qızı Hacıyevanın qonağı olduq. 24 il qüsursuz xidmət edən və təqaüdə çıxmağa hazırlaşan şəhid qəhrəmanımızın anası, oğlu ilə qürur duyduğunu dedi:”Əvvəlcə elə bilirdim ki, bu hadisədən sonra çox yaşamayacağam, ancaq gördüm ki, bu baş vermədi, oğlumun xatirəsini yaşatmaq üçün çalışmağa başladım. Onun haqqında kitab da, çap etdirdik. Düzdür bu gün onun övladları böyüyüblər, böyük oğlu Hacı, qızı Elvira və sonbeşik oğlu Eldar da, ataları ilə fəxr edir, qürur duyurlar.
Ancaq mən oğlumun yoxluğuna dözə bilmirəm. Uşaqlıqdan Abakar hərbiçi olacağına qərar vermişdi. Yaxşı oğul idi, cəsur, qorxmaz, mərd bir komandir olub. Cəbhə yoldaşları deyirlər ki, döyüş vaxtı əsgərlər su istəyirdilər, Abakar həm rütbəcə, həm də, yaşda hamıdan böyük olmağına baxmayaraq, özü şəxsən şüşə qablarda su gətirər və əsgərlərə içizdirərdi. Odur ki, əsgərlərin çoxu Abakara ağsaqqal, ata kimi baxırdılar.
Sentyabırın 27-si sübh tezdən Qusardan çıxaraq, döyüş meydanına gediblər. Mənə və ailəsinə isə deyirdi ki, biz təlimə gedirik.
Müharibənin qızğın vaxtları idi, oktyabırın 24-də oğlumla sonuncu dəfə telefonla danışdıq. Mən həmişə onunla telefonla danışan zaman çox danışmağı xoşlamazdım. Düşünürdüm ki, rütbəli zabitdir, birdən lazım olmayan şeylər haqqında sual verərəm, oğluma narahatçılıq vermək istəmirdim. Sonuncu dəfə də, telefonla danışan zaman, oğlum mənə dedi ki, ana hər şey ola bilər. Bu söz məni yaman tutmuşdu, o, heç vaxt belə danışmazdı.
26-da isə həyat yoldaşı Arzuyla danışıb və deyib ki, “Mən qabağa gedirəm, iki gün telefonum bağlı olsa narahat olmayın. Uşaqlardan muğayat ol, möhkəm ol".
27-də isə oğlumun Şəhid xəbər gəldi.
Dedilər ki, Şuşa ətrafında gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.”
Şəhidimizin anasının siması o qədər nurlu idi ki, onunla söhbətdən doymurduq. Qarşımızda əsil Azərbaycanlı ana oturduğuna görə onunla xeyli söhbətləşdik. Deyir ki, oğlumun təltiflərini görürsünüz, stolun üstünə sığmır, ancaq adının əbədiləşdirilməsi üçün hələlik heç bir addım atılmayıb.
Düzünü desək bizim üçün də, çox maraqlıdır, Polkovnik-leytenant rütbəsi olan, Azərbaycan bayrağı ordeni alan şəhidimizin adı gərək ki, çoxdan əbədiləşdiriləydi.
Şəhidimizi oxucularımızla yaxından tanış etmək üçün, onun haqqında bildiklərimizi olduğu kimi yazırıq:
11 aprel, 1979-cu ildə Zaqatala rayonu Dardoqqaz kəndində anadan olub. 1996-2000-ci illərdə Bakı Ali Dənizçilik Hərbi Akademiyasında - indiki Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb.
24 il nazirliyin Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrində çalışıb. Sonuncu xidmət yeri Qusar rayonunda olub.
2017-ci ilin noyabrında Qusarda siyasi işlər üzrə komandir müavini olub. Abakar Hacıyev Qusarda işlədiyi 3 il ərzində hamının hörmətini qazana bilmiş, sadəliyi və təvazökarlığı ilə yerli icra strukturlarında da, böyük nüfuz sahibi olmuşdur.
Polkovnik-leytenant Abakar Hacıyevin təltifləri:
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Abakar Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Abakar Hacıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abakar Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Bundan əlavə Abakar Hacıyev Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90, 95 və 100 illik yubiley medalları ilə də təltif olunub.
Onun haqqında bu gün çox yerdə yaxşı fikirlər, məqalələr yazılır. İnanırıq ki, bundan sonra da, belə rütbəli qəhrəmanlarımız haqqında yeni-yeni əsərlər yazılacaqdır.
Mətbuatdan belə bir yazı oxumuşdum. Vaxtilə Abakar Hacıyevin əsgəri olmuş bir gənc onun qardaşı Arifə yazır: "Salam, sizin qarşınızda baş əyirəm, bir şeyi deye bilərəm ki, hərbi hissədə artıq bir il yarımdır ki,mən Cənab Mayor Abakarı tanıyırdım, onun kimi yaxşı insan olmayıb, bundan sonra da, mənim üçün olmayacaq da, ömru boyu qarışqanı belə incitməzdi.
Onun işi arxa cəbhədə idi, amma həmişə qabağa gəlirdi bizim yanmıza bizə dəstək olurdu."
Bəli, cəmi 44 gün davam edən İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi”, başda Ali baş komandan İlham Əliyev olmaqla Abakar Hacıyev kimi oğulların qanı-canı bahasına bizlərə qələbə sevinci yaşatdı. Abakar Hacıyev kimi şəhidlərimizin qanıyla müasir Azərbaycan tarixi, həm də, şanlı tariximiz yazıldı.
Şəhid Anası Siz Xoşbəxt Anasınız ki, Şanlı tarix yazan qəhrəmanlardan biri də, Sizin oğlunuz, Polkovnik Abakar Hacıyevdir!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
922