ŞƏHİD ZÖHRAB MEHDİYEV POLAD HƏŞİMOVUN ƏSGƏRİ OLMASI İLƏ FƏXR EDİRDİ.
İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlanan kimi Zöhrab Mehdiyev də, digər qeyrətli Azərbaycan oğulları kimi silaha sarılaraq, vətənin müdafiəsinə qalxmışdı.
Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan və Müzəffər Azərbaycan ordusunun qələbəsi ilə başa çatan 44 günlük Zəfər yürüşündə Zöhrab da, ən uca zirvəyə, şəhidlik zirvəsinə ucaldı. Zöhrab itirilmiş torpaqlarımızı canı-qanı bahasına geri qaytararaq, şanlı tarix yazanlardan biri oldu.
Mehdiyev Zöhrab İlham oğlu 30 mart 1998-ci ildə Zaqatala rayonu Aşağı Çardaxlar kəndində dünyaya göz açıb. Ailədə bir oğlan, bir qız olublar. Zöhrab 2004-2015-ci illərdə Aşağı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb.
2016-18-ci illərdə müddətli həqiqi-hərbi xidmətdə olub. Həmişə fəxrlə deyərdi ki, mən Polad Həşimovun əsgəri olmuşam.
2020-ci il sentyabrın 27-də Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 29-da Füzuli uğrunda gedən döyüşlərdə 22 yaşında şəhid olub. Aşağı Çardaxlar kənd qəbirstanlığında torpağa tapşırılıb.
Atası İlham deyir ki, ata-bala aramızda pərdə olub:”o, texnikaya daha çox meyl edir, avtomobillərin təmiri ilə maraqlanırdı. Həqiqi-hərbi xidmətini başa vurduqdan sonra bir illiyinə rusiyaya işləməyə getmişdi. Pandemiya başlanandan sonra geriyə, rayona qayıtmışdı. Bir müddət sonra müharibə anonsu verildi. Və 21 sentyabrda səfərbərlik elan olunan kimi o, da, digər qeyrətli oğullarımız kimi döyüşə getdi.
Sentyabrın 26- da, telefonla danışdıq, dedi ki, istirahət edirik. Bu onunla sonuncu danışığımız oldu. Tərtər, Suqovuşan və Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib və sentyabrın 29-da, qəhrəmancasına şəhid olub.
Oktyabrın 9-da, Aşağı Çardaxlar kənd qəbirstanlığında dəfn etdik. Kəndin girişində Arka düzəldilib ki, hər iki tərəfində kəndimizin şəhidlərinin portreti asılıb. Zöhrabın adına bulaq kompleksi tikdirmişəm. Oxuduğu kənd məktəbində onun adına sinif də, verilib.
Arzuları yarımçıq qaldı, deyirdi ki, geri gəlib işləyəcəyəm, maşın alacağam.
Döyüş yoldaşları deyir ki, düşmənlə açıq döyüşə giriblər, ermənilər əvvəlcədən qazılmış səngərlərdə olub, Azərbaycan əsgərləri isə düzənlik ərazidən hücum ediblər. Ermənilər görüblər ki, məğlub olurlar qaçmağa başlayıblar. Ancaq artilleriya zərbəsindən Zöhrab və 8 nəfər döyüş yoldaşları da, şəhid olublar.”
Mehdiyev Zöhrab İlham oğlu 15 -12-2020 -ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla “Vətən Uğrunda”, 29-12-2020-ci ildə “Suqovuşanın azad olunmasına görə və 24-06-2021-ci ildə “Cəsur Döyüşçü” medalına layiq görülüb.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
741