ŞƏHİD ABDURAHMAN İSRAFİLOV VƏTƏNƏ OLAN SEVGİSİNİ BÜTÜN SEVGİLƏRDƏN ÜSTÜN TUTDU.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlanan gündən vətənin bütün qeyrətli oğlanları kimi Abdurahman İsrafilov da, əlində silah tutaraq, xain düşmənə qarşı vuruşmağa hazır olduğunu sübut etdi. Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və cəmi 44 gün ərzində torpaqlarımızı tamamilə işğaldan azad edən müzəffər Azərbaycan ordusunun döyüşçüləri arasında Abdurahman İsrafilov da, olub. Abdurahman İsrafilovun həyat yoldaşı Jalə Cəbrayılova və qızı Nilayın qonağı olmaq üçün Zaqatala rayonu Qımır kəndində olduq. Nilay dünyaya gələndən on gün sonra atası Abdurahman qəhrəmancasına şəhid olub. Üzünü belə görmədiyi qızını bütün yaxınlarına tapşıraraq, ondan muğayat olmalarını istəyib.
VAXTSIZ DAYANARAQ, ƏBƏDİYYƏTƏ ÇEVRİLƏN MƏHƏBBƏT HEKAYƏSİ.
Jalə xanımla həyat yoldaşı Şəhid Abdurahman İsrafilov haqqında xeyli söhbətləşdik:”Təhsil aldığıma görə biz altı il nişanlı qaldıq və nəhayət 12 oktyabr 2018-ci ildə ailə qurduq. 2019-cu ilin mart ayından Beyləqanda “N” saylı hərbi hissədə xidmət etməyə başladı. Daha sonra isə Ağcabədiyə göndərilmişdi. Müharibə başlayan vaxtı Füzulidən döyüşə qatılmışdı. 25 sentyabrda mənə zəng edərək dedi ki, ola bilsin ki, bir müddət mənə zəng çatmasın, sən narahat olma. Ancaq mənim rəfiqəm Təranə xanıma yazıb ki, biz döyüşə gedirik, Jalə sənə əmanət, hər ikiniz isə Allaha əmanət olun.
Bilmirəm nədəndir, ancaq həmişə Abdurahman mənə deyərdi ki, sən çox safsan, çalış möhkəm ol.
Uşaq dünyaya gəlməmişdi, demək olar ki, hər gün zəng edirdi və sual verirdi ki, sən haradasan?, deyirdim evdəyəm. Eh deyib telefonu söndürürdü. Uşağının dünyaya gəlməsi üçün çox səbirsizlənirdi.
Nilayın dünyaya gəlişinə o qədər sevinmişdi. Mənə deyirdi ki, qızımın üstünə heç vaxt hirslənmə.
Abdurahman həmişə verdiyi sözü tutardı, deyirdi ki, gələcəyəm bilirdim ki, mütləq gələcək. Nilayın dünyaya gəlişindən sonra ondan soruşdum ki, uşağı görmək üçün gələcəksən? Dedi ki, mən döyüş yoldaşlarımı burada necə qoyub gələ bilərəm?! Müharibə bitəndən sonra gələcəyəm, söz!
Onun şəhid olma xəbəri çıxdı və nəşini evə gətirdilər, bir neçə saatdan sonra məlum oldu ki, səhv gətiriblər. Mən həmin vaxtı telefonla danışanda dedim ki, ay Abdurahman sən orada nə oyun çıxarırsan, camaatı dolamısan? O, da, xeyli güldü və dedi ki, hər şey yaxşıdı.
Abdurahman ata-anasına çox bağlı adam idi, sanki onlarla nəfəs alırdı.
Ümumiyyətlə ailədə, qohum-əqrabada çox istiqanlı bir adam idi.
Sonuncu dəfə telefonla 19 oktyabrda saat 19-32 də, danışdıq. Dedi ki, mən sağam, məndən narahat olma. Bir gün sonra 20 oktyabr 2020-ci ildə gecə mənim yuxuma gəldi, əvvəlcə üzümdən tutub dedi ki, sənə söz deyəcəyəm. Birdən kimsə bizə gəldi və o, da, heç vaxt adam içində söz deyə bilmirdi, odur ki, heç nə demədən dönüb getdi. Mən ayılıb, yenidən yuxuya getdim, o, yenə yuxuma gəldi. Bu dəfə qara paltarda idi. Uşağa və mənə diqqətlə baxdı, sonra arxasını bizə çevirib getdi, nə qədər çağırdımsa eşitmədi, geriyə də, dönüb baxmadı. Bir gün sonra 21 oktyabrda şəhidlik zirvəsinə ucaldı.”
Sual: biraz aranızda olmuş sevgi hekayənizdən danışa bilərsiniz?
Bəlkə də, sizə qəribə gələcək, ancaq bizim elə də, böyük bir sevgi hekayəmiz yoxdur. Mən hələ orta məktəbdə oxuyandan ona vurulmuşdum, gözləri məni öz əsarətinə salmışdı. Sən demə o da, məni izləyirmiş, necə qız olduğumu yoxlayırmış. Günlərin birində mən küçəni süpürən vaxtı Abdurahmanı gördüm və ona xoşgəldin edib, başımı aşağı saldım. Öz işimlə məşğul olmağa başladım. Bu onun çox xoşuna gəlmişdi. Və məni beləcə yadında saxlamışdı. Mən həmin vaxtı 10-cu sinifdə oxuyurdum, yaxın bir tanış qız ilə mənə söz göndərdi. Mən də, həmin qızla ona xəbər göndərdim ki, mən Ali məktəbə qəbul olub, oxumaq istəyirəm. O, da, bunu yaxşı qarşılayaraq, mən gözləyərəm demişdi. Bir il sonra özü gəlib qarşımı kəsdi və xeyli danışdıq.
Mən yenə də, oxuyacağımı dedim, o, da, bunu qəbul etdi. Beləliklə də, mən imtahanlardan yaxşı bal toplayaraq, ali məktəbə qəbul olundum. Biz hər axşam telefonla danışırdıq, ancaq o mənim oxumağıma çox böyük hörmət edir və dərslərimi hazırladıqdan sonra mənə zəng edərdi.
Biz hətta nişanlı olanda belə Abdurahman mənə çox böyük diqqət göstərir və hörmətlə yanaşardı, hətta əlimdən tutmaq istəyəndə belə məndən icazə alardı. Evləndikdən sonra da, öz tərbiyəsi ilə mənə özünü daha çox sevdirə bilmişdi. Saçlarımdan çox xoşu gəlirdi, hətta çox vaxtı saçlarımı özü darıyardı.
Zarafatı da, xoşlayardı, kefsiz olduğumu görən kimi deyərdi ki, ölərəm sənin üçün, mən də, ciddi-ciddi deyirdim ki, elə söz demə, yaxşı söz deyil, o da, deyərdi ki, zarafat edirəm. Mən səni heç vaxt tək qoymaram.
Biz ailə həyatımızın çox hissəsini biri-birimizdən ayrı qalmışıq. Ən böyük arzumuz öz evimizin olması idi.
Xəmir xörəklərini xoşlayardı, xingəl, əsasəndə buğda bişiriləni daha çox sevirdi. Mənə deyirdi ki, ondan həmişə bişirəcəksən. Bəzi yeməkləri bişirə bilmədiyim üçün, bəzən özü mənə yemək də bişirirdi.
Məni çox istəyirdi, ağlamağıma isə heç vaxt dözmürdü. Ağlayan kimi deyirdi ki, tez göz yaşını sil, mən sənin ağlamağını istəmirəm. Mənə məsləhətlər verərdi ki, çalış möhkəm ol, heç kimə inanma və güclü ol.
Həmişə məzuniyyətə gələndə çox yatmağı xoşlayardı, nə qədər səsləyirdim, yuxudan durmurdu. Mən də, özümü vururdum yalandan ağlamağa, səsimi eşidən kimi dərhal ayağa qalxardı.
Meyvələr arasında zoğal və narı daha çox sevərdi. Sonuncu dəfə mənimlə telefonla danışanda dedi ki, zoğal alıb, soyuducuda saxlayarsan, gəlib yeyəcəm. Müharibə başladı, gələ bilmədi və onun üçün saxladığım zoğal da, soyuducuda qaldı.”
Müharibə Jalə xanım kimi çox gəlinlərin sevgi taleyinə qara hərflərlə yazıldı, Nilay kimi gül balaların atasız böyüməsinə səbəb oldu. Ancaq Şəhid ailəsi, Şəhid övladı bu xalqa əmanətdir və hər bir Azərbaycanlı onların yanındadır.
Şəhidlər bizim qürur yerimizdir.
Şəhid Abdurahman İsrafilov haqqında oxucularımıza qıssa məlumat vermək istəyirik:
Abdurahman İsrafilov 1991-ci il iyunun 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1997-2008-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb.
Abdurahman İsrafilov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011-2016-cı illərdə Sərhəd Qoşunlarının, 2019-cu ildən isə Quru Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun baş çavuşu olan Abdurahman İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Abdurahman İsrafilov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Zaqatala rayonu Qımır kənd qəbirstanlığında dəfn olunub.
[center]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdurahman İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdurahman İsrafilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.