ZAQATALA RAYONUNUN QIMIR KƏNDİ AZƏRBAYCAN ORDUSUNA YÜZLƏRLƏ HƏRBİÇİ BƏXŞ EDİB.
MÜASİR VƏ ŞANLI AZƏRBAYCAN TARİXİNİ YAZANLAR ARSINDA
QIMIRLILARIN ÖZ DƏSTİ-XƏTTİ VAR.
Zaqatala rayonu da, digər bölgələrimiz kimi İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlayan kimi ilk səfərbər olan rayonlardan oldu. Bütün gənclər küçələrə axışaraq, darda olan vətənin müdafiəsinə qalxdıqlarını sübut etdilər. Zaqatalanın bir neçə kəndi vardır ki, bu kəndlərdə ümumiyyətlə hərb sahəsinə meyl daha çoxdur. Buraya Muxax və Qımır kəndləri başçılıq edirlər. Bu dəfə Qımır kəndindən olan hərbiçilərlə maraqlandıq, məlum oldu ki, zabit, gizir, çavuşlar da, daxil olmaqla 150-dən çox hərbiçi məhz bu kəndin yetirməsidir.
Onu da, xüsusi vurğulamaq istəyirəm ki, Zaqatala rayonu Qımır kəndi əhalisinin sayına görə böyük kəndlərin sırasında deyildir. Burada bir çox nüanslar var, yaxşı hərbi hazırlıq müəlliminin olması və kəndin cavanları arasında vətənpərvərlik tərbiyyəsinin yüksək olması belə bir nəticəyə gətirib çıxarıb. Bu kənd çox az kəndlərin sırasındadır ki, heç kimdən yardım gözləmədən, kəndin qeyrətli oğulları yığışaraq, öz şəhidlərinin adını əbədiləşdiriblər. Qımır kəndinin mərkəzində şəhidlərin stendləri olan abidə kompleksi yaradıblar. Bu kəndin vətənə, dövlətə və dövlətçiliyə necə sədaqətli olması İkinci Qarabağ savaşında da, özünü göstərdi. Balaca kənd olmasına baxmayaraq, üç şəhid Verdi. Birinci Qarabağ müharibəsində isə altı şəhid verib. Zaqatala rayonu Qımır kənd əhalisi ümumilikdə doqquz şəhid verib.
Mazanov Kamran Həsən oğlu, Məmmədov İsgəndər İbrahim oğlu, Həsənxanov Oruc Ramazan oğlu, Bayraməliyev Rafiq Qurbanismayıl oğlu, Murtuzəliyev Zəfər Ramazan oğlu, Nuhiyev Elşən Ömər oğlu, Nuhiyev Musa Nüsrət oğlu, Murtuzəliyev Xəqani İsa, İsrafilov Abdurahman İsrafil oğlu Qımır kəndinin qəhrəman oğullarındandır. Qımırlılar müasir Azərbaycan tarixi, həm də, şanlı tariximizi yazanlardandır.
“Vətən Müharibəsi” şəhidləri və onların ailə üzvləri ilə etdiyimiz söhbətləri olduğu kimi diqqətinizə çatdırırıq:
ŞƏHİD MUSA NUHİYEV MÜASİR, ŞANLI TARİX YAZAN ZAQATALALILARDANDIR.
ANASININ DOĞULDUĞU AĞDAMI YAĞI DÜŞMƏNDƏN XİLAS EDƏN MUSA NUHİYEV, MƏHZ SƏNGƏRDƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI.
Birinci Qarabağ savaşı bitəndən sonra, atəşkəs elan olunduqdan bir neçə il sonra Zaqatala rayonu Qımır kəndində Musa adlı bir uşaq dünyaya gəldi. Anası ağdamlı olduğunua görə düşmən tapdağında qalan Azərbaycan torpaqlarının yanğısı Musaya ikiqat təsir edirdi. Ana vətənində erməni cəlladları at oynadarkən, Musa sakitcə dayanıb baxa bilməzdi. Müddətli həqiqi-hərbi xidmətini Naxçıvan MR-da Sərhəd dəstəsində edən Musa, hərbin sirrlərinə daha dərindən yiyələnməyə başlayıb. Bu maraq Musanı Ağdama çəkdiyi üçün, o, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyə qərar verib.
Və qıssa müddətdən sonra Ana vətəni olan Ağdamda xidmətə başlayıb.
Anası nə qədər deyib-gülsə də, ürəyində həmişə bir vətən niskili var idi, Musa bunu çox məharətlə görürdü. Odur ki, o, hər bir vəclə çalışırdı ki, Ağdamın düşmən tapdağı altında qalan ərazilərinin işğaldan azad edilməsində hökmən iştirak etsin. Musa istəyinə nail oldu, məhz Ağdamın yağı düşməndən azad edilməsi üçün gedən aktiv döyüşlərdə iştirak etdi. Düzdür Musa Nuhiyev təkcə Ağdamda deyil, Suqovuşan, Tərtər, Füzuli rayonlarında da, döyüşüb. Minamyotçu olan Musa Nüsrət oğlunun son telefon danışığı anasıyla olub. O, 15 oktyabrda anasıyla telefonda xeyli danışaraq, ona noyabrda məzuniyyətə gələcəyini deyib. Anası Laləzar xanım isə Musaya deyib ki, səni evləndirmək istəyirəm:”Dedim ki, oğlum daha bəsdir, bu dəfə məzuniyyətə gələndə səni evləndirəcəyəm. Musa da, dedi ki, sən belə tez qocalmısanki məni evləndirirsən? Mənimlə tez-tez zarafat edərdik. Bu dəfə də, mənim fikrimi zarafatla başqa tərəfə yönəltdi. Mən oğlumla sirdaş idim, o, çox sakit, tərbiyəli bir uşaq idi. Yaman utancaq idi, heç kimin evində bir stəkan çay belə içməzdi. Baxmayaraq ki, orta məktəbdə dərslərini yaxşı oxumazdı, ancaq hamının hörmətini qazanmağı bacarmışdı. Özündən böyük insanlar bütün işlərin arxasınca Musanı göndərərdilər. O, məhəlləmizdə, qohum-əqraba arasında ən kiçik oğlan uşağı olduğuna görə hamının işinə yarayırdı. Həmişə özündən böyüklərlə dostluq edər, onların məsləhətlərinə qulaq asardı. Güllərə qarşı xüsusi sevgisi var idi, hətta xidmət etdiyi hərbi hissənin həyətində belə gül əkib.
Uşaqlıqda çox sakit olsa da, böyüyüb kişi olandan sonra isə, məni qolları üzərinə alaraq, evdə gəzdirirdi. Zarafatından qalmırdı.
Sonuncu dəfə telefonla danışan zaman gördü ki, ağlayıram, dedi ki, ay ana bu əvvəl-axır olmalıydı və oldu.
Evləndirmək istəyimi zarafata salsa da, arada deyirdi ki, qızı ağdamdan alacağam ki, sənin Ağdama get-gəl etməyin üçün bir səbəb olsun.”
Musa Nuhiyevin bacısı Gülnar da, qardaşı haqqında ətraflı danışdı:”mənə sonuncu dəfə telefon danışığımızda dedi ki, ata-anaya yaxşı baxarsan. Sanki şəhid olacağını hiss edirmiş və ata-anamızı mənə tapşırırdı.
Qardaşım yaxşı at çapırdı, hər dəfə məzuniyyətə gələn zaman saatlarla at çapardı.
Musanın döyüş yoldaşları bizə dedilər ki, səngərdə döyüş zamanı kiməsə dedilər ki, təcili mərmi gətirmək lazımdır. Musa baxıb görüb ki, zəif bir əsgər mərmi arxasınca gedir. Musa deyib ki, bu uşağın nə canı-cüssəsi vardır ki, mərmiləri də, o daşısın. Özü səngərin baş tərəfinə gedib ki, oradan çıxaraq, mərmi gətirsin. Həmin an, səhər saat 8-00 da, Musanın olduğu səngərə artilleriya zərbəsi ilə mərmi atılıb və Musa səngərdə də, şəhid olub. Əslində onun döyüş yoldaşı Qoca Namazovun da, həmin anda iki ayağı səngərə atılan mərmi sayəsində yaralanıb. Musa mərmi yarasından açılan qanaxmadan dünyasını dəyişib. Həmin günü saat 11-00 da, Musanın nəşi Zaqatalaya gətirildi. Qoca Namazovun ayaqları və Musanın barmağını həmin döyüş gedən kənddə dəfn edərək, baş daşı da, qoyulub.
Mən qardaşımla fəxr edir, qürur duyuram. Bir dostuyla votsap yazışmasını mənə göstərəndən sonra qardaşımla bir daha qürur duymağa başladım. Belə ki, Musa yazmışdı ki, hər oğula qismət deyil, öz ana torpaqlarını düşmən işğalından xilas etsin. O, bu missiyanı sevərək yerinə yetirirdi.”
Nuhiyev Musa Nüsrət oğlu haqqında bildiyimiz bəzi məlumatları olduğu kimi oxucularımıza çatdırmaq istəyirik:
Musa Nüsrət oğlu Nuhiyev 1998-ci il oktyabrın 2-də Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb.
Musa Nuhiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin (Naxçıvanda Sərhəd dəstəsində) “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Musa Nuhiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.
Musa Nuhiyev oktyabrın 16-da Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə də təltif edilmişdir.
Bundan başqa, Prezidentin müvafiq Sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalı ilə də, təltif edilmişdir.
ZAQATALALI ŞƏHİD XƏQANİ MURTUZƏLİYEV VƏTƏN FƏDAİLƏRİNDƏNDİR.
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Xəqani Murtuzəliyevdir.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlayan kimi Müzəffər Azərbaycan ordusu erməni ordusunu döyüş meydanında üstələməyə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və cəmi 44 gün ərzində erməni cəlladlarının diz çökməsinə səbəb olan, Vətən Müharibəsi zamanı Xəqani Murtuzəliyev də, bu yolda can qoyanlardan olub. Xəqani İsa oğlu Murtuzəliyev otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı yağı düşməndən azad etmək üçün canı-qanı ilə tarix yazanlardan oldu.
Xəqani Murtuzəliyevin doğulub,
boya-başa çatdığı Zaqatala rayon Qımır kəndində olduq. Atası İsa və anası Südabər Murtuzəliyevlərin qonağı olduq. Atası İsa kişi oğlundan ağızdolusu danışmağa başladı:”Xəqani uşaqlıqdan canlı-cüssəli idi, onda pəhləvan gücü var idi. Oğlum müddətli həqiqi-hərbi xidmət keçən vaxtı topçu olmuşdur. Daha sonra Müddətdən artıq həqiqi hərbi xidmətə başlayan kimi bütün xidmətini cəbhəboyu bölgələrdə etmişdir. Bir ilə yaxın idi ki, Bakı ətrafına göndərilmişdir.
Görünür müharibənin olacağını hərbiçi kimi bilirmiş, ancaq bizimlə danışan zaman bizə bu haqda demirmiş. Oktyabrın 11-də ad günü idi, ona zəng etdim, dəstəyi qaldırmadı, sonralar dedilər ki, həmin tarixdə Füzulidə döyüşlərdə olublar.
Xəqani uşaqlıqdan necə hörmət-izzət qazanmışdırsa, işləyən dövrlərdə də, onu qoruyub, saxlamış və biraz da, artıra bilmişdir. Kənd mərkəzinə çıxan zaman kənddə yaşından asılı olmayaraq, hamı onunla görüşüb, hal-əhval tutardı.”
Uzun illər sovetlər dövründə tütünçülük, və s, kolxoz işlərində əziyyətlə işləyən, ancaq övladlarını bu əziyyətə salmayan Südabər ana da, oğlu haqqında xeyli danışdı:” oğlum mənə zəng edib, dedi ki, get Bakıya ailəmin yanına, mən də dedim ki, baş üstə, gedərəm. Dedim ki, oğlum necəsən, işlər necədir?, o da, mənim nə demək istədiyimi anlayaraq, dedi ki, hər şey əladır, küçükləri qırırıq. Dedi ki, döyüş bitən kimi birinci kəndimizə gələcəyəm, daha sonra Bakıya gedəcəyəm. Mənim bir oğlum və bir qızım olub, Havva və Xəqani. Bütün ömrümü onların rahat böyüməsinə həsr etmişdim. Xəqani çox istiqanlı, ailəcanlı bir oğul olub. Hərbiçi ailəsi olmaq çox çətin idi, evdə, ailəsinin yanında az vaxt keçirirdi. Odur ki, vaxt tapıb evə gələn kimi yalnız uşaqlarıyla oynayardı.
Sonuncu dəfə dostlarına zəng edib deyib ki, atamdan muğayat olarsınız.
Mən bütün ömrümü uşaqlarımın firavan yaşamasına həsr etdim, həddən artıq çox istəyirdim. Ona görə də, zalım fələk onu mənim əlimdən aldı. Bu gün onun üç övladı bizə yadigar qalıb. Böyük oğlu İsa bizim yanımızda qalır, qızı Bəyim və kiçik oğlu Tunar isə Bakıda anasıyla qalırlar.”
Şəhid Xəqani İsa oğlu Murtuzəliyevi oxucularımızla yaxından tanış etmək məqsədilə onun haqqında qıssa arayış vermək istəyirik:
Xəqani İsa oğlu Murtuzəliyev 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı.
Xəqani Murtuzəliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
ŞƏHİD ABDURAHMAN İSRAFİLOV KÖRPƏSİNİN ÜZÜNÜ BELƏ GÖRMƏDƏN ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI.
İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlanan kimi Müzəffər ordumuz erməni faşistlərini ölkəmizdən qovmağa başladı. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və cəmi 44-günə erməniləri ağ bayraq qaldırmağa məcbur edən Müzəffər Azərbaycan əsgərləri arasında, baş çavuş Abdurahman İsrafilov da, var idi.
Abdurahman İsrafilov ailədə üç qardaş olublar və hər üçü də, hərb sahəsini seçiblər. Böyük qardaşları Elşən artıq 25 ilə yaxındır ki, hərbi hava qüvvələrinin baş giziridir. Abdurahmanın əkiz qardaşı Abdullah da, uzun müddət hərbi forma geyinib. Qardaşların hər üçü hərbiçi olduğuna görə müharibənin də, nə olduğunu yaxşı anlayırdılar. Abdurahman müharibənin nə olduğunu təkcə anlamırdı, həm də, onun iştirakçısıydı.
Qız övladının üzünü belə görə bilməyən Abdurahman üçün bu şans yaradılsa da, o, döyüş yoldaşlarını sona qədər tərk etməyəcəyini deyib. Və şəhidlik zirvəsinə ucalana kimi də, körpəsini bağrına basa bilməyib. Əlbəttə ki, bu Vətənə olan məhəbbətdən, sədaqətdən irəli gəlir. Abdurahmanı tanıyanlar deyir ki, çox vətənpərvər insan olub. Çox danışmağı sevməyən Abdurahman İsrafilov hər dəfə məzuniyyətə gələndə Aprel şəhidlərinin ailələrinə baş çəkərmiş, hədiyyələr apararmış. Və hərbidə işlədiyi müddətcə bir dəfə belə olsun hərb sahəsindən danışmazmış, sirr saxlamağı xoşlayarmış.
Abdurahman İsrafilov Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının düşmən tapdağı altından azad olunması üçün şiddətli döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Qubadlının azad olunması üçün gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncamlarla Abdurahman İsrafilov ölümündən sonra, 15-12-2020-ci ildə “Vətən Uğrunda” və “Füzulinin azad olunmasına “ görə medalı ilə təltif olunub.
Şəhid qəhrəmanımızı yaxından tanımaq və oxucularımıza tanıtmaq üçün onun haqqında qıssa məlumat vermək istəyirik.
İsrafilov Abdurahman İsrafil oğlu 11-06-1991 ci ildə Zaqatala rayon Qımır kəndində doğulub. 21-10-2020-ci ildə isə, Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub və şəhidlik zirvəsinə ucalıb.
İsrafil və Şəfiqə İsrafilovların üç oğlu olub. Elşən evin böyük oğlu, Abdurahmanla Abdullah isə əkizlər olublar. Bundan əvvəl isə dörd övladları qan xərçəngindən dünyalarını dəyişiblər.
Abdullah deyir ki, biz əkiztayı kimi hər yerə bir yerdə gedərdik:”əvvəlcə bağçaya, sonra orta məktəbə, daha sonra isə əsgərliyə bir yerdə getmişik. Təsəvvür edirsiniz, kiçik yaşlarından həm qardaş, həm də, dost olmuşuq. Bağça, məktəb və əsgər yoldaşlarıyıq.
1997-2008-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil almışıq.
Müddətli həqiqi-hərbi xidmətimizi Füzuli rayonu ərazisində etmişdik. 15 iyul 2009-cu ildə əsgər paltarını geyindik, 1 yanvar 2011-ci ildə isə təxris olunduq. Abdurahman sərhəd xidmətinə, mən isə daxili qoşunlarda müddətdən artıq xidmət etməyə başladıq. Mən 2014-cü ildə xəstəliklə ehtiyyata buraxıldım. Beş ilə yaxın işləyəndən sonra, Abdurahman da, hərbidən ayrıldı və evdə kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Çox yaxşı at çapmağı var idi, ümumiyyətlə təsərrüfatla məşğul olmağı sevirdi. Heç vaxt avaralanmazdı, ancaq təsərrüfatla məşğul olardı, işləməkdən zövq alardı.
İki ildən sonra o, yenidən hərbiyə, bu dəfə isə Milli orduya qəbul olundu. 2019-cu ildən hərbi formanı yenidən əyninə geyinən Aburahman xüsusi olaraq, hazırlanmışdı. O, həm snayperçi idi, həm də, kəşviyyatçı kimi təlimlərə qatılmış, xüsusi hazırlıqlar keçmişdi. Son xidmət yeri Ağcabədi zonası olub, Vətən müharibəsi başlayan kimi ən qaynar nöqtələrdə döyüşlərin iştirakçısı olub. Çox diribaş adam idi, bədəni dəmir kimi möhkəm idi. Ona Allah belə möhkəm bədən vermişdi. Onunla nə qədər söhbət edirdiksə, fərq etməz müharibə başlamışdı, yoxsa yox, o heç vaxt bizə müharibənin olduğunu demədi. Həmişə deyirdi ki, müharibə falan yoxdur.
Onun çoxlu zarafatları olardı, həmişə mənimlə zarafatlaşardı.
Bir gün bizə gözləmədiyimiz acı xəbər verdilər, ailəyə Şəhid xəbəri gəldi və biz də, artıq şəhidimizin nəşini qəbul etmişdik. Birdən mənim telefonuma zəng gəldi, səs Abdurahmana oxşayırdı. Mən şokdaydım, əvvəlcə qulağıma inanmırdım, birdən dedi ki, sən orada nə oyun çıxarırsan? Onda dəqiq bildim ki, bu Abdurahmandır, yenə də zarafatından qalmırdı. Dərhal çölə çıxıb, şəhidin nəşinin səhv gəldiyini dedim.
Daha sonra Abdurahmanla telefonla danışanda dedim ki, günahın hamısı səndədir, niyə tez-tez evə zəng etmirsən?
Günlərin birində sübh tezdəndən zəng etdi və ata-anayla xeyli danışdı. Mənə də, dedi ki, ata-anaya yaxşı bax. O, atamla çox yaxın dost idilər, bütün sirrləri bir idi. Odur ki, həmişə onun daha çox qayğısına qalırdı. Bu telefon danışığında bütün uşaqları soruşdu, dost-tanışı və s.
Ancaq ən çox da, qızına yaxşı baxmağı xahiş edirdi. İş elə gətirdi ki, kəndimizə eyni gündə iki şəhid gətirdilər. Abdurahman və Xəqani eyni gündə kənd qəbirstanlığında dəfn olundular. “
Abdullahın həyat yoldaşı Namidə xanım da, qaynı haqqında xeyli danışdı:” Biz onunla çox yaxşı münasibətdə olmuşuq, xətrimiz əziz olub. Sonuncu dəfə zəng edib, mənimlə xeyli danışdı. Mən qardaşımı ondan soruşdum, dedim ki, Əkrəmdən mənə bir xəbər deyə bilərsən?, o da, dedi ki, narahat olma, onlar arxadadırlar. Soruşdum ki, sən özün necəsən?, dedi ki, sən qorxma, mən əlayam, bilirsən də, pis adama heç nə olmaz. Xeyli zarafatlaşdı mənimlə, sonunda da, dedi ki, qızımı xəstəxanadan çıxarmağa gedərsən? Dedi ki, mütləq get, qızıma baş çək, ondan muğayat ol, həmişə yanında ol. Mənim fikirim qalmışdı qardaşımın yanında, onu soruşurdum. O isə, ancaq qızı ilə maraqlanırdı, üzünü görmədiyi qızını bərk-bərk tapşırırdı, deyirdi ki, qızıma yaxşı baxın.”
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
641