Mart soyqırımının tarixin ən dəhşətli genosid aktlarından biri olduğunu tarixi sənədlər və real faktlar sübut edir
I Dünya müharibəsindən sonra Rusiyada və dünyada yaranmış xaotik vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə nail olmağa cəhd edirdilər. 1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırım aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində müxtəlif millətlərə mənsub on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Son vaxtlar bu soyqırım aktına dair çoxsaylı faktlar və sənədlər aşkarlanır və dünya ictimaiyyətinə çatdırlır. Bu, yalançı erməni təbliğatının qarşısının alınmasında, dünyaya gerçəklərin çatdırılmasında çox mühüm rol oynaya bilər.
QISA ARAYIŞ: Tarixi sənədlərə görə, erməni daşnak qüvvələrinin 1918-1920-ci illərdə Bakıda həyata keçirdiyi qırğınlar zamanı 30 mindən çox dinc sakin öldürülüb. Ermənilər təkcə Naxçıvanda 1919-cu ildə 4000, 1920-ci ildə 64408, həmin il daha 5307, 1921-ci ildə isə 12 azərbaycanlını qətlə yetiriblər.
Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qarsda 92 kənd yerlə-yeksan edilib. Ermənilər Şamaxı ərazisində 7 mindən artıq insanı, o cümlədən 1653 qadını və 1000-ə yaxın uşağı qətlə yetiriblər.
İrəvan quberniyasında isə öldürülən azərbaycanlıların sayı 130 min nəfərdən çox olub. Erməni hərbi birləşmələri on minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə məhv edib, evlərə od vurub, insanları diri-diri yandırıb, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, digər tikililəri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər.
“Çox dəhşətli faktlar aşkar etmişik”
Son vaxtlar bu soyqırım aktına dair yeni faktlar və sənədlər aşkarlanır. Bir neçə il qabaq qəzetimizə müsahibəsində AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bununla bağlı maraqlı faktlar açıqlamışdı: “1918-ci il mayın 29-da AXC-nin yarandığını elan edən Müsavat hakimiyyəti xalqla uyğunlaşmayaraq İrəvanı və ətrafındakı torpaqları onların da bir siyasi mərkəzi olsun deyə ermənilərə verdi. Nəticədə 9 min kv.km-lik ərazidə Ararat Respublikası yarandı.
1918-ci il mayın 30-dan dövlət səviyyəsində o ərazidən azərbaycanlı əhalini məhv eləməyə, təmizləməyə başladılar. Təhqiqatlarımız göstərir ki, Azərbaycan xalqına qarşı bütün Azərbaycanda və İrəvanda soyqırım həyata keçiriblər”.
Tarixçi ailm qeyd edib ki, 1919-cu ildə 20-25 gün ərzində təkcə 2 qəzada 500 minə yaxın azərbaycanlı öldürülüb: “Onların necə məhv edilməsi üsulları tarixdə görünməyən vəhşilik, vandallıq əlamətidir. Tarixdə heç yerdə elə bir fakt yoxdur ki, bir xalqı məhv etməkdən ötrü ermənilərin tətbiq etdiyi üsullar istifadə olunsun. Hamilə qadınların kürəyinə samovar bağlamaq, camaatı məscidə dolduraraq diri-diri yandırmaq, izi itirməkdən ötəri insanları doğrayıb Araza tökmək, körpələrin başını kəsmək və s.”.
Körpələri və qadınları da vəhşicəsinə öldürüblər
Erməni siyasi partiyaları təxminən 7000 erməni əsgərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Qabaqcadan hazırlanan plan əsasında ermənilər hər cür hazırlığı etmişdi. Martın 30-u axşam saat 5-də Bakıda ilk atəş səsləri eşidildi.
Yaxşı silahlanmış və hazırlıqlı erməni əsgərləri azərbaycanlıların evlərinə basqınlar edərək onları öldürür, 3-4 günlük körpələri xənçərlə qətl edir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyidi tapılmışdı.
Mir Cəfər Pişəvəri öz xatirələrində yazır: “Mən 1918-ci ilin martında erməni daşnaklarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyidlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu çox nifrət ediləcək bir hərəkətdir”.
Daşnaklar həm də milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər.
Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Soyqırım prosesi Azərbaycanın bütün ərazisində davam etdirilib. Lənkəranda, Kürdəmirdə, Qubada, Şamaxıda və digər yerlərdə qırğınlar törədilib. Bunun zirvə nöqtəsi isə, 1918-ci ilin martında Bakıda olub. İngilis mənbələrində göstərilir ki, ermənilər tərəfindən həmin ilin martında 25 min nəfər qətlə yetirilib.1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri müxtəlif millətlərə mənsub on minlərlə azərbaycanlını qətlə yetirilib, on minlərlə insan öz torpaqlarından qovulub.
Ermənilər təkcə Naxçıvanda 1919-20-ci illərdə 70 minə yaxın azərbaycanlını qətlə yetiriblər. Digər bölgələrdə də minlərlə azərbaycanlı öldürülüb.
1918-1920 soyqırımları zamanı azı 1 milyon azərbaycanlı qətlə yetirilib
Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma Komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və azərbaycanlılar üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma Komissiyasının 12 iyul 1919-cu il tarixli qərarı göstərmək olar.
Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir.
Şamaxıda silahlanmış və üstünlüyü ələ keçirmiş ermənilər buranı azərbaycanlılardan təmizləməyə başladılar. Şamaxıya gələn erməni silahlı dəstələri ilk olaraq yaşlıların, qadın və uşaqların gizləndiyi məscidi mühasirəyə almağı, sonra isə yandırmağı əmr etdi. Arxivlərdə göstərilir: “...Uşaq və qadınların böyük bir hissəsi məsciddə gizləndi. Tanınmış axund Molla Cəfərqulu öldürüldü. Hər kəs axunda bir şey edilməyəcəyini, ona əl qaldırılmayacağını fikirləşirdi. Amma ermənilər məscidə girərək axundu tapdılar. Onun gözlərini çıxarıb, dilini, burnunu və qulaqlarını kəsdilər. Məsciddəki bütün qadınlar öldürüldü”.
Şamaxıda təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1701 nəfərə enmişdi.
Quba qəzasına gələn erməni silahlı birləşmələri tərəfindən aprel ayında bu bölgənin 122 kəndi dağıdılmış, yüzlərlə azərbaycanlı, yəhudi və ləzgi qətlə yetirilmişdi. Ermənilərin Qubada törətdikləri qətliamlar haqqında həmin dövrdə şəhərin rəisi olmuş A.Əlibəyov yazır: “Ermənilər şəhəri tərk etdikdən sonra mən şəhərə dəyən maddi zərəri dəyərləndirdim və eyni zamanda bir neçəsi uşaq və qadın olmaq üzərə 2000-dən çox insanın qətl edildiyini araşdırdım”.
İndi dünyaya yalançı erməni soyqırımı nağıllarını qəbul etdirmək istəyən ermənilər bu tarixi faktlar qarşısında aciz vəziyyətə düşürlər. Azərbaycan və qonşu ölkələrin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırım haqda minlərlə fakt və sənədlər var. Bunlar ermənilərin iç üzünün açılması və vəhşi ermənilərin dünya qarşısında ifşası üçün tam kifayət edir.
Təəssüf ki, biz bu faktı dünya birliyinə çatdıra bilmirik. Dünya ermənilərin azərbaycanlıları soyqırıma məruz qoyaraq, Azərbaycan torpağı üzərində özlərinə dövlət yaratdığı faktını qəbul etməlidir.
Ümumilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Və hər il martın 31-i bütün dünyadakı azərbaycanlılar tərəfindən soyqırım qurbanlarının xatirəsi yad edilir.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb.