Politoloq Anar Əliyevin “Səs” qəzetinə müsahibəsi
- Anar müəllim, Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək. Görüşdən gözləntilər müsbət ola bilərmi?
- Görüş Avropa İttifaqının birbaşa iştirakı ilə Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh razılaşmasının əldə olunması istiqamətində danışıqlarla bağlı ikinci cəhddir. Birinci görüş ötən ilin dekabr ayının 14-də keçirilmişdir. Bu görüş zamanı Ermənistanın və erməni diaspor təşkilatlarının, dairələrinin ciddi cəhdinə baxmayaraq, Ermənistanın maraqlarına və istəklərinə xidmət edəcək heç bir addım atılmadı. Hətta görüşdən sonra keçirilən mətbuat konfransında və səsləndirilən bəyanatda “Dağlıq Qarabağ” və Qarabağdakı ermənilərə hər hansı bir statusun verilməsi məsələsi nəinki müzakirə edildi, hətta bəyanatlarda belə səsləndirilmədi. Hesab edirəm ki, Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək növbəti görüşdə yenə də Ermənistan öz istəklərinə nail ola bilməyəcək və Ermənistan maraqlarına xidmət edəcək hər hansı bir ifadədən, termindən istifadə olunmayacaq və əldə oluna biləcək yekun sənədə, razılaşmaya da bu istiqamətdə hər hansı bir ifadə və ya bənd əlavə edilməyəcəkdir.
- Ermənistan 10 noyabr razılaşmasının müəyyən bəndlərini hələ də yerinə yetirmir. Bu məsələ görüşdə müzakirə ediləcəkmi?
- Bəli, 44 günlük Vətən müharibəsinin bitməsindən sonra 10 noyabr bəyanatı və ondan sonra keçən müddət ərzində bir çox görüşlərdə razılaşmalarda Ermənistan Cənubi Qafqazda sülhün təmin edilməsi, birgə yaşayışın əldə olunması qarşılıqlı inam və etimad mühitinin formalaşması istiqamətində eləcə müxtəlif istiqamətli, kommunikasiya xətlərinin açılması ilə bağlı öz üzərinə öhdəlik götürüb. Amma təəssüf ki, ötən müddət ərzində bu öhdəliklər yalnız bəyanatlar söz səviyyəsindən irəli getməyibdir. Ermənistan bu istiqamətində heç bir praktik real addımlar atmayıb. Bu, onu göstərir ki, Ermənistan müxtəlif platformalarda manevrlər edərək öz maraqlarına uyğun qərarlar çıxartdırmağa və mümkün qədər Azərbaycandan əlavə güzəştlər əldə etməyə çalışır və buna nail ola bilməyəndə üzərinə hər hansı bir öhdəlik götürsə də, sonradan ona əməl etməsindən yayınmağa çalışır. Brüssel keçiriləcək görüşdə Ermənistanın üzərinə əlavə öhdəliklərin qoyulması ilə yanaşı, bu günə qədər üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunmalıdır və yəqin ki, olunacaqdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri ilə keçirdiyi görüşdə də çox mühüm bir fikir səsləndirdi, Azərbaycan Prezidenti açıq şəkildə, açıq mətinlə bəyan etdi ki, “Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı addımlar atılmalıdır”. Yəni Ermənistanın üzərinə kifayət qədər öhdəliklər götürüb və təəssüf ki, bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Ermənistana bu günə qədər hər hansı bir təzyiqlər edilməyibdir. Hesab edirəm ki, beynəlxalq bir platformadan Avropa Birliyi platformasından istifadə edərək Azərbaycan Prezidenti cənab İlham Əliyev Paşinyana üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq təzyiqlərin artırılması istiqamətində addımların atılmasını, fikirlərin səslənməsini səsləndirəcəkdir.
- Görüş sülh müqaviləsinin imzalanmasında mühüm rol oynaya biləcəkmi?
- Hesab edirəm ki, Brüssel görüşü Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində, daha çox Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı vaxtın məyyənləşdirilməsi ilə bağlı yadda qalacaq görüş olacaq. Düşünürəm ki, bu görüş zamanı Ermənistan artıq real sahədə praktik olaraq addımların atılması ilə bağlı vaxtı üzərinə götürəcəkdir. Düşünürəm ki, Ermənistanın siyasi elitası, Paşinyan Ermənistan dövlətinin taleyini və onun gələcəyini düşünürsə, Şarl Mişelin təşəbbüsü ilə təşkil edilən bu görüşdən səmərəli istifadə etməlidir və Azərbaycanla, Türkiyə ilə münasibətlərinin tənzimlənməsi istiqamətində artıq sözlərdən uzağa gedib, sözlərdən əməli praktiki addımlara keçib real addımların atılmasına başlayacaqdır. Hesab edirəm ki, əks halda Azərbaycan dövləti növbəti uğurlu gedişlər edərək Ermənistanı yenə də çıxılmaz vəziyyətə sürükləyəcəkdir. Bu halda Azərbaycan ordusu növbəti yerdəyişmələr edə bilər. Əgər bu görüş də səmərəsiz başa çatsa, Azərbaycan ordusu növbəti yerdəyişmələr edə bilər və yenə də növbəti yüksəklikdə və ya yaşayış məntəqəsində Azərbaycan bayrağı dalğalanacaq.
Müəllif: Gülyana