VALEH BƏDƏLOV İKİNCİ QARABAĞ SAVAŞI-VƏTƏN MÜHARİBƏSİNİN ZAQATALALI QƏHRƏMANIDIR.
Məlum olduğu kimi cəmi 44 gün ərzində erməni cəlladlarını diz çökdürməklə yekunlaşan İkinci qarabağ savaşı, “Vətən Müharibəsində” Zaqataladan da, xeyli igidlərimiz silaha sarıldılar. Onlardan biri və Vətən Müharibəsi qəhrəmanı kimi adını şanlı tariximizə yazdıran Valeh Bədəlov oldu. Valeh Bədəlovun atası Vahid müəllimdən keçən dəfə müsahibə aldığımıza görə bu dəfə onun ailəsi ilə görüşüb həmsöhbət olduq. Əvvəlcə Valeh Bədəlovun həyatı və döyüş yolu haqqında qıssa arayış vermək istəyirik:
Bədəlov Valeh Vahid oğlu 10 oktyabr 1990-cı ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olub. Ailədə 3 uşaq olublar. 2 oğlan 1 qız. Qardaşı Taleh uşaq yaşlarında dünyasını dəyişib. Ailənin böyük uşağı Valeh olub. 1996-cı ildə Aşağı Tala kənd Ramiz Şabanov adına 3 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub.
2007-ci ilin mayında məktəbi bitirib. 2007-ci ilin sentyabrında Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) filologiya fakultəsində təhsil almağa başlayıb. 2012-ci ildə Azərbaycan dili və Ədəbiyyat ixtisası üzrə həmin Universiteti bitirib. 2013-cü ildə Azərbaycan ordu sıralarında hərbi xidmətini başa vursa da, Ali təhsilli olmasına baxmayaraq, Vətən eşqi qəhrəmanımızı səngərlərdə xidmətə səsləyib. O, xüsusi imtahan verdikdən sonra XTQ-yə cəlb edilib.
XTQ kurslarına əlavə olaraq, Türkiyədə Komando kurslarını da keçib. Hərbi xidməti bitirdikdən sonra hərbiçi olaraq fəaliyyətini davam etdirən qəhrəmanımız XTQ Baş Leytenant Bədəlov Valeh aprel döyüşlərində də şücaətlə iştirak edib. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərində fəal iştirak edən igidimizin döyüş yolu Murovdan başlasa da, daha sonra Cəbrayıl və Füzuli, Xocavənd, Kəlbəcər rayonlarına doğru irəliləyib. Lakin Füzulidə gedən döyüşlər zamanı 7 oktyabrda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Valeh Bədəlova ölümündən sonra Vətən müharibəsində şücaətlərinə görə "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Vətən uğrunda" “Füzulinin, Xocavəndin, Cəbrayılın, Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Hazırda Valeh Bədəlovun Azərbaycana iki əmanəti var, Aylin və Nilay Bədəlovalar. Onlarla maraqlandığımıza görə Bakı şəhərinə yola düşdük. Valeh Bədəlovun həyat yoldaşı Zeynəb xanım anasıyla bizi qarşıladılar.
Zeynəb Hikmət qızı Bədəlova vaxtilə kollec bitirsə də, hazırda Bakı Dövlət Universitetinin “İnformatika” ixtisası üzrə 1-ci kurs tələbəsidir.
Zeynəb hələ Bakıda, kollecdə oxuyarkən Valehin bacısı Vüsalə xanımla bir otaqda kirayədə yaşayıblar. Valehlə Zeynəbin tanışlığı da, elə bacısının vasitəsilə olub. Bu tanışlıq təxminən 2016-cı ildə, məşhur aprel döyüşlərindən bir müddət sonra olub. Zeynəblə Valeh elə həmin il avqust ayında nişanlanıblar, sentyabrda isə toyları olub.
Zeynəb deyir ki, dörd il evli qaldıq bir dəfə belə, hərbi həyatından mənə danışmadı. Müharibə başlamazdan bir neçə ay əvvəl isə, söhbət əsasında aprel döyüşlərində iştirak etdiyini deyib: düzdür, Valeh ailə qurmazdan əvvəl mənimlə səmimi söhbət etmişdi. Dedi ki, zabit həyat yoldaşı olmaq elə də, asan deyil, bir gün evdə, bir gün çöldə olacağam. Təlimlərdə olacağam, tək qalacağın günlər olacaq, əgər bunlara hazırsansa ailə quraq. Əlbəttə ki, mən bilirdim zabit həyatı çətin və şərəflidir. Ona görə də, düşündüm ki, şərəfli peşə sahibinin adına-sanına layiq bir həyat yoldaşı olmalıyam və ona razılıq verdim. Peşiman da, olmadım, o, hər yerdə seçilməyi bacarırdı. Uşaqlarımın atası kimi onu ayrıca sevirdim. Mənim öz uşaqlığım biraz çətin olub. Atam Rusiyada olduğuna görə demək olar ki, atasız böyümüşəm. Və həmişə düşünürdüm ki, görəsən mənim övladlarımın atası necə biri olacaqdır. Valeh hər iki övladına, Aylin və Nilaya gözəl ata olmağı bacardı. Təkcə iki balamıza deyil, elə mənə də, ata olmağı bacardı. İş elə gətirmişdi ki, mənim toyum günü atam dünyasını dəyişmişdi. O, da, buna görə məni daha çox uşaq kimi əzizləyərdi. Uşaqlara şirə, konfet alanda mənə də, alardı, sanki bu evdə üç qız uşağ böyüdürdü. Kənardan baxanda çox zəhmli, ciddi görkəmi var idi. Ancaq elə ki, onunla söhbət edirdin, baxıb görürdün ki, çox gülərüz, xasiyyəti mülayim bir insan idi. O, xüsusi təyinatlı idi, baş leytenant kimi yetərincə nüfuz sahibi olub. Heç vaxt evdə deməzdi ki, iş çətindir, vəyaxud təlimlərdən yoruldum.
Valeh silah-sursata uşaqlıqdan meyilli olub, həmişə atasıyla ova getdiyi üçün, silahla davranmağı da, uşaqlıqdan öyrənib. Böyüyən kimi özünə silah və ovçuluq bileti də, almışdı.
Əslində Valeh Qafqaz Universitetini bitirmişdi, müəllim olmalıydı. Mingəçevirdə hərbi xidmət keçən zaman XTQ-ə imtahan verib və müvəfəqiyyətlə keçib. Ali təhsilli kimi bir il, müddətli həqiqi-hərbi xidmətini keçəndən sonra zabitlik kursuna gedib. Ailəsində onun hərbçi olmasını istəməyiblər və XTQ olması üçün çətin imtahanlardan da, keçəcəyinə şübhə ediblər. Valeh isə tam əksinə, imtahanlardan ən yaxşı nəticə göstərənlərdən biri olub.
Zeynəb xanım deyir ki, müharibə başlayıb və Valeh də, irəlidə olub, ancaq mənə deyirdi ki, biz təlimdəyik. Mən də, müharibənin olacağını bilmirdim. O tez-tez təlimə gedirdi və mən də, hər dəfəsində deyirdim ki, siz müharibəyə hazırlaşırsınız? Cavabı eyni olurdu, yox.
Səmimi söhbətlərimizin birində dedi ki, əgər müharibə başlayarsa mən şəhid olacağam. Onun qorxduğu yalnız bir şey var idi, qızlarının atasız böyümələri, vəssalam!
26 sentyabrda gedən vaxtı da, mənə dedi ki, biz təlimə gedirik. Sonra televiziyadan gördüm ki, müharibə başlayıb. Biz hərbi şəhərcikdə qalırdıq, o nə qədər deyirdi ki, get valideyinlərimizlə qal, mən sanki onu tək qoymamaq üçün yox deyirdim. Zəng edən kimi Nilayı soruşurdu, deyirdi ki, yeriyir ya yox?
Mənimlə telefonla danışanda isə deyirdi ki, narahat olma gələcəyəm. Bizim şəhərciyə birinci şəhid xəbəri gələn günü mən sanki qəflət yuxusundan ayıldım. Fikir etməyə başladım ki, Valeh də, şəhid ola bilər. Valeh o qədər çox bilirdi, heç vaxt inanmazdım ki, o, da şəhid ola bilər. Oktyabrin 2-də zəng etdi bizimlə xeyli danışdı, daha sonra, ayın beşində zəng edərək, Aylinlə xeyli danışdılar. Aylin atasına çox bağlı uşaqdır. Aylindən soruşdu ki, evə gələndə sənə nə alım, o da, dedi ki, şirə al. Valeh də, dedi ki, indi ananla gedin, həmin şirədən sənə alsın, mən də, gələndə yenə alacağam. Sonuncu danışığımızda mənə dedi ki, hər şey əladır və mən hökmən qayıdacağam.
Döyüş yoldaşları deyir ki, biz öhdəmizə düşən bütün işləri ustalıqla etdik. Valeh zirehli maşına sonuncu mindi və həmin an minamyot zərbəsi aldıq, qapının yan tərəfindən qəlpə Valehin boğazından dəydi.
Döyüş vaxtı qanı saxlaya bilmədiklərinə görə Valeh həmin döyüşdə şəhid olub.
Valeh atasına çox bağlı idi, onlar tez-tez, birlikdə ova getməyi xoşlayardılar. Ümumiyyətlə ata-anasına, bacısına qarşı çox mehriban, istiqanlı idi. Mən təkcə həyat yoldaşımı, uşaqlarımın atasını itirmədim. Dostumu, atamı və hər şeyimi itirdim.
Valeh Bədəlov Müasir Azərbaycan Tarixində Öz Adını Qızıl Hərflərlə Yazanlardan Oldu. Ümumiyyətlə Valeh Bədəlov Kimi Qəhrəmanlarımız Şanlı Tarix Yazaraq, Bütün Dünyaya Azərbaycan Ordusunun Necə Güclü Olduğunu Göstərdilər.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü