Milli Məclisin üzvü Ceyhun Məmmədovun Diaspor info-ya müsahibəsini təqdim edirik:
-Prezident İlham Əliyev "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamın mahiyyəti nədən ibarətdir?
-Ümumiyyətlə, Azərbaycan dünyada dillərarası münasibətlərin ən yüksək səviyyədə olduğu ölkələrdən biridir. Dünyanın ayrı-ayrı yerlərində zaman-zaman dini müstəvidə münaqişələrin baş verdiyinin şahidi oluruq. Amma Azərbaycan burada mövcud olan dinlər arasında qarşılıqlı anlaşmanın olduğu ölkələrdəndir. Bu həm bizim dinimizdən, həm də bu tarixi mərhələni uğurla keçməyimizdən irəli gələn məsələdir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu sahədə ciddi addımlar atıldı. 1995-ci ildə qəbul olunan konstitusiyamızda bütün dillərin bərabər olduğu vurğulanıb. Baxmayaraq ki Azərbaycan müsəlman dövlətidir, yenə də bu dövrdən başlayaraq bütün dinlərə qarşı qayğı göstərilib. Sonrakı dövrlərdə də cənab Prezident tərəfindən bu siyasət davam etdirilib. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri sayılır. Bu da Prezidentin siyasəti nəticəsindədir. Azərbaycan dövləti bütün dinlərə diqqət və qayğı göstərir. Bu qayğının da təzahürü Prezidentin verdiyi sərəncamından ibarətdir.
-Azərbaycanın sülh təklifləri fonunda Ermənistanda da adekvat yanaşmalar müşahidə edilir. Sizcə, hər iki tərəfdə olan müsbət tendensiyalar prosesi sülhə nə dərəcədə yaxınlaşdıra bilər?
-Ümid edirik ki, sülh sazişi tezliklə baş tutacaq. Ermənistanın hazırki siyasi hakimiyyəti də son çıxışlarında bunu ifadə edir. Amma Ermənistan hal-hazırda növbəti bir ağrılı proses yaşayır. Onlar üçün sülhdən başqa çıxış yolu yoxdur. Ermənistanın daxilində Paşinyanın devrilməsi və ya qətli ilə bağlı siyasi proseslər gedir. Düşünürəm ki, Ermənistan xalqı da sülhün tərəfdarıdır. Amma Paşinyan bu mərhələni də adlaya bilər. Biz öz fikrimizi bildirmişik ki, sülh istəsələr sülhə, müharibə istəsələr müharibəyə hazırıq.
-Sərhəd xəttlərinin dəqiqləşməsi ilə bağlı erməni tərəfinin öhdəliklərə sadiq qalacağına nə qədər ümidli yanaşmaq olar?
-Ümumi tənzimlənmə prosesinə nəzər salanda bunun çox da asan olmadığını görürük. Ermənistan ta əvvəldən Rusiyaya güvənib. Rusiyanın da mövqeyi məlumdur. Biz Rusiya ilə müzakirələr edib, müqavilələr imzalayırıq. Azərbaycan Rusiya ilə elə münasibətlər tənzimləyib ki, bugünkü gündə Ermənistan Rusiyaya güvənərək hansısa əsassız iddialar qoya bilmir. Ermənistanın digər güvəndiyi yer isə Avropa İttifaqı idi. Amma ötən ilin dekabrında və 6 aprel tarixində cənab Prezidentin iştirakı ilə baş tutan görüşlərdə öz mövqeyimizi gücləndirdik. Ermənistanın bu ümidi də puça çıxdı. Hesab edirəm ki, müəyyən irəliləyişlər əldə edəcəyik. Amma proses Ermənistanda baş verən hadisələrlə bağlı uzana və ya sürətlə yekunlaşa bilər.
-Paşinyan Rusiyaya səfər edəcək. Görüş nə ilə yadda qalacaq?
-Ermənistan daha çox Qərb yönümlü, eləcə də müstəqil siyasət həyata keçirməyə çalışır. Amma Rusiyanın da bölgəyə marağı var. Rusiya heç bir vəchlə bu bölgənin onun nəzarətindən çıxmasını istəmir. Bu baxımdan hesab edirəm ki, görüşdə Rusiya-Ermənistan müttəfiqliyi müzakirə olunacaq. Yəqin ki, Rusiya Ermənistanla müttəfiqlik sənədi imzalamaq istəyir. Görüşdən sonra nəticələri daha yaxşı müşahidə edəcəyik. Əsas odur ki, biz Rusiya ilə öz istiqamətlərimizi müəyyənləşdirmişik.
-Paşinyanın “erməni xalqı qurbanlıq quzu olmaqdan xilas olmalıdır” açıqlaması Ermənistan cəmiyyətində nə dərəcədə adekvat reaksiyalar doğura biləcək?
-Paşinyanın dediyi şey çox vacib bir məsələdir. Əgər Ermənistan mövqeyi nəzərindən yanaşsaq, Paşinyan erməni xalqı üçün bir tapıntıdır. Bu 30 il ərzində ilk dəfə bir insan acı həqiqətləri və sülhün vacibliyini Ermənistan xalqına bildirdi. Ermənistan 30 ildir çox ciddi problemlər yaşayıb. Paşinyan da anlayır ki, Ermənistanın xilası Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Ermənistanın gələcəyi barədə düşünən hər bir şəxs də bunu başa düşür.
Müəllif: Ləman Əlizadə