Bu gün Azərbaycan tarixi qələbəni qeyd edir. 28 illik həsrət böyük qələbə ilə sona çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin əzmi xalqımızı bu qələbəyə çatdırdı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı. İşğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı və şanlı qələbəyə apardı. 44 gün davam edən hərbi əməliyyatlarla Azərbaycan Ordusu Ermənistanın 28 il ərzində qurduğu ordunu və istehkamları darmadağın etdi.
Prezident İlham Əliyevin də xalqa müraciəti zamanı dediyi kimi “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi. Noyabrın 8-də Ali Baş Komandan 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini verdi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Ermənistan kapitulyasiyası imzalamağa məcbur oldu. Aydın məsələdir ki, Şuşanın azad olunması Ermənistanı tam tərksilah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır. Ölkə başçısının da hər zaman dediyi kimi, Azərbaycan bu qələbəni döyüş meydanında qazandı.
Qarabağın döyünən ürəyi Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər qurultayı Azərbaycan tarixinə daha bir şanlı səhifə yazdı. Dünya Azərbaycanlılarının möhtəşəm Zəfərimizin rəmzi, mədəniyyət paytaxtımız olan Şuşada keçirilməsi çox böyük siyasi və mənəvi əhəmiyyətə malikdir. Bu, tarixi hadisədir, Qalib Azərbaycan xalqının böyük bayramıdır.
Tarixə Zəfər Qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli nitqində Azərbaycan diasporunun keçdiyi inkişaf yolundan və onların qarşısından çox önəmli vəzifələrin durmasından, bu qurultayın, məhz Şuşada keçirilməsinin siyasi əhəmiyyətindən bəhs edilir. Zəfər qurultayı xalqımızın Qalib xalq olduğunu, məğrur xalq olduğunu, öz ərazi bütövlüyü uğrunda ədalətli mübarizə apardığını nümayiş etdirdi. Bu qurultay bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qələbənin hərbi-siyasi yolla əldə olunmasında xalqla iqtidar birliyi, eləcə də dünya azərbaycanlılarının dövlətimiz başçısının ətrafında sıx birləşdiyini, Prezident-Xalq-Güclü iqtisadiyyat-Ordu vəhdəti başlıca rol oynamışdır. Zəfər qurultayının nümayəndələrinə tam şəkildə bəyan oldu ki, indi Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, bunu bütün mütərəqqi ictimaiyyət, qardaş və dost ölkələr də bilir. Həmçinin Azərbaycanın dünya dövlətləri ilə münasibətləri əvvəlki 30 ildəki münasibətlər deyil, indiki münasibətlər sülhün qorunmasına, iqtisadi - siyasi və mədəni əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə xidmət edir.
Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq! Biz gec-tez öz amalımıza qovuşduq. Bütün bu sevinc dolu günlər, tarixi qələbə Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində apardığı uzaqgörən siyasətin nəticəsidir. Onun rəhbərliyi ilə qurulan güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!
Rəvan Həsənov
Tərtər rayon icra hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi