Politoloq Anar Əliyevin “Səs” qəzetinə müsahibəsi
- Anar müəllim, Ermənistanda geniş kütləvi aksiyalar Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnə bilərmi? Bu halda regionda yeni müharibənin yaranması ehtimalı varmı?
- Bəli, Ermənistanda müxalifət hakimiyyəti dəyişmək məqsədi ilə fasiləsiz aksiyalara start verdiklərini bəyan ediblər. Artıq bununla bağlı Yerevan küçələrində kifayət qədər gərgin vəziyyət formalaşıb. Xüsusilə də, keçmiş prezidentlər olan Köçəryan və Sarkisyanın tərəfdarları revanşist düşüncəli insanlar Paşinyanın Azərbaycanla növbəti dəfə Ermənistanı məğlubiyyətə aparacaq razılaşma ərəfəsində olduğunu bəyan edərək cəmiyyətin hakimiyyətə qarşı müqavimətini formalaşdırmağa çalışırlar. Amma Paşinyan və onun komandasının da cəmiyyətə ötürə biləcəyi kifayət qədər əsaslı arqumentləri mövcuddur. Düşünürəm ki, Paşinyanın 6 aprel Brüssel görüşü və 19 aprel Moskva görüşündən sonra səsləndirdiyi müəyyən fərqli və ziddiyyətli fikirlər Ermənistandakı mövcud situasiyanı təhlil etməyə mahiyyətini dərk etməyə kifayət qədər imkan verir.
- Brüssel görüşündən sonra Azərbaycanla sülh razılaşmasından danışan Paşinyan Moskva görüşü və Putinlə danışıqlarından sonra fərqli mövqe ortaya qoyur. Paşinyanın mövqe dəyişkənliyi Ermənistan cəmiyyətini sakitləşdirmək üçün ifadə olunan mövqe olduğunu demək olar?
- 6 aprel Brüssel görüşündən sonra parlamentdə Nikol Paşinyanın səsləndirdiyi fikirlər eyni zamanda, hakim partiyanın nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər göstərirdi ki, Nikol Paşinyan artıq Azərbaycanla əməkdaşlığın xüsusilə də, Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipindən ibarət sülh danışıqlarının alternativinin olmadığını və Ermənistanın buna məcbur olduğunu və qəbul etdiyini bəyan etmişdi. Amma Moskva görüşündən sonra Nikol Paşinyanın ritorikasında müəyyən dəyişikliklər özünü göstərməyə başladı, xüsusilə də, yenidən “Dağlıq Qarabağ” əhalisi və onların təhlükəsizliyi təminatının verilməsi və s bu kimi indiyə qədər ki, müzakirələrdə və imzalanmış bəyanatlarda öz əksini tapmayan absurd fikirlər, ifadələr səsləndirməsi onu göstərir ki, bəli 6 aprel tarixində Brüsseldə keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında mühüm razılıqların əldə olunması müəyyən dairələri xüsusilə, rəsmi Moskvanı ciddi şəkildə narahat edirdi.
- Sizcə, bu narahatçılıq, əsasən, nədən ibarətdir?
- Birincisi, əsas narahatçılıq ondan ibarətdir ki, Ermənistanın Azərbaycanla münasibətlərinin tənzimlənməsi başqa platformada, başqa güclərin dominantlığı şəraitində baş verməsi Rusiya üçün Cənubi Qafqaz siyasətində ölüm-qalım dərəcədə əhəmiyyətlidir. Buna görə də, yeni bir platformada Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində addımların atılmasını rəsmi Moskva həzm etmək istəmir. Mümkün qədər Brüssel görüşlərinin nəticələrini sobataj edilməsi və Ermənistan Azərbaycan arasında münasibətlərin məhz Rusiyanın vasitəçiliyi ilə təmin olunmasının mümkün ola biləcəyini qəbul etdirmək və bunu cəmiyyətlərə ötürmək istəyir. Eyni zamanda, burada mühüm məqamlardan biri Avropa institutlarının Cənubi Qafqazda davamlı sülh əldə etməklə Rusiyanın bu bölgədə iştirakçılığını xüsusilə də, hərbi iştirakçılığına olan zərurəti aradan qaldırmaq və Rusiyanın bu bölgədən hərbi iştirakının aradan qaldırılmasına nail olmağa çalışır. Bunu rəsmi Moskvada çox gözəl dərk edir və dərk etdiyi üçün də Ermənistan - Azərbaycan arasında münasibətlərin birmənalı şəkildə və sürətli formada həll olunmasına müəyyən problemlər yaratmağa çalışır. Cəmiyyətlər arasına mümkün qədər idarə olunan gərginlik saxlamaqla bu gərginliklər fonunda özünün Cənubi Qafqaz maraqlarını həyata keçirmək istəyir.
- Necə düşünürsünüz, Azərbaycan-Ermənistan münasibətlərinin qurulmasına mane olan yalnız Rusiyadırmı?
- Haqlı sualdır, Ermənistan - Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə mane olan qüvvələr içərisində yalnız rəsmi Kremlini ittiham etmək olmaz, həm də bir sıra Qərbi Avropa dövlətləri də Ermənistan və Azərbaycan arasında münasibətlərin birmənalı şəkildə tam olaraq həll olunmasında o qədər də maraqlı deyillər. Onlar münaqişənin o həddə qədər həll olunmasında maraqlıdırlar ki, Rusiyanın bu proseslərdə iştirakına ehtiyac aradan qalxsın. Amma eyni zamanda, münaqişənin cəmiyyətlərarası münasibətlərin tənzimlənməsinin problemli olaraq o dərəcədə qalmasında da maraqlıdırlar ki, daim Qərb institutlarına, Qərb dövlətlərinə ehtiyac özünü nümayiş etdirsin və özünü göstərsin. Məhz bu ehtiyacdan irəli gələrək həmin dövlətlər Cənubi Qafqaz dövlətlərinə, xüsusilə, Ermənistan və Azərbaycana müəyyən təsir alətləri əldə edərək bu alətlər vasitəsilə region dövlətlərinin fəaliyyətinə onların davranışlarına nəzarəti həyata keçirə bilsinlər. Bu mənada, hesab edirəm ki, Ermənistanda baş verən proseslər həm də revanşist düşüncəli insanlarla yanaşı onların həm Rusiyada, həm də Qərbi Avropada mövcud olan havadarlarının sifarişlərinin nəticəsidir.
- Ermənistanda hakimiyyət dəyişikliyi baş verə bilərmi?- Ermənistanda hakimiyyət dəyişikliyi hələ ki, ciddi təhlükə deyil. Xüsusilə, ötən il keçirilən növbədənkənar parlament seçkilərində erməni cəmiyyətinin Nikol Paşinyana səs verməklə keçmiş prezidentlər Koçaryan və Sarkisyana “yox” deməklə, əslində, keçmiş prezidentlərə etimad göstərmədiyini bildirməklə yanaşı, həm də revanşist düşüncəyə, faşizmə “yox” dediyini nümayiş etdirdi. İndiki halda Ermənistan hakimiyyətində, Ermənistan cəmiyyətində Paşinyana ciddi alternativ mövcud deyil. Eyni zamanda, onu da qeyd edim ki, Ermənistanda Ter-Petrosyan hakimiyyətini çıxmaq şərti ilə bu günə qədər mövcud olan hakimiyyətləri heç biri rasional hakimiyyət olmayıbdır. Ona görə də, Paşinyan və ya digər bir şəxsin hakimiyyətdə olması Ermənistanın Cənubi Qafqaz münasibətləri ilə bağlı yeridə biləcəyi siyasətə ciddi təsir edə bilməyəcək. Xüsusilə, hətta Paşinyan və Sarkisyan cütlüklərinin revanşistlərin, faşist düşüncəli insanların hakimiyyətə gəlməsi belə Ermənistanı razılaşdırılmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il, Brüssel və Soçi razılaşmalarını pozmaq nə gücündə nə də iradəsində olacaqdır. Hesab edirəm ki, Ermənistanda hakimiyyətə alternativ qüvvələrdə nə ciddi bir siyasi iradə, nə də cəsarət mövcuddur. Onlar yalnız populistlərdir. Yəni ciddi siyasət adamları deyillər, onlar imzalanmış razılaşmalarla hakimiyyətə gələrlərsə, aralarında çəkişmələr baş verəcək. Bunu özləri də dərk edirlər. Elə bir addımın atılması həmin hakimiyyətin, həm də Ermənistanın birmənalı şəkildə məhv olması və dünyanın siyasi səhnəsindən silinməsinə gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, Paşinyan və ya digər hər hansı bir qruplaşmanın hakimiyyətdə olmasından asılı olmayaraq mövcud siyasi xətt davam etdiriləcək. Sadəcə, Azərbaycanla münasibətlərin tənzimlənməsi proseslərinin axarına, sürətinə müəyyən təsirlər ola bilər və bu addımların gecikməsi baş verə bilər.
Müəllif: Gülyana